Səlim Müslümov Qazaxda 5 rayonun sakinləri ilə görüşüb Hadisə

Səlim Müslümov Qazaxda 5 rayonun sakinləri ilə görüşüb

Tural

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda bu rayonun və Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Vətəndaşların müraciətlərində məşğulluğun təminatına və bərpa müalicəsinə kömək göstərilməsi, imtiyazlı şəxslərin mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, əmək pensiyasına hüququn müəyyən olunması və s. məsələlər əhatə olunub. Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciət obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, müvafiq hallarda vətəndaşlara hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı elə yerindəcə tədbirlər görülüb. Vətəndaşların bir qisminin müraciətlərinə əsasən onların və ya yaxınlarının bərpa müalicəsinə köməklik göstərilməsi üçün onlar qeydiyyata alınıb, bir sıra vətəndaşlar münasib iş yerlərinə göndərişlə təmin olunublar. Həmçinin əmək hüquqlarının müdafiəsi, əmək pensiyası hüququnun müəyyən olunması və s. ilə bağlı qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi barədə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi də mənzil tikintisi üçün növbəyə dayanmaqla bağlı olub. Belə şəxslərə izah olunub ki, imtiyazlı şəxslərin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, rayon (şəhər) İcra Hakimiyyətləri tərəfindən həyata keçirilir.
S.Müslümov artıq 3 aydır ki, ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılmış şəraitdə fəaliyyət göstərdiyini, artıq bu sahədə məmurla vətəndaş arasında təmasa imkan verən heç bir məqamın mövcud olmadığını qeyd edib: "Ona görə də son aylarda vətəndaşlar tərəfindən bu sahə ilə bağlı edilən müraciətlər dəfələrlə azalıb, edilən müraciətlər də əsasən sorğu xarakteri daşıyır. Bunu avtomatlaşdırılmış pensiya və tibbi-sosial ekspertiza sistemlərinə də aid etmək olar. Yəni bu gün həmin sahələrdə şəffaf xidmətlər sistemi fəaliyyət göstərir".