
Su qıtlığının getdikcə kəskinləşdiyi bir dövrdə yaşayırıq. Əhalinin sayının sürətlə artması, meşələrin qırılması, ekosistemlərin deqradasiyası, su resurslarından düzgün və səmərəli istifadə olunmaması su çatışmazlığını yaradan əsas səbəblər hesab edilir. Son illər qlobal iqlim dəyişiklikləri də ciddi fəsadlar yaradıb. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. BMT-nin yaydığı statistikada deyilir ki, dünyada təxminən 2,2 milyard nəfər əhalinin təmiz içməli suya çıxışı yoxdur. 2050-ci ilədək suya tələbatın təxminən 40 faizdən çox artacağı gözlənilir ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər.
Problem ölkəmiz üçün də aktualdır. Çünki Azərbaycan regionda ən az su ehtiyatlarına malik olan ölkədir. Qlobal iqlim dəyişikliyi su resurslarının idarə olunmasına hansı yeni çağırışları yaradır?
Müsahimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu PHŞ-nin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Həsən Nəbiyevdir.

"Qar xəttinin yuxarı qalxması su balansına təsir edən amillərdəndir"
-Həsən müəllim, son onilliklərdə müşahidə olunan iqlim dəyişiklikləri Azərbaycanın su balansına necə təsir göstərib?
- Su balansına təsir edən amillər çoxdur. Buxarlanmanın çoxalması, yağıntıların azalması və.s. Üstəlik Azərbaycan ərazisinin 50 faizində yarımsəhra, quru çöl iqlimi hakimdir. Bizdə suvarmaya ciddi ehtiyac var. Qar xəttinin yuxarı qalxması da su balansına təsir edən amillərdəndir. Qar xətti əvvəllə 3500 metr götürülürdü, indi 3900 metrdir. Qar xəttinin yuxarı qalxması daimi qar örtüyünün sahəsini azaldır. Azərbaycanın şimal-şərq bölgəsində- Quba-Xaçmazda çaylar əsasən buzlaq və qar suları ilə qidalanır. Əgər bu durum bir neçə il davam edərsə, orada böyük problemlər- şirin çatışmazlığı yarana bilər.
-Qar qatının yuxarı qalxması yer səthinin qızması ilə bağlıdır?
-Bəli. Bu qlobal istiləşmənin nəticəsidir. Bizdə buzlaqlar 3900-4000 metr yüksəklikdə yerləşir. Şahdağ, Bazardüzü, Tufandağ və Bazaryurd zirvələrində. Kiçik bir buzlaq da Zəngəzur-Qapıcıqdadır. Onun sahəsi balacadır, əsas buzlaqlar Böyük Qafqazda yerləşir. Bizə gəlib çatan peyk məlumatlarına əsasən deyə bilərik ki, Azərbaycanda buzlaqların sahəsi sürətlə azalır.
"Yağıntıların artması günəş aktivliyi ilə bağlıdır"
-Bu proses neçə ildir başlanıb?
-Son 30 ildə qlobal qilim dəyişiklikləri öz təsiri göstərməyə başlayıb. Hər on ili götürsək növbəti ilin orta temperaturu əvvəlki ilin orta temperaturundan yuxarıdır. Bu, faktdır. Qlobal istiləşmə gedir. Dünyanın hər yerində isliləşməni antropogen amil kimi götürürlər. Ölkəmizdə qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə tədbirlər görülür. Atmosferdə istixana effekti yaradan qazların miqdarını azaldırıq. Amma bununla yanaşı təbii amillər də var. Onlardan biri günəş aktivliyinin artmasıdır. Günəşin 11 illik tsiklləri var. Hazırda bəşəriyyət günəşin 25-ci 11 illik tsiklində yaşayır. Bu tsikl, 2019-cu ildən 2030-ci illərə qədər davam edəcək. Hələ bizi qarşıda temperaturun artması gözləyir. 24-cü günəş tsiklində Rusiya alimləri demişdi ki, temperaturun azalması gedəcək. Amma belə olmadı, əksinə artma getdi. Biz də tədqiqat apardıq. Belə nəticəyə gəldik ki, sel və daşqınların, yağıntıların artması günəş aktivliyi ilə bağlıdır. Günəş aktivliyinin artması həmin hadisələrin çoxalmasına gətirib çıxaran meridianal prosesin nəticəsidir.
-Qar xəttinin yüksəlməsi yeraltı suların azalmasına təsir edir?
-Əlbəttə. Birbaşa və dolayı təsirlər var. Yer səthinin qızması yeraltı suların, çayların səviyyəsinə təsir göstərir. Temperatur artır, buxarlanma artır, yağıntı azalır. Bu proseslər baş verəndə yeraltı suların səviyyəsi aşaı düşür. Elə çaylarımız var ki, əsasən yeraltı sularla qidalanırlar.
-Xəzər dənizində su səviyyəsinin azalması nə ilə bağlıdır?
- Biz həmişə Azərbaycanda baş verən təbii hadisələrlə Avropada və Qərbi Sibirdə baş verən hadisələrin əlaqələrini izləyirik. Çünki havamız onunla bağlıdır. Atmosfer sirkulyasiyası tipləri W, E və C prosesləri ilə müəyyən edilir. E və C prosesləri zamanı şimaldan və cənubdan müdaxilə edən hava kütlələrinin sayı artır, qərbdən şərqə istiqamətlənən hava kütlələrinin sayı azalır. Bu da ölkəmizdə təbii-dağıdıcı hadisələrin artmasına səbəb olur. 2019-cu ildən indiyə qədər bu cür hadisələrin sayı həddindən artıq çoxalıb. W Qərb prosesləridir. Son 30 ildə baş verən hadisələrdə E+C meridinial proseslər üstünlük təşkil edir. W prosesləri tamamilə azalıb. W proseslərinin artması Xəzərin səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. E və C proseslərinin artması isə Xəzərin səviyyəsinin azalmasına səbəb olur. Xəzər dənizinin qidalanmasının 80 faizi Volqa çayının payına düşür. Volqa çayının hövzəsinə gələn yağıntıların əksər hissəsi Atlantik okeanından gələn hava kütlələridir. Biz ona Qərb prosesləri deyirik. O prosesin qarşısını həmin o E prosesi kəsir. Hazırda Avropada isti havalar müşahidə olunur. Afrikanın üzərində olan antisiklonun qolları Avropanı hasar kimi ortadan iki yerə bölür,alçaq təzyiq sahəsindən havanın bu ərazilərə gəlməsinə imkan vermir. Bütün orta Avropa: Moskva, Almaniyanın, Polşanın şəhərləri hamısı qalıb yüksək təzyiq yalının altında. Belə vəziyyətdə antisiklonik hava şəraiti yaranır. Hava dayanıqlı olur, uzun müddət bir yerdə qalır, qışda soyuq, yayda isti olur. Bu durum havanın olması Afrika istiliklərinin sərbəst şəkildə Avropaya daxil olmasına gətirib çıxarır.
- Hazırda Avropada istilər müşahidə olunur. Bu anormal istilər qitədə hansı proseslərə gətirib çıxara bilər?
- Bu isti havalar 2021-ci ildə də olmuşdu. Portuqaliyada havanın temperaturu 47 dərəcəyə çatmışdı. Finlandiyanın yuxarı hissələri ən soyuq yerlərdir. Orada da temperatur yüksəldi. 1 ay ərində temperatur 30 dərəcədən aşağı düşmədi. Buzlaqlar əriməyə başladı, yağıntı gətirən siklonlar buxarlanma nəticəsində rütubətlə doydular və cənuba doğru Almaniyaya tərəf axın etdilər. Bernt siklonu 2021-ci ildə böyük dağıntılar gətirdi. İyulun 12-dən 19-a qədər o proses davam etdi. 200 il ərzində təkrarlanmayan yağıntıya səbəb oldu. Belçika, Niderland, Avstriya, şimali İtaliyada minlərlə insanı evsiz-eşiksiz qoydu, 100-dən çox insan həlak oldu. Bizdə normadan artıq yağıntı düşəndə deyirlər ki, yağışa hazır deyilik. Almaniya da təbiət hadisələrinə qəfil yaxalandı. Doğrudur, hər ehtimala qarşı tədbir görülməlidir. Amma təbiət hadisələrinin qarşısını almaq olmaz. İqlim proqnozunu vermək çox çətindir. Avropanın üzərinə hava kütlələri qərbdən gəlir. Ola bilsin ki, hündür yal oxunun şərqə doğru yerdəyişməsinə səbəb ola bilər. Bu da Azərbaycanda istiləri artıra bilər. Bizdə Avropadan fərq odur ki, istiliyə öyrəşmiş xalqıq. Almaniya rütubətli yerdir. Bizdə isə quru iqlimdir. Ən yüksək temperatur 46 dərəcə Culfada qeydə alınır. Yarımsəhra zonası olan Kürdəmirdə də temperatur yüksək olur.
"Yağış sularından maksimum istifadə etmək lazımdır"
-Son illər baş verən intensiv yağışlar su mənbələrimizin səviyyəsinə təsir edirmi?
-Bu proseslər periodikdir. Daimi proseslər olsa bəli, müsbət təsir edə bilər. Qlobal istiləşmə dövründə yağıntıların miqdarı azalsa da, intensivliyi artıb. Onun da səbəbi yer səthinin həddindən artıq qızması, hava kütlələrinin şaquli surətdə yuxarı qalxmasıdır. Hava kütlələri nə qədər sürətlə yuxarı qalxırsa bir o qədər buludlar yüksək sürətlə inkişaf edir və yağıntıya səbəb olur. Yağış sularından maksimum istifadə etmək lazımdır. Yağış yağanda dolan təbii çökəklikləri, çalaları qoruyub saxlamalıyıq. Abşeronda, Hacıqabulda nə qədər güclü yağışlar yağdı. Elə istiqamətləndirmək olardı ki, yağış suyu çalalara dolsun və biz ondan istifadə edə bilək. Buxarlanmanın qarşısını almaq üçün qapalı anbarların yaradılması da yaxşı olardı.
"Suyun idarəedilməsi ilə bağlı ayrıca qurum yaradılmalıdır"
- Dünyada müasir su idarətetməsi modellərindən hansı daha səmərəli hesab edilir?
-Çay hövzələrini rayonların ərazisinə görə bölmək mümkün deyil. Suyun idarəedilməsi ilə bağlı ayrıca qurum yaradılmalıdır. Orada rəsmi qurumların təmsilçiləri də, yerli icmaların nümayəndləri olmalıdır. Onlar ciddi nəzarət etməlidirlər ki, su hara sərf olunur, harada istifadə olunur. Əsas məsələ suya qənaətdir. Suvarma sistemləri də yenilənməli, modern texnologiyalar tətbiq edilməlidir. Bəzən deyirlər ki, suvarmaya az ehtiyac olan bitkilər əkək. Ancaq bizim üçün ən vacib bitki pambıqdır. Pambıq isə çox su sevən bitkidir.
-Pambığı yağmurlama, damcı üsulu ilə suvarmaq mümkündür?
-Pambıq çox su tələb edir. Onu ancaq selləmə suvarma ilə qidalandırmaq mümkündür. Amma bu məsələdə də qənaət, səmərəli üsullardan istifadə yaxşı olardı. Bizdə su itkisi-təxminən 40 faiz-əsasən torpaq məcralı kanallarda baş verir. Kanalların beton məcrası demək olar ki, yoxdur. Suyun boru ilə daşınması qısa məsafələr üçün-kəndlərarası məqbuldur. Hazırda su idarəetməsində qarşıda duran əsas vəzifə su itkisinin qarşısının alınmasıdır.
Cavid Şahverdiyev
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsi çərçivəsində hazırlanmışdır. Bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".