BAXCP sədrindən bayram təbriki Hadisə

BAXCP sədrindən bayram təbriki

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə əsgər və zabitlərə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

"Əziz həmvətənlər, Azərbaycan Silahlı Qüvvəllərinin dəyərli əsgər və zabitləri!
Sizi 26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm! 98 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir vaxt sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymamış, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi qan yaddaşımıza hopmuşdur.
Azərbaycan Milli Ordusu Azərbaycan dövlətilə birgə - səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan Milli Ordumuz dövlətçiliyimiz ilə yaşıddır. Azərbaycan Ordusu - Azərbaycan dövləti, Azərbaycan dövləti - Azərbaycan ordusu deməkdir! Bu gün hər bir vətəndaşımızın və Milli Ordumuzun dəyanətli əsgər və zabitlərinin üzərinə ağır bir vəzifə düşür. Biz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıyıq. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə məhkumuq! Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanır və o, müqəddəs günü səbirsizliklə gözləyir. Sizi bir daha bu böyük bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və mübarizə əzmi arzulayıram".