“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklər nə vəd edir? Hadisə

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliklər nə vəd edir?

Artıq parlamentin payız sessiyasına start verilib. Qanunverici orqanın payız sessiyası müddətində məhsuldar işləyəcəyi, bir sıra qanunlar qəbul edəcəyi, eləcə də bir sıra qanun layihələrinə müasir dövrün tələblərinə uyğun olaraq dəyişikliklər edəcəyi nəzərdə tutulur. Milli Məclisin müzakirəsinə təqdim edilən əhəmiyyətli qanun layihələrindən biri də "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklərdir. Bu Qanun layihəsi korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalarla bağlı məlumat vermə mexanizmini və belə məlumatları verən şəxslərin dövlət müdafiəsini müəyyən edir.
Millət vəkili Vüsal Hüseynov deyir ki, qanunun qəbul edilməsi cəmiyyətdə korrupsiya halları barədə məlumat verməni təşviq etməklə, dəstəkləməklə bu sahədə məlumatlandırmanın artmasına, məlumat verən şəxslərin özlərini daha əmin və müdafiəli hiss etməsinə və bu hallarının qarşısının alınmasına töhfə verəcək: "Çünki bəzi hallarda insanlar ətraflarında və ya iş yerlərində müşahidə etdikləri korrupsiya hüquqpozmaları ilə bağlı məlumatları uyğun (konfidensial) məlumat vermə mexanizminin olmaması, bəzi hallarda iş yerində ictimai qınağa tuş gəlməsi, işdən çıxarılma, təyziqlərə məruz qalma təhlükəsi, uyğun hüquqi müdafiə mexanizmlərinin olmaması səbəbindən istəklərinin əksinə olaraq qapalı saxlayırlar, laqeyd yanaşılar. Belə yanaşma isə neqativ halların artması üçün daha əlverişli mühit yaradır və bu sahədə olan məsuliyyət tədbirlərinin, risklərin çəkindirici təsirini azaldır". Millət vəkilinin sözlərinə görə, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi beynəlxalq təcrübədədə korrupsiyaya qarşı mübarizədə tətbiq edilən, müsbət qəbul edilən mexanizmdir: "Bu mexanizm inglis dilindən hərfi tərcümədə (whistleblower protection) "fit verənlərin müdafiəsi" adlanır. Şəxslər iş yerlərində rastlaşdıqları neqativ hallar, korrupsiya hüquqpozmaları, qeyri-etik hallar barədə məlumatı şərti olaraq fit verməklə bu məsələyə diqqəti təmin edir və ictimai faydalı nəticəyə töhfə verirlər. Bu sahədə olan əksər beynəlxalq sənədlərdə və təşkilatların tövsiyələrində bu mexanizm qəbul edilir və təşviq olunur. Təklif edilən Qanun layihəsi bu mexanizmin ölkəmizdə möhkəmlənməsinə yönəlib və gələcəkdə əhatəsi daha da genişlənə bilər. Belə ki, mövcud layihəyə əsasən dövlət və bələdiyyə orqanlarında, bu orqanların idarə, müəssisə və təşkilatlarında rəhbər tərəfindən belə məlumatların verilməsi üçün vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək. Burada hər hansı yeni struktur bölmənin ( şöbə, idarə və sair) yaradılması, işçilərlə komlektləşdirilməsi tələbi şərt deyil, diqqət yetirsək Qanun layihəsindədə müəyyən edir ifadəsi yer alıb. Bu halda mövcud struktur bölmələrdən biri və ya hər hansı bir vəzifəli şəxs (layihədə bu şərti olaraq "səlahiyyətli struktur bölmə" adlandırılır) müəyyən edilə bilər. Nümunə üçün orqanın rəhbəri tərəfindən bu məlumatların verilməsi üzrə kollektivdə yüksək nüfuzu, ədalətli yanaşması ilə seçilən şəxs bu məqsəd üçün vəzifəli şəxs müəyyən edilir. Artıq bu şəxsə bu orqanda çalışan işçilər məlumatlı olduqları, müşahidə etdikləri, onları narahat edən korrupsiya hüquqpozmaları barədə məlumatları verə bilərlər. Bu halda əgər onlar özlərinin məlumat verməsinin açıqlanmasını istəmirlərsə bu halda məlumatvermənin konfidensiallığı (qapalı qalması) təmin edilir. Vəzifəli şəxs 20 iş günü müddətində məlumatı qüvvədə olan qanunvericiliyə uyğun araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Əgər barəsində məlumat verilən və ya şikayət edilən şəxs Vəzifəli şəxs özüdürsə (və ya "səlahiyyətli struktur bölmə"dirsə) bu halda məlumat həmin orqanın rəhbərinə verilə bilər. Əgər məlumat orqanın rəhbərilə bağlıdırsa bu halda şəxs məlumatı korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara yəni Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyyaya və ya Baş Prokuror yanında Korrupsiyaya qarşı mübrizə üzrə Baş İdarəsinə təqdim edə bilər. Hər bir halda məlumatı qəbul etməli olan bütün orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər". Vüsal Hüseynov bildirib ki, qanun layihəsində yer alan ikinci əsas məqam məlumat verən şəxslərin dövlət müdafiəsi ilə bağlı müddəalardır: "Artıq qeyd edilən konfidensiallığın təmin edilməsi ilə bağlı təminat bu müdafiə təbdirlərindən biridir. Belə ki, konfidensiallığının pozulmasında təqsiri olan şəxslər Qanuna əsasən məsuliyyət daşıyacaqlar. Korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə - qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq, barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu hallarda daxil olmaqla şəxsin müdafiəsi üçün qanunvericiliyə uyğun müvafiq məsuliyyət və təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur. İş yerində belə məlumatı verən şəxsə qarşı hər hansı cəza xarakterli məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatla aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmçinin həmin işçi attestasiyadan keçirildikdə, vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. Bu təminatlar işçiyə qarşı verdiyi məlumatla bağlı hər hansı təzyiq və ədalətsiz rəftarın qarşısının alınmasına töhfə verəcək. Nəzərə alınmalıdır ki, qanun layihəsində nəzərdə tutulan müdafiə tədbiləri bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur"