Uyğur ədəbiyyatının üçüncü dövrü Hadisə

Uyğur ədəbiyyatının üçüncü dövrü

Bura tərənnüm, mədhiyyə ədəbiyyatının nümayəndələri daxil edilir


IV yazı

Abdurihim Teleşov Ötkür (?.06.1923, Qumulda kəndi). Onun 1940-cı illərdə yazmış olduğu "Muzulqan şəhər" (Donan şəhər), "Bahar çillaymən" (Baharı çağırıram), "Cənubka xət" (Gü¬neyə məktub), "Tan zibasi yokmidur" (Dan gözəli yoxmudur) adlı şeirləri, "Yeni Çunqo Gülistanina" (Yeni Çin Gülistanına), "Keşker geçəsi" (Kaşqar gecəsi) dastanlarını, "Tamçə kandin miliyonlaran çeçəklər" (Damla qandan milyonlarca çiçək), "Çin moden" dramlarını, "Dənizdin sada" (Dənizdən səda), "Baş egim" (Baş geyim) kimi hekayələri var.
Bu haqda Ə.Şamilin araşdırmalarından bilgi almaq olur: "1946-ci ildə "Yürək munliri" (Ürək fəryadları), 1948-cı ildə "Tarim boyliri" (Tarım boyları) şeirlər kitabları çap olunub. 1950-1970-ci illərə qədər "Vicdan boyliri" (Vicdan boyları), "Səcdiqahımqa" (Səcdəgahıma), "Tova dep tuttum yaka" (Tövbə deyərək yaxa cırmaq), "Küz keçisi" (Payız gecəsi), "Nəvai gəzəligə muxəmməs" (Nəvainin qəzəlinə muxəmməs), "Ak emes saçimdiki" (Ağ deyil saçımdaki), "İz", 1970-ci ildən sonra isə "Yaxşi", "Sərlevhisiz şeirlar", "Ömür hekkidə muxəmməs" (Ömür haqqında muxəmməs), "Keşker güzəligə" (Kaşqar gözəlinə), "Mən ağ bayraq emes" (Mən ağ bayraq deyiləm) kimi lirik şeirlər yazıb. "Uluq ana hekkidə çöçək", (Ulu ana haqqında çiçək), " Gül və azqan" (Gül və yabanı gül), "Şeir və şair", "Kaştişiqa mədhiyə" (Süs daşına mədhiyə) kimi əsərləri, "İz" və "Oyqanqan zəmin" adlı romanlar yazmış ədib 1995-ci il oktyabrın 5-də Urumçidə vəfat edib".
Bəs Turqun Almas kimdir?
(?.10.1924, Kaşqar şəhəri). Şair və tarixçi kimi tanınıb: "İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sonra da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir. Turqun Almas "Pıçaq" dramını yazıb, "Tarım şamalları" (Tarım yelləri), "Tan səhər" (Dan səhəri) kimi şeir kitablarını və "Hun tarihi", "Uyğurlar" adlı tarix kitablarını çap etdirib". 1922-ci ilin avqustun 22-də Qulca şəhərinin Xudyar Yüzi kəndində doğulan Elkem Ehtəm 1930-cu ildə Korqas qəsəbəsində doğulan Tayipcam Ali və başqaları da yeni uyğur ədəbiyyatının seçilən nümayəndələrindən sayılır: "Elkem Ehtem "Tan" (Dan), "Tanq atti" (Dan attı), "Tan atkanda" (Dan atarkən), "Könüllər güldi" (Gönüllər güldü), "Ümid dolkunliri" (Ümid dalğaları), "Küreş dolkunliri" (Savaş dalğaları), "Yeniş dolkunliri" (Zəfər dalğaları) kimi şeirləriylə yanaşı "Saadetxan", "Alvasti" kimi lirik dastanları, Tayipcan Ali isə "Şark nahşısı" (Şərq mahnısı), "Tıçlık nahşısı" (Sülh mahnısı), "Tüqümes nahşa" (Bitməz mahnı), "Vətənimni köyləymən" (Vətənım üçün yanıram), "Zepmu çıraylık gəldi bahar" (Nə qədər xoş gəldi bahar) adlı şeir kitablarıyla tanınır. Tayipcan Ali 1989-cu ildə vəfat edib: "1950-1980-ci illər uyğur ədəbiyyatının tanınmış yazıçı və şairləri sırasında Erşiddin Tatlık, Turdi Samsak, Abdulkərim Xoca (1928-1988), Zordun Sabir, Sultan Mahmut (Kaşqarlı), Muhəmmətcan Sadiq, Cebbar Əxmət, Muhəmmət Ali Zunun, Ehad Turdi, Boğda Abdulla, Abdulhamid Sabir, Mırzayit Kərim, Mamut Zayit, Tursunay Hüseyin, Dilbər Keyum və b. adı çəkilir".
Uyğur ədəbiyyatında sosializmin tərənnümü
məsələsinə toxunan araşdırmaçı bildirir: "1949-cu ildə Çinin yenidən Doğu Türküstanı işğal etməsi, sosializm quruculuğu adı altında aparılan kütləvi həbslər və təqiblər ədəbiyyatdan milli məsələni demək olar, tamam çıxardı. Sosializmi, kommunizmi, Mao-Ze-Donqu, Çin işğalını tərənnüm edən bədii yazılara geniş meydan açıldı. Yaşlı nəslin bir çox nümayəndələri də hakimiyyət orqanlarının təzyiqlərinə tab gətirməyərək sifariş ədəbiyyatı nümunələri yaratdılar. Uyğur ədəbiyyatının üçüncü mərhələsinə tərənnüm və mədhiyyə ədəbiyyatının nümayəndələri daxil edilirlər. Onlarda da bizdəki kimi sosializm realizmi adı altında keçmişin tənqidi, real əsasları olmayan xoşbəxt gələcəyin tərənnümü, fəhlə və kəndlilərin firavan həyatı əsas yer tutur. Xalqın gerçək fikir və duyğularını, görüşlərini əks etdirən əsərlərə mətbuatda yer verilməz, vətən haqqında, millət haqqında tarixi həqiqətləri yazanları "millətçilikdə", "türkçülükdə", "əksinqilabçılıqda" suçlayıb cəzalandırırdılar. Hətta şeirlərdə "Tanrı dağı", "Tarım çayı" kimi kəlimələrin işlədilməsi də qadağan edilmişdi.
Maonun ölümündən sonra Çində bir yumşalma hiss edilir. Uyğur ədəbiyyatı üzərindəki sərt sensor nəzarəti yumşalır. Ana dilində kitabların nəşri üçün böyük şəhərlərin əksəriyyətində nəşriyyatlar açılır. Ədəbi nəşrlərin də sayısı çoxalır. "Tarım", "Köprük" (Göstəri), "Şincan sənəti", "Miras", "Bulaq", "Çolpan" (Dan ulduzu), "Kaşqar ədəbiyyatı və sənəti", "Turpan", "Qumul ədəbiyyatı", "Aksu ədəbiyyatı və sənəti", "İli dəryası", "Bostan", "Tenri Tağ" (Tanrı dağı) və b. jurnalları nəşr olunmağa başlayır. Bu jurnallarda milli dəyərli bədii, elmi əsərlər də çap olunur. Beləcə, Uyğur şair və yazıçıları əsərlərini rahat nəşr etmək imkanı qazanırlar. Uyğur ədəbiyyatında bir irəliləmə hiss edilməyə başlayır. Şair və yazıçılar tarixi hadisələrdən bəhs edən bədii və elmi əsərlər yaradırlar. Bu əsərlərin içində Abdulla Talıbın 1981-ci ildə Lutpulla Mütəllipin həyatından bəhs edən "Kaynam örkişi", Abdurihim Ötkürün 1980-ci ildə çap etdirdiyi "Kaşqar kecesi" (Kaşqar gecəsi) dastanı və 1985-ci ildə çap etdirdiyi "İz", Xevir Tömürün 1980-ci ildə çap etdirdiyi "Molla Zeydin qissesi", "Əli" adlı tarixi romanı və Abduxaliq Uyğurun həyat mübarəzəsindən bəhs edən "Baldur oyanan adem" (İlk oyanan adam), Turdi Samsakın 1986-ci ildə çap etdirdiyi "Axirəttin gəlgənlər" (Axirətdən gələnlər), Qayrət Abdullahın 1983-cü ildə çap etdirdiyi "Taş abidə" romanları, Teyipcan Hadinin Mançu-Çin hökümdarlarının zulmünə qarşı 1864-1867-ci illərdə uyğurların İli vilayətindəki üsyana rəbərlik etmiş Sadır Pəlvanın fəaliyyətindən bəhs edən "Pəlvan gəldi" (Pəhlivan gəldi) hekayəsi, Muhməd Ali Zununun 1981-ci ildə Rabia Seyiddin, Ahmet Ziyatinin sevgi və azadlıq yolunda mübarizə apararaq sonunda qurban olan iki gəncin hekayəsini anladan, on mindən artıq misradan ibarət olan "Rabiyə ilə Sayddin" dastanları daha çox diqqətiçəkəndir".
Lakin bu, o qədər də uzun sürmür: "1990-cu ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır. 1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Turqun Almasın "Uyğurlar", "Hun tarihi", "Əski uyğur ədəbiyyatı" kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təftişinə başlanılır. Turqun Almas və diğər nüfuzlu uyğur ədibləri "pantürkist", "Uyğur şovinisti", "separatçı" deyə suçlanır, təqib və tənqidlərə məruz qalırlar. Beləliklə, Uyğur ədəbiyyatının inkişafı ləngidilir, təkrar durğunluq dövrünə dönülür. Bütün bunlara baxmayaraq Teyupcan Əliyop (1930-1989), Qəyyum Turdi (1937-1997), Muhəmmətcan Sadiq (1934), Boğda Abdulla (1941), Qurban Barat (1939), Osmancan Savut (1946), İmin Əxmədi (1944), Muhəmmətcan Raşidin (1940), Ruzi Sayit (1943-2001), Zordun Sabir (1937-1998), Xevir Tömür (1922-1991), Əxət Turdi (1940), Calalidin Bəhram (1942), Məmtimin Hoşur (1944), Muhəmmət Bağraş (1952), Xalidə İsrail (1952), Əxtəm Ömər (1963), Toxti Ayup (1945), İbaydulla İbrahim (1951), Nurmuhəmmət Toxti (1949), Abdulla Savut (1950), Abduşükür Muhəmmətimin (1934-1995), Əxmət İmin (1950) və b. üçünçü dövr uyğur ədəbiyyatının apa¬rıcı ədiblərindən sayılırlar".
Ə.Şamil bildirir ki, Azərbaycan araşdırıcılarından Güllü Yoloğlu, Vüqar Mustafa, Qətibə Vaqifqızı və başqaları uyğur mədəniyyəti, folkloru, tarixi və ədəbiyyatı ilə bağlı qəzet və jurnallarda bir sıra maraqlı məqalələr dərc etdiriblər. Doğu Türküstanda ənənəvi janrlarda əsərlər çox yazılsa da, 1930-cu illərədək Avropa metodları ilə yazılmış pyeslərə rast gəlinmir. 1934-40-cı illərdə uyğur teatrlarında yerli müəlliflərin əsərləri ilə yanaşı, Ü.Hacıbəylinin "Arşın mal alan" operettası və özbək şairi Həmzə Həkimzadə Niyazinin 1918-ci ildə yazmış olduğu "Bay və muzdur" pyesi tamaşaya qoyulur. Bu əsərlər səhnədə həmişə alqışlarla qarşılanır.
Araşdırmaçı Ə.Şamil vurğulayır ki, tamaşalarda aktyorluq, rejissorluq, bəstəkarlıq da edən gənc Lutpulla Mütəllip xalq dastanları əsasında hazırladığı "Qərip ilə Sənəm", "Tahir ilə Zöhrə" operalarını da xalqının mühakiməsinə verir: "Ümumiyyətlə, Çin imperiyasının zəiflədiyi 20-ci yüzilliyin birinci yarısını uyğurlarda milli şüurun yüksəlişi, 30-40-cı illəri isə uyğur dramçılığının "altun dövrü" adlandırmaq olar. Çünki bu dövrdə Lutpulla Mütəlliplə yanaşı Zunun Qədiri, Hamit Hakim, Ziya Səmidi, Qasimcan Qəmbəri kimi sənətkarlar "Cəhalətin cəfası", "Qönçəm", "Gülnisa", "Samsak ağa hirsləndi", "Kürəş qızı", "Gerçək modern", "Borandan sonrakı aydınlıq", "Qanlı dağ", "Zülümə zaval", "Pirixun", "Əmət ilə Sərrap" və s. dram əsərlərini yazıblar. Uyğur araşdırıcılarına görə, bölgədə teatrın mənşəyi çox qədimlərə gedib çıxır. Refik Ahmet Sevengil "Türk tiyatrosu Tarihi. Eski Türklerde Dram Sanatı" kitabında yazır: "Çinde hükümdar olan ilk üç sülalenin kurucuları da Türktür. Bunlar miladdan önce 2202 yılından başlayaraq miladdan önce 250 yılına kadar hüküm sürmüşlerdir. Görülüyor ki, Çinde ilk defa tiyatrodan bahsedilmesi - yani 1150-türklerin idaresi zamanına aittir…. Çinde dram sanatını himaye edenler ve ilerletenler Türkler olduğu gibi, orada bu sanatı kurmuş olanlar da Türklerdir".

Uğur