“Bəzilərinin bu hadisədən məhdud siyasi məqsədləri naminə istifadə etmək cəhdləri rüsvayçılıqdır” Hadisə

“Bəzilərinin bu hadisədən məhdud siyasi məqsədləri naminə istifadə etmək cəhdləri rüsvayçılıqdır”

Musa Qasımlı: "İnsan qanı üzərində ucuz siyasət qurmaq cəhdinə heç bir ad verilə bilməz"

Jurnalist Rasim Əliyevin ölümünə görə futbolçu Cavid Hüseynov 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bunu hüquqşünas Tağı Hüseynov deyib. Onun sözlərinə görə, C. Hüseynovla Rasim Əliyev arasında hadisə baş verməmişdən öncə telefon danışığı olub: "R.Əliyevin anasının dediyinə görə, Cavid oğlu ilə Elşən İsmayılovun görüşməsini israrla istəyib". Hüquşünas hesab edir ki, bu deyilənlər sübuta yetirilmiş olarsa, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər:
"Hazırda istintaq gedir. Təbii ki, ən son sözü hüquq-mühafizə orqanlarının əməkdaşları deyəcəklər. Amma proseslər göstərir ki, C. Hüseynov görüşü özü təşkil edib. Futbolçunun R. Əliyevlə telefonla danışaraq, onun bibisoğlu ilə görüşməsini istəməsindən bir dəqiqə sonra E.İsmayılov jurnalistə zəng edərək harda görüşəcəklərini soruşması şübhə doğurur. Amma bu, daha dəqiqliklə istintaq zamanı bilinəcək. Qeyd etdiyim kimi, bütün bunlar sübut olunmuş olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər".
İstənilən halda jurnalistlərə qarşı zor tətbiq etməni pisləyən T.Hüseynovun fikirincə, istintaq zamanı C.Hüseynovun bibisioğlunu jurnalistlə sadəcə görüşüb, danışmaları üçün göndərdiyi aydınlaşarsa, onda futbolçu cinayət məsuliyyətindən azad ola bilər:
"Hər şey istintaq və dindirilmələrdən sorna məlum olacaq. Dindirilmə zamanı C.Hüseynovla bibisioğlu E.İsmayılovun dedikləri üst-üstə düşərsə, sadəcə R.Əliyevlə danışmaq üçün getdikləri sübut olunmuş olarsa, C. Hüseynov günahsız hesab oluna bilər. Buna görə də o, cinayət məsuliyyətinə cəlb oluna bilməz".
Millət vəkili, professor Musa Qasımlı isə deyib ki, Azərbaycanda avqustun 9-da jurnalist Rasim Əliyevin ölümü ilə bağlı baş verən hadisəni Prezident İlham Əliyevin öz nəzarətinə götürməsi dövlətimizin ciddi narahatlığından xəbər verir və bu, bir daha göstərir ki, baş verən ölüm hadisəsi dövlət siyasətimizin əleyhinədir.
Onun sözlərinə görə, bu hadisəni törədənlər dövlətimizin qanunları qarşısında cavab verməlidirlər: ""İlk növbədə, həyatını itirən jurnalistə uca yaradandan rəhmət, ailəsinə, qohumlarına və yaxınlarına səbr diləyirəm. Bu hadisə Azərbaycan dövlətinin KİV siyasətinin üzərinə kölgə düşürür və ona daban-daban ziddir. Çünki dünyanın heç bir ölkəsində jurnalistə bizdəki qədər qayğı göstərilmir. Onlara dövlət tərəfindən mənzillər verilir, qəzet redaksiyalarına Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının xətti ilə yardımlar edilir. Ölkədə senzura yoxdur. Jurnalist öz fəaliyyətində tam sərbəstdir. Qələm sahiblərinə "bunu yaz, onu yazma, belə yazma, elə yaz" deyən yoxdur. Kim nəyi və necə istəyirsə, elə də yazır".
M.Qasımlı deyib ki, bəzilərinin bu hadisədən məhdud siyasi məqsədləri naminə istifadə etmək cəhdləri yolverilməz, rüsvayçılıq , milli adət-ənənələrimizə və mərhumun ailəsinə hörmətsizlikdir.
Deputat bildirib ki, insan qanı üzərində ucuz siyasət qurmaq cəhdinə heç bir ad da verilə bilməz.
Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.
Qeyd edək ki, avqustun 8-də döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb.
Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.