Ermənistanda demoqrafik fəlakət Dünya

Ermənistanda demoqrafik fəlakət

Qərbin proqnoz institutları 2015-ci ildə Ermənistan əhalisinin sayının 800 minə düşəcəyini ehtimal edirlər

Cavid

"Ermənistandan mühacirət dəhşətli ölçüyə qalxıb, buna görə də İrəvanda mənzil alanların sayı kəskin aşağı düşüb". Bu barədə Ermənistan Memarlar İttifaqının sədri Mkrtıç Minasyan bildirib.
Minasyan İrəvanda yeni tikilmiş binaların boş qalmasında günahkar iki mənbənin olduğunu deyir. Onun fikrincə, bina sahibləri əvvəl başdan düzgün siyasət yürütmədiyinə görə evləri sata bilmirlər.
Amma o, əsas günahkarın Serj Sarkisyan hakimiyyətinin olduğunu deyib: "Xalq hakimiyyətin laqeyd münasibəti üzündən ölkəni tərk edir", - deyə Minasyan vurğulayıb.
Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistan əhalisi təxminən 1 milyon nəfər azalıb. Statistikaya görə, hazırda Ermənistanda təxminən 2,9 milyon adam qeydiyyatdadır. Amma onların 840 mini rəsmi əmək miqrantı kimi Ermənistanı tərk edib. Yəni statistikaya inanılarsa, hazırda Ermənistanda 2 milyon adam yaşayır. Amma bu, erməni diasporunun yaydığı rəqəmlərdən 40 faiz artıqdır. Keçən il Ermənistanda monitorinq aparmış Avropa erməni diasporunun nümayəndələri ölkədə cəmi 1,4 milyon adamın yaşadığını vurğulayırdılar.
Ermənistan yeni müstəqillik qazananda ölkədə 4 milyona yaxın adam yaşayırdı. Yəni müstəqillik illərində respublika əhalisinin optimist statistika ilə 2 dəfə, pessimit statistika ilə isə 3 dəfə azaldığı ortaya çıxır. Qərbin proqnoz institutları 2015-ci ildə Ermənistan əhalisinin sayının 800 minə düşəcəyini ehtimal edirlər.
Demoqrafik cədvəlləri araşdıraq: 1990-cı ildə Ermənistanda 3 514 000 (3 milyon 514 min) adam yaşayırdı. 22 il sonra 2012-ci ildə əhalinin sayı 3 274 000 (2 milyon 274 min) nəfərə düşüb. Deməli 22 ildə əhalinin sayı 240 min azalıb. 2015-ci ilin əhali sayına dair iki rəqəm vardır: 3 010 000 (3 milyon 10 min) və 2 989 000 (2 milyon 989 min). Deməli 1990-cı ildən indiyədək, 25 ildə Ermənistan əhalisinin sayında bir hesaba görə 504 000, digər hesaba görə 616 000 azalma olub. Hal-hazırda ölkədə 2 975 314 (2 milyon 975 in 314) nəfər yaşayır. 2015-ci il ərzində 12 585 doğum, 8 285 ölən olub. Cari ilin dörd ayı ərzindı ölkəni tərk edənlərin sayı 3 682 nəfərə bərabərdir. Ölənlər, doğulanlar və mühacirət edənlərin sayı nəzərə alınsa, bu il Ermənistanda əhali artımı 617 nəfər olub. Mühacirət məsələsinə gəldikdə, müxtəlif mənbələrdəki məlumatlardan belə nəticə hasil olur, mühacirlərin əksəriyyətini işsizlik üzündən Rusiyaya işləməyə gedənlər təşkil edir. Uzaq xaricə daimi yaşamağa gedənlər azlıq təşkil edir.
Budur, Ermənistan yenə də xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Həmişə olduğu kimi, bu dəfə də ermənilərin "uğurlarından" yox, milli fəlakət səviyyəsinə çatmış mühacirət problemindən yazırlar. Dünyanın aparıcı informasiya vasitələrindən biri sayılan "BBC" teleradio korporasiyasının internet saytında "Ermənistan miqrasiyası-kəndlərdə yalnız qadınlar qalıb" başlığı altında yerləşdirilmiş məqalədə mənfur qonşularımızda kişilərin evlərini tərk etməsi, bütöv kəndlərin qadınların öhdəsində qalması barədə məlumatlar verilir. Mühacirət probleminin doğurduğu fəsadları Ermənistan rəhbərliyinin işğalçı siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirənlərin qələbəsi hesab etmək olar.
Məqalənin müəllifi Demien Makginnes yazır ki, Ermənistandakı QİÇS xəstələrinin əksəriyyəti Rusiyada yaşayan kişilərdir və onlar ölkədə bu təhlükəli virusun yayılmasında böyük rol oynayırlar.
D.Makginnes rəsmi məlumatlara istinad edərək, mühacirətlə bağlı rəqəmləri də açıqlayır. Ermənistanda işsizlik səviyyəsinin 7 faiz olduğunu vurğalayan müəllif hüquq müdafiəçilərinin rəsmi statiskaya inanmadıqlarına da toxunur. İşsizlik müavinətlərinin çox aşağı olduğundan əksər işsizlərin qeydiyyatdan keçmədiklərini yazan britaniyalı jurnalist əlavə edir ki, real rəqəm 30 faizə yaxındır. Hər il Ermənistanı 100 minə yaxın vətəndaşın tərk etdiyi qeyd olunan məqalə hüquq müdafiəçisi Karine Danielyanın kişi çatışmazlığına dair fikirlərilə yekunlaşır: "Bu, həqiqətən də ciddi problemdir. Qızların ərə getmək şansı olmayan nəsli yetişir. Ona görə ki, bütün oğlanlar ölkəni tərk edirlər. Buna görə də, hazırda Ermənistanda doğum səviyyəsi əhalinin sabitliyini qorumaq üçün çox aşağıdır".
Göründüyü kimi, ermənilərin ölkələrini kütləvi şəkildə tərk etmələrini nüfuzlu informasiya vasitələri də etiraf edirlər. Ən başlıcası, xarici mətbuat da mühacirətin Ermənistanda milli fəlakət səviyyəsinə çatması barədə məlumat verir. Ermənistan rəhbərliyi nə qədər təkzib etsə də, ölkədə ağır sosial-iqtisadi vəziyyət əhalinin artım səviyyəsinə ölümcül zərbə vurur. Əslində bu proses dünəndən başlamayıb. Erməni mühacirəti ölkə müstəqil olduqdan dərhal sonra başlayıb və başqa ölkələrin kirminal mühitini "zənginləşdirib". Məsələn, hələ 2002-ci ildə "Vaşinqton Fayl" beynəlxalq informasiya- analitik agentliyinin "Erməni mühacirəti qaçaqmalçıları yedirir və Ermənistan iqtisadiyyatını xilas edir" başlığı altında rəsmi saytında yerləşdirilmiş materialda ermənilərin yaxşı həyat arxasınca xarici ölkələrə üz tutduqlarına toxunulur. Maraqlıdır ki, məqalənin işıq üzü görməsindən 12 il ötməsinə baxmayaraq, sadalanan rəqəmlərin dəyişmədiyi, problemlərinsə daha da kəskinləşdiyi aydın olur.
Ermənistan vətəndaşlarının əsasən Almaniyaya, ABŞ-a, Belçikaya, Hollandiyaya, İsveçrəyə, Yunanıstana və Fransaya mühacirət etdiyini yazan agentlik əlavə edir ki, ermənilər öncə Rusiya və Ukraynaya, sonra isə Qərbə üz tuturlar. Agentlik bunu sadalanan ölkələrin pasportları ilə Qərbə getməyin bir qədər asan olmasıyla izah edir. Agentliyin məlumatında deyilir ki, Ermənistanı tərk etməyə çalışanlar arasında iş qabiliyyəti yüksək olan kişilər üstünlüyə malikdirlər.
"Vaşinqton Fayl" agentliyinin materialında daha bir maraqlı məqam kimi, mühacirətin Ermənistan üçün müsbət tərəflərinin olması barədə fikrə yer verilməsini də göstərmək olar. Agentliyin fikrincə, Ermənistan yeni iş yerləri açmaq imkanında deyil, respublikadan insanların getmələri işsizlik probleminin kəskinliyini azaldır. Doğrudan da, Ermənistan rəhbərliyi ən böyük strateji dəyərini-vətəndaşlarını ölkədən didərgin salmaqla uçurumun astanasında var-gəl etməyə üstünlük verir. Vətəndaşlarının çörək arxasınca başqa ölkələrə üz tutmalarına göz yummaqla rəsmi İrəvan sosial-iqtisadi fəlakətin həndəvərində fırlanır. "Vaşinqton Fayl"ın sözügedən materialının yayılmasından uzun müddət ötməsinə baxmayaraq, məqalədə yer alan problemlərin hələ də mənfur qonşumuz üçün aktuallığını itirmədiyi aydınlaşır.