MTRŞ regional telekanallara monitorinqi gücləndirəcək Hadisə

MTRŞ regional telekanallara monitorinqi gücləndirəcək

Növbəti mövsümdə regional telekanalları daha ciddi monitorinqə cəlb etməyi planlaşdırırıq. Həmçinin radioların da monitorinqi daha total xarakter daşıyacaq.
Bunu Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Təvəkkül Dadaşov bildirib ki, respublika yayımçıları səviyyəsində olmasa da, region televiziyaların da yayımı MTRŞ tərəfindən izlənilir: "Düzdür, regional telekanalların da monitorinqi aparılıb. Onların proqram siyasətində inkişaf var. Region televiziyalarında əsas problem reklam və maliyyə ilə bağlıdır. Buna görə də fəaliyyətləri ümumrespublika yayımçılarından zəif ola bilər. Lakin bununla yanaşı onların efirində ciddi problemlər olmur".
MTRŞ rəsmisi bu gün radioların televiziyalar qədər kütləvi şəkildə monitorinqə cəlb edilmədiyini deyib: "Lakin bu işləri daha da genişləndirə bilərik. Düzdür, radiolarda televiziyalar qədər ciddi problemlər yoxdur. Radio yalnız səsli şəkildə ünsiyyətdə olduğuna görə, səhvlər yalnız bununla bağlıdır. Bundan başqa, radio verilişləri əsasən canlı olur. Bu gün də aparıcıların efir qaydalarına zidd davranışları ola bilər. Lakin əvvəlki illərlə müqayisədə irəliləyiş var. Əvvəl radiolarda ciddi pozuntular aşkarlanır, cəmiyyətdə narazılıq yaradan məqamlar olurdu. Hazırda bunlar tək-tək hallarda pozuntulara rast gəlinir. Bu gün səhvlər əsasən canlı efirdə baş verir. Artıq yayımçılar bu məsələdə maksimum diqqətli olur, səhvə yol verənləri cəzalandırıb, ya da maarifləndirirlər".
Şöbə müdiri ümumrespublika yayımçılarının bu mövsümdə aşkarlanan problemləri növbəti ildən aradan qaldırılacağını güman etdiklərini bildirib: "Efirə verdiklərinin qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacağıq. İş olan yerdə nöqsanların olması normaldır. Yeni mövsümdə reytinqli verilişləri saxlayacaqlar, cəmiyyət tərəfindən müsbət imic qazanmış verilişləri hazırlayacaqlarını güman edirik. Mövsüm tam başa çatmasa da, bu il ciddi qanun pozuntusuna yol verənlər, az nöqsan aşkarlananlar da oldu. Bu il Teleradio Yayımı Haqqında qanunvericiliyin müəyyən tələblərinin sərtləşdirilməsi fonunda bu istiqamətdə müsbət xarakterli addımlar müşahidə edildi. Teleradio Şurasının həm inzibati metodlardan istifadə edilərək müdaxiləsi nəticəsi olmaqla, həm də yayımçıların özlərinin məsuliyyət hiss etmələri səbəbindən belə halların şahidi olduq. Bu ilin əvvəlində müəyyən pozuntular aşkarlanırdı. Şura da müəyyən tədbirlər görüldü. Bu gün yayımçılar qanunun fundamental tələblərinə əməl edirlər. Müəyyən pozuntular var, onlara bəzən tövsiyələr verir, bəzən də güzəşt edirik. Bütövlükdə insanları qıcıqlandıracaq, mili-mənəvi dəyərlərə zidd olacaq pozuntular azalıb".