Özümü müdafiə edərkən qətl törətdim - İki qardaşı bıçaqlayan taksi sürücüsü Hadisə

Özümü müdafiə edərkən qətl törətdim - İki qardaşı bıçaqlayan taksi sürücüsü

Bakıda qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs özünü iş üzrə qismən təqsirli bilib.

Təqsirləndirilən şəxs bildirib ki, o, özünü müdafiə edərkən ehtiyatsızlıqdan qətl törədib.

İttihama görə, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova bıçaqla xəsarət yetirib.

Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Sərxan Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.