Deputat: “Qardaş Türkiyə tarixin bu ağır sınağından da şərəf və ləyaqətlə çıxdı” Siyasət

Deputat: “Qardaş Türkiyə tarixin bu ağır sınağından da şərəf və ləyaqətlə çıxdı”

“2016-cı il iyul ayının 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd oldu və o zaman xalq öz prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ətrafında birləşərək dövlət çevrilişinin qarşısını aldı. Bir qəhrəmanlıq dastanı yazdı, 253 nəfər şəhid verdi, 2196 nəfər xəsarət aldı, amma Türkiyə xalqı, dövləti öz prezidenti ətrafında monolit birlik nümayiş etdirərək terrora yox dedi, onunla ölüm-dirim savaşına girdi və bu qanlı cinayəti törətmiş FETÖ terror təşkilatına qarşı mübarizənin əsası qoyuldu”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

Deputat bunun bir ümumxalq qələbə olduğunu vurğulayıb: “Bu, ictimai sifariş idi və nəticədə Türkiyənin müxtəlif dövlət qurumlarında özünə yer tapmış, möhkəmlənmiş FETÖ terror qruplaşmasının nümayəndələri həbs edildi, onlara qarşı cinayət işi açıldı və Türkiyə dövləti daha da möhkəmləndi. Doğrudan da 15 iyul hadisələri Türkiyənin qədim və zəngin dövlətçilik tarixinin qəhrəmanlıq salnaməsidir. Əgər o zaman bu dövlət çevrilişi baş versəydi, onda Türkiyədə vətəndaş müharibəsi törədilmiş olardı. Qardaş-qardaşa güllə atardı və bu, türk xalqının böyük faciəsi olardı. Ona görə də müdrik Türkiyə xalqı bir yumruq kimi birləşdi, öz prezidentinin ətrafında monolit birlik nümayiş etdirdi. Nəticədə, qardaş Türkiyə tarixin bu ağır sınağından da şərəf və ləyaqətlə çıxdı”.

E.Nəsirov Türkiyənin bu çox mürəkkəb çağlarında qardaş Azərbaycan dövlətinin onun yanında yer aldığını bildirib: “Biz Türkiyədə haqqı, ədaləti, dövlətçiliyi müdafiə etdik. Bu siyasətin də müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Harada ki Türkiyə var, orada Azərbaycan var və harada ki Azərbaycan var, orada Türkiyə var. Biz strateji, hərbi müttəfiqik, dost və qardaşıq. Eləcə də biz həm ağır, həm xoş günlərdə bir yerdəyik. Dövlət çevrilişinə cəhdlə bağlı 15 iyul hadisələri bu həqiqəti bir daha sübut etdi”.

Röya İsrafilova