“Ermənilərə Gümrüdəki rus kəşfiyyatı dəstək verir” Dünya

“Ermənilərə Gümrüdəki rus kəşfiyyatı dəstək verir”

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri: "Tiflis bilir ki, Kreml güvəniləcək tərəfdaş deyil"

"Ermənilərə Gümrüdəki rus kəşfiyyatı dəstək verir". Bu sözləri açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.
O, Moskva-Suxumi-İrəvan-Tiflis dəmiryolu vasitəsilə Cənubi Qafqazın tən ortadan bölünəcəyini bildirib: "102-ci baza Rusiya üçün strateji əhəmiyyət daşıyır. Həmin hərbi bazanın önəmi ondan ibarətdir ki, Rusiya hərbi kəşfiyyatı İran, Türkiyə və Cənubi Qafqazla bağlı burada kəşfiyyat və əks-kəşfiyyat işləri görür. Lakin indiki halda həmin hərbi hissəni istənilən zaman tam şəkildə təchiz etmək Rusiya üçün əlavə xərclər tələb edir. Rusiya bu məsələnin həlli yollarını axtarır. Bu gün Gümrüyə çatacaq mallar sadəcə hava yolu ilə və İran üzərindən daşınır. Bu isə çox bahalı maliyyə xərcləri tələb edir. İran üzərindən gedən malların təhlükəsizliyi qorunsa da, Rusiya yüklərin oradan daşınmasında maraqlı deyil. Çünki İran kəşfiyyatı Gümrüyə göndərilən bütün əşyalarla bağlı məlumatlı olur və onları siyahıya alır. Rusiya isə daima alternativ yollar axtarışındadır. Bu gün Rusiya Gürcüstanla bu məsələdə gizli danışıqlar aparır. Moskvanın apardığı gizli danışıqlar İvanişvili və onun ətrafı vasitəsilə həll edilir. Gürcüstanda Rusiyanın bu layihəsinə qarşı olanlar daha çoxdur. Çünki Gürcüstanın 2008-ci il yaraları hələ də sağalmayıb. Tiflis bilir ki, Kreml güvəniləcək tərəfdaş deyil və onun inkişafı yalnız Avropa Birliyi ilə NATO-dan keçir. Kremlin istəyi odur ki, Rusiyanın Gürcüstan və Ermənistanla dəmiryol xətti layihəsini gerçəkləşdirsin. Bu layihə gerçəkləşdiyi zaman Gürcüstanın milli təhlükəsizliyi birbaşa təhdid altına düşür. Həmin layihə yalnızca Gürcüstana deyil, həm də Azərbaycan üçün də milli təhlükəsizlik baxımından sərf etmir. Moskvanın bu proyektinin iqtisadi gücü o qədər də çox deyil və Rusiyadan başqa regionun heç bir ölkəsinə nəsə qazandırmayacaq. Kreml üçün bu çox vacib proyektdir, çünki onunla Cənubi Qafqaz tən ortadan bölünəcək. Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolu ilə Rusiya hər iki tərəfə siyasi və hərbi basqısını çoxaldacaq. Azərbaycan üçün isə, ümumiyyətlə, Gümrü bazasının varlığı açıq şəkildə təhdiddir. Bu gün Qarabağda keçirilən bütün əməliyyatlara Gümrüdəki hərbi kəşfiyyatı dəstək verir. Azərbaycan bu məsələ ilə bağlı kəşfiyyat məlumatlarına sahib olmalıdır. Bu, sübut olunarsa, siyasi qalibiyyət əldə etmək olar".