
Vətən – tarix birliyimiz, ərazi birliyimiz, xalq birliyimiz deməkdir. Vətən bizi var eləyən müqəddəs ünvandır. Dünyada çoxlu torpaqlar var. Ancaq niyə həmişə bizi doğulduğumuz yurd, torpaq, məskən, bütövlükdə Vətən çəkir, Vətənddən qıraqda olanda burnumuzun ucu göynəyir? Ona görə ki, Vətən – bizim üçün müqəddəslik səviyyəsində, ölçüsündə vazkeçilməz hadisədir.
Əgər torpaq müqəddəsləşirsə, o, Vətən adlanır. Müqəddəsləşən Vətən torpağı əcdadlarımızın uyuduğu məkandır. Təsadüfi deyil ki, zamanından asılı olmayaraq Vətən üçün canlarından keçən şəhidlərimiz bizim əcdadlarımız olurlar. Vətənin müqəddəsliyi onu yaşadan insanların varlığı ilə ölçülür.
Vətəni var eləyən yetkin düşüncəli insanlardır. Uşaqlığından bəri layla ruhunda böyüyən insan torpağı, suyu, havanı – bir sözlə, Vətənə aid olan hər şeyi fitrətən dəyərləndirir, artıq müəyyən bir yaşa çatanda Vətən təəssübkeşi olmaya bilmir. Bu ilahi duyğu bizim xalq olaraq ruhumuzda, qanımızdadır.
Vətənpərvərlik – Vətənin ali mənasını dərk etmək, duymaq, bilməkdir, bu duyğuyla canlı şəkildə yaşamaqdır. Təsadüfi deyil ki, insan dünyaya sığmır, ancaq Vətənə sığır. "Vətənə gəldim, imana gəldim" o deməkdir ki, mən özümü heç yerdə tapa bilmirdim, ancaq Vətən, yenidən səndə tapdım! Hər birimizin Vətən qarşısında əzəli, əbədi borcumuz var. Vətənpərvərlik deyəndə bunu çağımızda – dar mənada anlayanlar da var.
Mən vətənpərvərlik anlayışına geniş yanaşıram. Vətənpərvərlik – hər bir kəsin daxilən, üzvi şəkildə mənəvi – insanlıq borcu sayılmalıdır. Hər kəsin peşəsindən, çalışdığı sahədən asılı olmayaraq Vətən qarşısında borcunu yerinə yetirməsindən başlayır vətənpərvərlik. Müəllim şagirdinə təmənnasız olaraq, minnət ummadan ləyaqət göstərib insanlıq biliyi – torpağının tarixini, dilini, milli ruhunu, elmləri sevgiylə öyrədirsə, vətənpərvərlik borcunu ödəmiş olur.
Həkimin xəstəsinə böyük bir insani şəfqətlə, sevgiylə yanaşması, onun dərdini özününkü bilməsi baş tutursa, vətənpərvərlik təsdiq olunur. Eləcə də siyasətçi hadisələrə xəlqi, dövləti yöndən, ölçüdən baxırsa, xalq, Vətən mənafeyini hər şeydən üstün tutursa, bu, vətənpərvərliyin təsdiqidir...
Deməli, vətənpərvərlik – Vətənin ali mənasını canlı şəkildə ömürdə yaşamaqdır. Doğulduğumuz məkanın – Vətənin bənzərsizliyini dərk etmək deməkdir. Bu həqiqəti dərk edəndə insan – özündənkeçməyə yetir. Vətənpərvərlik – yüksək səviyyədə təmənnasızlıq, vicdançılıq, fədakarlıqdır, bu ölçüdə yaşamaq, Yurdu, Vətəni dəyərləndirmək, müqəddəsləşən torpağın mənasına layiq olmaqdır. Vətənpərvərlik – mənasız duyğuları ömürdən silmək, yalnız ali insani duyğularla yaşamaq deməkdir.
İnsan Vətənsiz var ola bilməz. Vətən – bizim əbədi ünvanımızdır. Dünyanın harasına belə getsək də, Vətən həmişə bizim üçün müqəddəs ünvan olmalıdır. Çoxlu insanlara rast gəlmişəm. Onlar gedib başqa ölkələrdə yaşayıblar. Ancaq görmüşəm ki, Azərbaycan üçün necə darıxırlar. O deməkdir ki, Vətən duyğusu bu və ya başqa səviyyədə hər kəsdə var. Vətənpərvərlik - insanlıq imkanıdır. Bu imkan hamıda var. Bu imkan həm də insanlıq borcudur – hər bir kəsin ödəməli olduğu.
Vətəndə qalmaq, onun bütün acı-ağrılarını bölüşmək fədakarlığına yetmək gərəkdir. Hər an Azərbaycan obrazıyla yaşamaq, nəfəs almaq gərəkdir. Hər an bu duyğuyla bir olmaq bizi vətənpərvərliyə yüksəldər, var edər. Biz var olarıqsa, Vətən də var olar, yenilməz. Vətənin təməli – hər şeydən öncə İnsandır. Vətənpərvərliyin ali səviyyələrindən biri – şəhidlikdir. Bu yerdə mahiyyətcə bilikli, ya biliksiz olmağın fərqi qalmır, insanın fitri olaraq ali Vətən duyğusuna yetməsi əsas olur. Xüsusi yaş səviyyəsindən asılı olmayaraq insanın Vətən uğrunda tərəddüdsüz özünü fəda etməsi müqəddəsliyin təsdiqi olur.
Düşmən – düşməndir. Dədə Qorqudun müdrik sözüdür: "Qarı düşmən dost olmaz". Düşmənə qarşı ali, yenilməz hiddətimizi hər birimiz yetkin səviyyədə yaratmalı, qorumalı, irsən ötürməliyik. Yenilməz insanlıq imkanlarımızı aşkarlamalıyıq. Xalq olaraq qarşımızda əbədi sabahlar var. Sabahlara çox böyük ümidlə getməyi bacarmalıyıq. Vətənpərvərliyə yetən – dövlətin, dövlətçiliyin yaşamasında güvənc yeri olur. İnamsız olsaq, Vətənsiz olarıq, düşməni sevindirərik. Vətənpərvərlik – düşməni yasa batırmaq deməkdir əslində.
İndi gəncliyin qayğılarından tez-tez danışılır. Bu, bütövlükdə insanlığın problemidir. Xilas adına bu gün dünyada çoxlu ideologiyalar var. Bəşərin mənəvi durumu isə gündən-günə çətinləşir. İntiharlar (suisidlər, qan-qadalar, hər cür vəhşilik çeşidləri) daha çox gəncliyin əhvalına təsir edir, ömrünü yarıda kəsir...
Yalnız ulusal (milli) ölçüyə əsaslanan fikir birliyi əsasında Azərbaycan gəncliyi çağdaş dövrün qarışıq və ziddiyyətli girdabından xilas ola bilər. Gənclik insan həyatının ən məhsuldar, enerjili, arzulu, həm də sonsuz ümidli bir çağıdır. SSRİ süqut edən zaman başqa respublikalar kimi azadlığa çıxan Azərbaycan da bu müddət ərzində gərgin həyat yaşamalı oldu.
Sabahkı gəncliyin təməli olacaq çağdaş uşaqların tərbiyəsi problemə çevrilib. Çünki informasiya əsrində uşaq psixologiyasını nəzarətdə saxlamaq daha da çətinləşir. İlk növbədə isə uşaqlara və gənclərə milli-mənəvi dəyərləri aşılamaq lazımdır. Qloballaşma (kürəsəlləşmə) bəlasının artdığı bir vaxtda millətin, dövlətin inkişafı üçün yeni nəsillərin tərbiyəsinin milli prinsiplərlə aparılması gərəklidir. Əgər millətin milli dəyərləri insaniliyi ifadə edirsə, o, həm də bəşəridir. Gedişat onu göstərir ki, qarşıdakı illərdə valideynlər uşaqlarının tərbiyəsilə bağlı daha böyük problemlərlə rastlaşacaqlar. Artıq bu qayğıların artması göz qabağıdadır.
Gənc nəsil əgər doğru-düzgün istiqamətləndirilmirsə, o zaman onun başqalarına, yəni özgələrə yaraması fəlakəti baş verir. Azərbaycan gəncliyi sözün böyük mənasında xəlqi təmələ, bəşəri sevgiyə malik olmalıdır. 70 illik əsarət dövrünü yaşayan Azərbaycanda müstəqillikdən sonrakı dövr sözün böyük mənasında milli-mənəvi dəyərlərə qayıdış üçün geniş imkanlar açdığı dərəcədə bu, başqa, daha doğrusu yad, özgə təsəvvürlərin, baxışların yurdumuza ayaq açması, cövlan etməsi ilə müşahidə olundu. İstər-istəməz Qərb dəyərlərinin soydaşlarımızın ağlına, ruhuna işləməsi, gündən-günə daxilləri çulğaması, qarışdırması problemi daha da çıxılmazlığa salır. Başqa tərəfdən də Şərq aləminin qarışıqlığı, halsızlığı bu gərginliyi artırır. Bir sözlə, Azərbaycan gəncliyi özünü davamlı şəkildə qorumalı və yaratmalıdır...
Milli dəyər – millətin ruhundan yaranır. Milli dəyərlərə yiyəlik eləmək onu yaratmaq qədər çətindir. Milli dəyəri elə ucalıqda yaşatmağımız gərəkdir ki, onunla fədakar ömürlər yarada bilək. Yoxsa xəlqi dəyərlərimiz ömürləşməyəcək.
Gənclərimizin dövlətçilik, təhsil, iqtisadiyyat və başqa yönlərdə ardıcıl qayğılanmaları çağımız üçün son dərəcə qaçılmaz və gərəklidir. Dövlət amili ciddi hadisədir. Soydaşlarımızın ağlında davamlı şəkildə xalq, dövlət sevgisinin yaradılması gərəkdir. Azərbaycana gələn yad baxışlar ilk növbədə dövlət amilinə hücumda özünü göstərir.
Gənclik - dil qoruyucusu deməkdir həm də. Dilimiz – mühitdən, zamandan ötədir, güclüdür. Bu, əslində milli ruhumuzun ölməməsi deməkdir. Sözüm gənc yazarlaradır: Milli dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də milliliyə qarşı çevrilir. Yazıçı xalqının adından danışdığına, yazdığına əmin olmalıdır. Ana dilinin qorunması, inkişaf etdirilməsi dövlətin varlığının davamlı təsdiqi demək olur.
Bu gün Azərbaycan gəncliyi erməni vəhşiliyi ilə üz-üzə, göz-gözədir. Dünya ermənilərə qucaq açdığı dərəcədə xəyanətkarlığa, bicliyə, insansızlığa meydan verir. Arxayınlıq – məsuliyyətsizlikdən yaranır. Məsuliyyətsizlik isə fərdin örnəyində xalqın məqsədsizliyi, xalq kimi var olmaq istəməməsi, bu haqda düşünməməsidir. Məsuliyyət fərddən başlayır, xalqda təsdiqini tapır, bəşəriliyə layiq olur. Azərbaycan gəncliyi ruhən güclü olmağımız üçün daim çalışmalıdır. Xalq olaraq dərdi dərindən duymağımız, inamla, idrakla yaşamağımız gərəkdir.
Azərbaycan gəncliyinin davamlı var olmasında təhsilin rolu danılmazdır. Düzgün, doğruçu təhsil insanın mənəvi varlığının yaradıcısı, təminatçısıdır. Məktəb bilik verdiyi dərəcədə də insan yetişdirməyi bacarmalıdır. İnsan ömründə, yaşamında yaradıcı şəkildə gerçəkliyini tapmayan təhsil – sadəcə, mexaniki bir proses olur. Demək, bilik insanı daha çox zahirən dəyişdirir, onun insanı içəridən tam dəyişdirməyə gücü çatmır. İnsanı içəridən dəyişdirmək üçün bilikdən artıq olan gərəkdir. Toplumda yüngülməcaz, danışığını və davranışını bilməyən istənilən yaşda o qədər təhsili, oxumuşlar var ki. Bu yaşdan sonra onları kim tərbiyə etməlidir? Sabahımızı düşünən gənclik bu qayğıları önləyə, örnək ola bilər.
İnsan ömrünün üç əsas dönəmi var: uşaqlıq, gənclik, qocalıq. Tarix boyunca demək olar, bu dönəmlərin üçünü də insanlıq mahiyyətinə uyğun yaşayan barmaqla sayılacaq insanlar olub. Çünki adamlar daha çox arzulayıblar, ancaq gerçəkdə istəklərinə yetə bilməyiblər. Çox zaman ömür adlanan çayın qabağını öz əlləriylə kəsiblər. Yenə sözüm gənclərimizədir: ömrünü necə qurursansa, elə də yaşayırsan. İnsanlar ömrü boyu naşıcasına "nəsə yaxşı bir ömür" gözləyiblər. Çox zaman "yaxşı ömür" – "yaxşı güzəran" istəyindən başqa bir şey olmayıb əslində. Vaxt keçir, ömür sona çatır, ilğım yoxa çıxır. Uşaqlığın şirinliyi gedir, əlçatmaz romantikası itir, insan uşaqlığın gözəlliyini dadmamış gəncliyin selinə-tufanına düşür. Özül düzgün qurulmadığından gənclik dönəmi də düz yaşanmır. Ailəsizlik fəlakəti özünü açıqca göstərir. İnsanın özüylə, həyatla, dünyayla birliyi baş tutmur, yadlıq baş alıb gedir.
Gənclər arasında radikallığa meyllərə niyə rast gəlinir? Çağımızda informasiya savaşı tüğyan eləyir. Dünya bütün uğurlarına baxmayaraq sanki tükənmiş durumdadır. Dünya bütün biliyi ilə qarşımızda yerə sərilib. Hər cür informasiya müqavimətsiz evimizin içinə girir, insanı ram edir – ağlını açandan ta dünyaya gözünü yumana kimi. Bu cür hallara qarşı ulusal yöndə inanc, dirəniş olmayanda radikalizm yaranır və güclənir. Radikalçılıq əsasən gəncləri çulğayır: onlar aldadılır, şövqləndirilirlər. Ulual dəyər – içimizdən yaranan, başqasından fərqimizi göstərən dəyərdir. Bu dəyərlər bizi dünyanın eybəcərliklərinə qarşı dirənişə hazırlayır. Dövlət, xalq bu kimi dəyərlərin əsasında var olur. Dini meylli radikalçılıqda macəraçılıq da var: gənclər aldadılır, tora salınır, vətənlərindən didərgin düşürlər.
Bundan sonra dünyada idrakilik əsas yön olacaq. Gənclərə bunu anlatmaq gərəkdir: Sən ruhu yenilməyən, insanlıq imkanına yetə biləcək xalqın övladısan. Ona görə də özgəliklərə meyllənə bilməzsən. Ulusal mənliyini qorumalı və inkişaf etdirməlisən. Hər kəs evində - ailəsində ardıcıl olaraq balalarını, inandıqlarını insanlıq, ulusallıq üstə yaşamağa, mili dəyərləri qorumağa kökləyə bilsə, sabahımızı güvənli edə bilərik.
Elçin Qaliboğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün