DSK üzvü prezidentə müraciət edib Hadisə

DSK üzvü prezidentə müraciət edib

24 daylı Nizami birinci Dairə Seçki Komissiyasının, Naxçıvan MR Ali Məçlisinin sabiq deputatı Telman Siyabov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident!
Sizə müraciət edərək bildirirəm ki, oğlum Siyabov Orxan 01 noyabr 2013-cü il tarixdən 28 iyul 2014-cü il tarixinədək "Nataxtari" limonadlarının satışı ilə məşğul olan "EVE-S" MMC-də satış təmsilçisi vəzifəsində işləyib. İşlədiyi müddətdə heç vaxt işdən yayınmayıb. Yalnız 24 iyul 2014-cü il tarixdə xəstələnərək bir neçə gün işə getməyib. Həmin vaxt MMC-nin bölgə müdiri işləyən Səlim Salehov bundan istifadə edərək, 26 iyul tarixdə heç bir akt tərtib etmədən maşının qapısını təmir sexində kəsici alətlə sındırmış, oğluma məxsus malları satış obyektlərinə dağıtmışdır. Həmin avtomobilin sürücüsü də bu faktı təsdiq edir. Həmin vaxt maşında 4 000 AZN dəyərində mal olduğu halda, sonradan tərtib olunan saxta aktla malların dəyəri 1020 AZN göstərilmişdir. Halbuki 24 iyul 2014-cü il tarixdə, saat 18:15-də oğlum Siyabov Orxan anbardan 1800 manat dəyərində mal götürüb, maşına yükləyərək anbarın həyətində saxlayıb. Daha öncə qeyd etdiyim kimi, xəstə olduğu üçün 2 gün ərzində işə çıxmayıb.
Hörmətli cənab Prezident!
Oğlumu 28 iyul 2014-cü il tarixdə işdən azad etdikdən sonra, MMC rəhbərliyi dəyəri 15500 AZN olan 9 saxta qaimə-faktura tərtib edərək, cinayət işinin açılması üçün sənədləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib.
Oğlum işdən çıxarkən 7 000 AZN dəyərində 200-dən artıq ticarət obyektlərində olan malları MMC-yə təhvil verib. Ancaq MMC-nin satış müdiri Hüseyn Rzayev və Səlim Salehov həmin aktın əvəzinə 1800 AZN məbləğində saxta təhvil-təslim aktı tərtib edərək Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə göndəriblər.
Cənab Prezident!
Nəzərinizə çatdırıram ki, həmin 15500 manatlıq qaimə-fakturaların saxtalaşdırıldığını ekspertlər də təsdiq ediblər. Bundan əlavə, 1800 manatlıq akta oğlumun əvəzinə başqa şəxsin qol çəkməsi də ekspertlər tərəfindən təsdiqlənib. Bütün bu saxtakarlıqlara baxmayaraq, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev cinayət işi açaraq oğlumu Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilərib və işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.
Bir ilə yaxındır ki, məhkəm prosesi davam edir. Qeyd edim ki, məhkəmə saxta sənədləri Məhkəmə İqtisadi və Xəttşunaslıq ekspertizasına göndərib və orada da həmin sənədlərin saxta olunması öz təsdiqini tapıb. Nəticədə oğlumun şirkətə olan borcu sıfıra yaxınlaşıb. Bununla da prosesin gedişində məlum oldu ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev "EVE-S" MMC şirkətinin rəhbərliyi ilə əlbir olaraq oğlum Siyabov Orxanın üzərinə saxta cinayət işi açıb.
Bütün bu saxtakarlıqa baxmayaraq dövlət ittihamçısı Rail ismayılov 01 iyun 2016-ci il tarixdə öz həmkarı Ziyafət Quliyevin saxtakarlıqlarını gizlətməkdən ötrü məhkəmədən oğluma 9 il həbs cəzası verilməsini tələb edir. O, ekspertizaların verdiyi rəylərin heç birinə məhəl qoymadan belə saxtakarlığa əl atıb. Sizdən xahiş edirəm, baş vermiş haqsızlıqın aradan qaldırılmasına köməklik edəsiniz.
Cənab Prezident!
Sizin göstərişinizə əsasən məmurlar yerlərdə görüşlər keşirir, əhalinin şikayətlərini dinləyirlər. Amma mən Bakı şəhərində 1 ilə yaxındır ki, dəfələrlə müraciət etməyimə baxmayaraq, Baş Prokuror Zakir Qaralovun qəbuluna düşə bilmirəm. Məni yalnız idarə rəisləri qəbul edirlər. Onlar da məhkəməyə təzyiq göstərərək, baş verənlərdə heç bir günahı olmayan oğlüma ən ağır cəza verilməsinə çalışırlar.
Cənab Prezident!
Mən sizin ədalətinizə inanıram! Bir daha xahiş edirəm ki, iki azyaşılı övladı olan Orxan Siyabovun həyatının məhv edilməsinə imkan verməyəcəksiniz".