Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları Hadisə

Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları

VIII yazı

Söhbət və məclis yasavullarını da eşikağasıbaşı qulluğa götürür və maaşlarını da o müəyyən edirdi. O.Əfəndiyev yazır ki, yasavul "yasa" sözündən olub, "qanun-qayda" mənasını ifadə edir. Onların vəzifələri Şahın olduğu yerlərdə qanun-qayda yaratmaqdan ibarət olmuşdu. Engelbert Kempfer yazır ki, eşikağasıbaşına tabe olan yasavulların "yasavulane söhbət" adlı rəisləri də vardı. Söhbət yasavulları rəsmi məclislərdə eşikağasıbaşından sonra dayanırdı. Şah və ailəsi müəyyən məqsədlə sarayı tərk etdikdə yolboyu onların təhlükəsizliyini yasavullar təmin edirdilər. Söhbət yasavulbaşı və ona tabe olan yasavullar dövlətin təməlinin qoyulmasında I Şah İsmayıla dayaq duran əmirlərin nəslindən olub, türkdürlər. "Təzkirət əlmüluk"da məclis eşikağasıları adlandırılan məclis yasavullarının əmirlərin və mötəbər əyanların övladları arasından seçildiyi göstərilir. Onlar məclislərdə Şahın fərmanı və hökmlərini məclis əhlinə çatdırırdılar. Qeyd edildiyi kimi söhbət və məclis yasavulları eşikağasıbaşına tabe olub onun nəzarəti altında fəaliyyət göstərirdilər. Həsən bəy Rumlu yazır ki, h. 969 (1562)-cu ildə Səfəvi sarayına Osmanlı ölkəsindən Van hakimi Xosrov paşa və qapıçıbaşı Əli Ağanın başçılığı altında 200 nəfərdən ibarət elçi heyəti gəlmişdir ki, İstanbula göndərilmiş Səfəvi elçisi Vəli bəy Ustaclı da onlarla qayıtmışdı. Müəllifin məlumatında Ustaclı elindən olan Səfəvi elçisi Vəli bəyin yasavulbaşı olduğu göstərilmişdi. H. 971 (1563)-cü ildə Şamlı elindən Hüseyn bəyin yasavulbaşı, Sultan Məhəmmədin hakimiyyətinin son illərində isə Zülqədər elindən Həbib bəyin söhbət yasavulu olduğunu görürük.
Sarayın giriş qapısını qoruyan eşikağasılar yerli qaynaqlarda qapıçı adı ilə verilir və onlara eşikağasıbaşına tabe qapıçıbaşının başçılıq etməsi barədə məlumatlara təsadüf edilir. Sultan Məhəmmədin hakimiyyətinin son illərində Şahsuvar bəy Əfşar qapıçıbaşı, qardaşı Təhmasibqulu bəy isə adi qapıçı idi. I Şah İsmayılın dövründə Ülamə sultan Təkəli əvvəlcə yasavul, sonra da eşikağasıbaşı olmuşdu. I Şah Təhmasibin hakimiyyəti dövründə Zülqədər elinin Qavurqalı obasından Şahqulu Xəlifə Qavurqalı uzun illər eşikağsıbaşı olmuş, h. 939 (1532)-cu ildə möhürdar təyin edildiyinə görə eşikağasıbaşı vəzifəsindən azad edilmişdi.
H. 961 (1554)-ci ildə I Şah Təhmasib tərəfindən I Sultan Süleyman Qanuninin sarayına sülh danışıqları üçün göndərilmiş Qaradağ sufilərindən olan Fərruxzad bəy də bir müddət eşikağasıbaşı vəzifəsində işləmişdi. Onun 1554-cü ildə Osmanlı sarayına diplomatik danışıqlar məqsədilə göndərilməsi dövlət şurasının üzvü olan eşikağasıbaşının mərkəzi idarədə nüfuzlu vəzifə olduğunu təsdiq edir və dövlətin xarici əlaqələrində də önəmli rola malik olmasından xəbər verir. Dövrün qaynaqlarında eşikağasıbaşı vəzifəsinə Qızılbaş-Türk əsilzadələri ilə yanaşı, şahzadələrin də təyin olunmasına təsadüf edilir. Məhəmməd Yusif Qəzvini yazır ki, I Şah Təhmasib qardaşı Bəhram Mirzənin oğlu İbrahim Mirzəyə qızı Gövhər sultan bəyimi vermiş və ona ali divan eşikağasıbaşı vəzifəsini tapşırmışdı. I Şah Təhmasib vəfat etdikdə (1576) hakimiyyət uğrunda baş vermiş çəkişmədə Ibrahim Mirzə İsmayıl Mirzənin tərəfini saxlamış və onu hakimiyyətə keçməsi münasibətilə təbrik etmişdi. Elə buna görə də II Şah İsmayıl ona "qardaş" deyə müraciət etmiş və vəzifəsində saxlamışdı. İbrahim Mirzə 1576-ci ildə eşikağasıbaşı vəzifəsindən azad edilib möhürdar təyin edilir. Onun yerinə eşikağasıbaşı Şamlı elinin Biçərli obasından Hüseynqulu sultan olur.
H. 988 (1580)-ci ildə Hüseynqulu sultan Şamlının oğlu Mehdiqulu bəy atasının yerinə eşikağasıbaşı təyin olunsa da, vəzifədə çox qalmır, həmin ildə Qorxmaz xan Şamlı eşikağasıbaşı olur. Mənbələrdə I Şah Abbasın hakimiyyətinin ilk illərində Qazı bəy, Qorxmaz xan, Piri bəy Şamlı adlı türk əyanlarının eşikağasıbaşı olmalarına təsadüf edilir. I Şah Abbas 1592-ci ildə eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Ərəbgirli obasından Şamlı Məhəmmədqulu bəyi təyin edir. İsgəndər bəy Münşi 1602-ci ildə bu vəzifədə Mehdiqulu xanın olduğunu yazır.
1604-cü ildə isə Rumlu elindən Əlixan bəy eşikağasıbaşı idi. Əlixan bəydən sonra eşikağasıbaşı vəzifəsi Şamlı elinin Kəramətli obasından Əliqulu bəyə (xan) verilmişdi. I Şah Abbasın göstərişi ilə 1611-ci ildə Mərkəzi Asiyadan Səfəvi sarayına gələn özbək padşahı Vəliməhəmməd xanın İsfahanda qarşılanması ona tapşırılmışdı. O, 1625-ci ildə vəfat edir. Onun vəfatından sonra eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Bəydili obasından Zeynal bəy təyin edilir. Zeynal bəydən sonra 1628-ci ildə bu vəzifəyə Mehdiqulu xanın oğlu Şamlı elinin Kəramətli obasından Əliqulu xan təyin edilmişdi.
I Şah Səfi dövründə (1629-1642) də bu vəzifəyə əsasən Qızılbaş-Türk əyanları təyin olunurdu. Şah Səfinin hakimiyyətinin əvvəllərində eşikağasıbaşı Zeynal xan Şamlının olduğunu görürük. Görünür o, I Şah Abbas tərəfindən 1628-ci ildə yenidən bu vəzifəyə təyin olunmuşdu. Zeynal xan 1630-cu ildə Osmanlı ordusu ilə Həmədan savaşında səhvə yol verdiyinə görə ölüm cəzasına məhkum edilmiş, eşikağası vəzifəsi Mehdiqulu xan Şamlının oğlu Uğurlu xana tapşırılmışdı. Şah Səfinin hakimiyyətinin dördüncü ilində qulam soyundan olan Fars əmir əl-ümərası İmamqulu xan qətl edildikdən sonra Kuhgiluyə hakimliyi də eşikağasıbaşına əlavə edilərək ona verilmişdi.
1632-ci ildə Uğurlu xan Şamlı eşikağasıbaşı idi (108, 247). 1634-cü ildə Uğurlu xan Şamlı saray dəftərxanasına nəzarətçi təyin edilir və eşikağasıbaşı vəzifəsi isə Şamlı elinin İnallı obasından İmamqulu xana verilir. 1635-ci ildə Canı bəy Şamlı eşikağası idi. 1637-ci ildə isə eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Biçərli obasından Murtəzaqulu bəy təyin edilir.
Molla Kamal da 1637-ci il hadisələrindən bəhs edərkən onun eşikağasıbaşı olduğunu yazır. Molla Kamal 1643-cü ildə eşikağasıbaşı Heydər bəyin etimadəddövlə Sarı Tağı ilə çəkişdiyini və vəzifədən istefa verib Qum şəhərinə getdiyini qeyd etmişdi. Heydər bəy 1629-cu ildə Şah Səfinin tacqoyma mərasimində iştirak etmişdi və Qaradağ sufilərindən Qızılbaş Əbulqasım bəy Evoğlunun oğlu idi. Heydər bəydən sonra bu vəzifəyə Mirzəəli sultan Çələbi Evoğlunun oğlu Əliqulu bəy təyin edilir.
Səfəvi dövlətinin saray təşkilatında təşfirat rəisi-eşikağasıbaşı da ənənəvi olaraq Qızılbaş-Türk əsilzadələrindən təyin edilirdi. "Abbasnamə"nın verdiyi məlumatlardan göründüyü kimi bu ənənəyə II Şah Abbas dövründə də əməl edilmişdi. Sarı Tağı ayaması ilə məşhur olan baş vəzir Mirzə Məhəmməd Tağıya qarşı qəsdin təşkilatçısı qorçubaşı Cani xan cəzalandırıldıqda Murtuzaqulu bəy (xan) Biçərlinin eşikağasıbaşı olduğunu görürük. O, h. 1055-ci (m.1645) ildə qorçubaşı vəzifəsinə təyin edildikdə, eşikağasıbaşı vəzifəsi Mehdiqulu xan Şamlıya verilir. Uzun illər onun eşikağasıbaşı olduğunu görürük. Ancaq h. 1071 (m.1661)-ci ildə isə qısa müddətdə eşikağasıbaşı onun qardaşı Nəcəfqulu bəy olmuşdu. "Abbasnamə" də h.1074(m. 1664)-cü ildə eşikağasıbaşı Mehdiqulu xan Şamlının vəfat etməsi və bu vəzifəyə onun oğlu Uğurlu xanın təyin edilməsi faktına da təsadüf edilir.
Tüfəngçibaşı da dövlət şurasının üzvü olub, tüfəngçi hərbi hissəsinin minbaşılarının, yüzbaşılarının, saray carçıları və qulluqçularının ağsaqqalı, yəni Tavernyenin qeyd etdiyi kimi rəisi və başçısı olub, rütbəsinə görə, əsgəri təşkilatda qorçubaşı və qullarağasından sonra üçüncü yerdə dayanırdı. Ona tabe olanların hamısının tiyul, həmesale, məvacib, barat və mükafatları barədə onun imzası ilə təsdiq edilən təqdimatı əsasında baş vəzirin yazılı hökmü verilirdi. Və bu hökm əsasında onların məvacibi ödənilirdi. Tüfəngçilərin və carçıların, minbaşıların, yüzbaşıların, carçıbaşıların qulluğa götürülməsi, onların tiyul, həmesale və məvacibləri alicah tüfəngçiağasının təqdimatı, baş vəzirin yazılı hokum əsasında icra olunurdu. Tüfəngçilərə aid bütün problemləri də tüfəngçiağası həll edirdi. Tüfəngçilərin rütbə cədvəlini, həmin idarənin vəziri və mustoufiləri tüfəngçiağasının iştirakı ilə Şaha çatdırırdılar.
"Abbasnamə"də göstərilir ki, Ağa Tahir adı ilə tanınan Mir Fəttah Şah Səfi dövründə adi tüfəngçidən Bağdadda tüfəngçiağasıbaşı vəzifəsinə yüksəlmişdi. Ondan şaha çoxlu şikayətlər daxil olmuş və II Şah Abbas etimadəddövlə və bir neçə dövlət məmuruna onun işi və fəaliyyətini yoxlamaq barədə fərman verir. Yoxlama əsasında Mir Fəttahın tüfəngçilərin əməkhaqlarından qeyri-qanuni mənimsəmə və oğurluq barədə faktlar aşkarlandı. Bu hadisədən sonra Mir Fəttahın qardaşı oğlu minbaşı Məhəmməd Səid və bir çox tərəfdarlarının onu müdafiə məqsədi ilə dövlətxana ilə üzbəüz toplaşması Şahı bərk qəzəbləndirir. Şah qullarağası Siyavuş xana onların hər ikisinin tutulub edam olunması barədə fərman verdi. Fərman dərhal yerinə yetirildi. Tüfəngçiağası vəzifəsi Qələndər sultan Cığataya tapşırıldı.
Nazir-i büyutat da dövlət şurasının üzvü olub, saray təşkilatlarında statusuna görə xüsusi yer tuturdu. Tavernyeyə görə nazir "görən" mənasını ifadə edir və saray təşkilatında ən böyük vəzifə olub, sarayın bütün büyutatına (beyt ərəb dilində ev, bina və təsərrüfat mənasındadır), şahın xassə əmlakına, ilxılarına nəzarət və başçılıq edirdi. Bu vəzifə Fransadakı saray rəisinin eynidir.
Adam Oleariyə görə, Səfəvi ölkəsində "gərəkyaraq tədarükçü" adlandırılan nazir sarayın təchizatı ilə məşğul olur və təminat məsələləri üzrə məsuliyyət daşıyırdı. O, sarayın 33 karxanasına (müxtəlif anbarlarda ev təsərrüfatı obyektləri və karxanalar) başçılıq edirdi. Naziri saray məmurlarının başçısı adlandıran Engelbert Kempfer onun saray emalatxanalarına rəhbərlik etdiyini və saray üçün ərzaq, geyim tədarükü məsələlərinə də baxdığını qeyd edib. O eyni zamanda saray emalatxanalarına ustabaşı təyin edir və emalatxana işçilərinin məvaciblə təmin edilməsi ilə bağlı məsələlərə də birbaşa nəzarət edirdi. Ancaq saray emalatxanalarında çalışanların məvaciblərinin azaldılıb-artırılması məsələlərində nazir Şahın bu barədə göstərişlərinə əməl edirdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor