Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır Hadisə

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

WhatsApp ani mesajlaşma və səsli rabitə xidməti daim yeni funksiyalar əlavə edir. Sistematik olaraq yenilənən və populyar olan messencer təkcə qanunsevər istifadəçilər üçün deyil, həm də xidmətdən müxtəlif növ saxtakarlıq sxemlərini həyata keçirmək üçün istifadə edən təcavüzkarlar üçün daha cəlbedici ünsiyyət vasitəsinə çevrilir.

Kaspersky mütəxəssislərinin bildirdiyinə görə, messencerin populyarlığının artması fırıldaq sxemlərinin sayının artması ilə birbaşa bağlıdır. Təcavüzkarlar qurbanla əlaqəni rəsmi saytlardan, məsələn, şəxsi satış elanlarının yerləşdirilməsi və ya birgə səfərlərin təşkili xidmətlərindən şəxsi söhbətlərə köçürmək üçün çox vaxt WhatsApp-dan istifadə edirlər. Bu hallarda istifadə edilən sxemlər kifayət qədər standartdır: onlar fişinq keçidi göndərə, SMS-lə gələn birdəfəlik şifrəni əldə etməyə cəhd edə və ya istifadəçiləri başqa hərəkətləri yerinə yetirməyə inandıra bilərlər.

Aşağıda digər sxemlər də qeyd olunub.

Məsələn, fırıldaqçılar messencerdən kommersiya şirkətləri ilə onların müştəriləri arasında əlaqə vasitəsi kimi istifadə edə bilərlər. Belə ki, təcavüzkarlar Covid-19 pandemiyasından istifadə edərək, özlərini müştərilərin çatdırılma xidmətlərində tez-tez problemlərlə üzləşdiyi onlayn mağazaların nümayəndələri kimi təqdim ediblər. Onlar gömrük xərclərini ödəməyi və ya bağlamanın çatdırılması üçün əlavə ödəniş etməyi tələb edərək müxtəlif dillərdə sorğular göndəriblər. Eyni zamanda, mesaja əlavə edilmiş linklərə klikləmək və ya göndərilən faylları açmaq zərərli proqramların cihaza yüklənməsinə və ya fişinq saytlarına keçidə yol aça, nəticədə bank kartı məlumatlarının və digər şəxsi məlumatların oğurlanmasına səbəb ola bilər.

Təcavüzkarlar həmçinin WhatsApp-da çatdırılma ünvanlarının tapılmadığı iddia edilən bağlamaların “uduşa qoyulduğu” saytların yaradılması ilə bağlı saxtakarlıq sxemindən istifadə edə bilərlər. Bu cür saytlar məzmunu məlum olmayan “uduşlara” mərc qoymağı təklif edə bilər. Ancaq kampaniyanın sonunda qalib həm pulunu itirir, həm də əliboş qalır.

“İstifadəçilərə ayıq-sayıq olmağı, rəsmi mənbələri yoxlamağı tövsiyə edirik və unutmayın ki, əgər bir şey həqiqət ola bilməyəcək qədər yaxşı görünürsə, bu, çox güman ki, saxtakarlıqdır. Bütün cihazlara, o cümlədən, mobil cihazlara aktual fişinq və spam resurslarınına malik təhlükəsizlik həlli quraşdırmaqda fayda var”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Fırıldaqçıların tələsinə düşməmək üçün bir neçə əsas qaydaya əməl etmək lazımdır:

  • hətta şəxsən tanıdığınız şəxslərdən də şübhəli mesajlar alarkən diqqətli olun;
  • linklərə keçid etməzdən əvvəl yazı xətalarını və ya digər şübhəli uyğunsuzluqları yoxlayın: əgər link şübhə doğurursa, saytın ünvanını axtarış sisteminə daxil etmək və hər simvolu müqayisə etmək lazımdır;
  • şübhəli linkləri yaymayın, çünki fişerlər insanların dostları tərəfindən göndərilənlərə daha çox güvəndiklərini anlayaraq, istifadəçilərdən tez-tez öz kontakt siyahısı ilə zərərli link paylaşmağı xahiş edirlər;
  • asan qazanc təkliflərindən, uduşlar haqqında bildirişlərdən, nəyisə pulsuz təqdim edən vədlərdən ehtiyatlı olun;
  • əksər dələduzluq resurslarını avtomatik bloklayan etibarlı təhlükəsizlik həlli quraşdırın.