I Şah Abbasın hakimiyyəti dövründə də türk əyanları aparıcı mövqeyə malik idilər Hadisə

I Şah Abbasın hakimiyyəti dövründə də türk əyanları aparıcı mövqeyə malik idilər

IX yazı

"Təzkirət əl-müluk"da dövlətin idarə quruluşundakı səlahiyyət bölgüsünə uyğun bir səpkidə nazir-i büyutatın hüquq və səlahiyyətlərinin dəqiq şərhi əks olunmuşdu. Qaynaqda göstərilir ki, hər ilin əvvəlində onun təliqəsi (rəsmi məktub) əsasında xassə idarəsinin büyutat müdiri sarayın 6 aylıq xərcini, nəqd və cins olaraq fərman üzrə nəzərdə tutulan vilayətlərdən qərara alınmış həmesalelər çıxıldıqdan sonra bir nəfər təhsildar və sahibcəmlərin məlumatları üzrə, təxminən müəyyən edirdi. Büyutat vəziri də, bu təxmini hesab layihəsini nazirə ərz edərək onun nəzərinə çatdırırdı. Büyutat vəziri nazirin möhürləyib təsdiq etiyi bu haqq-hesab layihəsini baş vəzirə də təqdim edirdi. Burada müşriflərin sarayın altı aylıq xərci ilə bağlı nəzərdə tutduqları məbləğ haqqında baş vəzir qərar verirdi ki, onun əsasında sahibcəmlər mədaxil qəbzi yazıb dövlət xəzinəsinin sahibcəminə verib nəzərdə tutulan vəsaiti alırdılar. Bu vəsaitlə sahibicəmlər sarayın ehtiyacına görə daxili bazarlardan ərzaq və sairə tələbat malları alırdılar. Onların satın aldıqları ərzaq mallarından bəzilərinin qiyməti ildə bir dəfə müəyyən edilərdi. Qəbul olunmuş qaydaya görə nazir-i büyutatın dəvəti ilə büyutat vəzirinin, möhtəsib əl-məmalikin, İsfahan mustoufisinin, əsnaf ağsaqqallarının toplantısında malların qiyməti, hökumətin xeyri nəzərə alınaraq təyin edilir və hər bir maldan nümunə də götürülürdü ki, onların da qiymətləri xüsusi möhürlü sənədlərdə öz əksini tapırdı. Qiymət sənədini büyutat işçiləri və nazir-i büyutat möhürləyib sahibcəmlərə tapşırırdılar ki, onlar sarayın xüsusi ehtiyacından ötrü bir il içərisində lazım olan qədər malı zikr olunan qiymətnamə üzrə təhvillərində olan vəsaitdən ödəyərək ala bilsinlər. Bir sıra mallar barədə isə sahib-i nəsəq hər ay hər bir əsnaf ağsaqqalından aldığı iltizamı möhtəsib əl-məmalikə verirdi və onun da bu iltizam əsasında tərtib etdiyi qiymət cədvəlini nazir-i büyutat təsdiq edirdi. Nazir-i büyutat isə qeyd olunan malların qiymətlərindən xəbərdar olduqdan sonra onu sahibicəmlərə təslim edirdi. Sahibcəmlər satın aldıqları mallara sərf etdikləri vəsait barədə möhürlü xərc sənədləri hazırlayırdılar ki, onun əsasında sahibcəmlərin ayağında qalan pullar silinir və bütün xərclər nazir-i büyutatın məxaric dəftərində qeyd olunurdu. Nazir-I büyutatın göstərişi ilə müşriflər gündəlik xərclər barədə yazılı hesabatları şaha ərz edir və verilən vəsiqə üzrə, şahın xüsusi idarəsinin ehtiyacları, məclis, qonaqlıqlar və təsadüfi xərclər barədə sənəd yazıb, büyutat nəzarətçisi möhürlədikdən sonra, hər ay gündəlik xərc siyahısına daxil edirdilər.
Gündəlik xərc siyahıları hər ay büyutat vəzirinə təqdim olunur, vəzir də sənədləri yoxlayıb imza etdikdən sonra nazir-i büyutat onları möhürləyib mustoufiyə təqdim edirdi. O da öz növbəsində sahibcəmlərdə qalan vəsaiti və xərcləri müəyyən edirdi. Vilayətlərdən müəyyən edilmiş ərzaq malları hər hansı bir səbəbə görə, büyutata vaxtında çatdırılmadıqda nazir-i büyutat bu barədə tərtib olunmuş sənədə möhür vurduqdan sonra onu baş vəzirə təqdim edirdi. Dərhal xəzinə, ya da başqa dövlət fondundan ərzaq malları tədarük olunur, qayda üzrə sərf edilirdi.
Hər il büyutat işçilərinin dərəcələri, maaş və məzuniyyətləri nazir-i büyutat tərəfindən təsdiq olunurdu ki, bu onun vəzifə borcu idi. Saray üçün lazım olan ərzağı hər il vaxtında almalı idi ki, il ərzində qiymətin dəyişməsi xəzinəyə əlavə zərər vura bilməsin. Hər il payızın əvvəllərində dövlət imarətlərində təmir işləri aparılması üçün memarbaşına xüsusi tapşırıq verir və hesabına pul köçürürdü.
Tikinti işində çalışanların məvacib və mükafatlarını da möhürlədikdən sonra onu baş vəzir təsdiq edirdi. İlin əvvəlində, onun yazdığı təliqə və bu barədə baş vəzirin sərəncamı əsasında xüsusi məmurlar əyalətlərə gedir, saraya lazım olan malları alırdı. Sarayın hamamları və buz anbarlarının qaydaya salınmasına, mətbəx və sairə üçün qış odunu tədarük edilməsinə, tövlələr və dəvəliklərin ehtiyacı üçün arpa, saman tədarükünə də o nəzarət edirdi.
Nazir-i büyutat sarayın otuz üç karxanasının başçısı olub, eləcə də sahibcəmlərin və hətta əmir-axurbaşı, cəbbadarbaşının ağsaqqalı idi. I Şah Təhmasibin dövründə Qazi İmad İsfahani, Ağa Camal Kirmani, Mirzə Salman Cabiri, Xacə Əbülqasım Fərəhani, Mirzə Əbülfət İsfahaninin nazir-i büyutat vəzifəsində çalışdıqları məlum olsa da, onların mənsubiyyətləri haqqında dəqiq söz demək mümkün deyil. Ancaq I Şah Abbas dövründə nazir-i büyutat olmuş Zaman bəyin və I Şah Səfinin nazir-i büyutatlarından Zaman bəyin oğlu Hüseynxan bəyin, Məhəmmədəli bəyin Qızılbaş olması şübhə doğurmamalıdır. I Şah Səfinin dövründə isə Şamlı əyanlarından Astrabad bəylərbəyi Hüseyn xan nazir-i büyutat vəzifəsində olmuşdu.
"Abbasnamə"də II Şah Abbasın hakimiyyətinin ilk illərində Məhəmmədəli bəy adlı şəxsin saray karxanalarının rəisi, yəni naziri büyutat olduğu qeyd edilir. H.1059 (m.1649)-cu ildə nazir-i büyutat Məhəmmədəli bəy vəfat edir və onun vəzifəsi müəyyir ülməmalik Məhəmməd bəyə verilir. Müəyyir ül-məmalik vəzifəsinə isə Məhəmməd bəyin qardaşı Hüseyin bəy təyin edilir.
H. 1063 (m.1653)-cü ildə baş vəzir Xəlifə Sultan vəfat etdi və baş vəzir vəzifəsinə nazir-i büyutat Məhəmməd bəy təyin edilir. Nazir-i Büyutat vəzifəsi isə Səfiqulu bəy qulame xasse-ye şərifə yasovule söhbətə tapşırılır. H.1074 (m.1663)-cü ildə nazir-i Büyutat Səfiqulu bəy diqqətsizlik və etimadsızlıq göstərib dövlət əmlakını mənimsəyir. Şah onun həbsi və əmlakının da müsadirə edilməsi barədə göstəriş verir. Şahın göstərişi ilə eşikağasıbaşı Uğurlu xan bu əmri icra etməli idi. O, Səfiqulu bəyi Kəlat həbsxanasına salıb əmlakını da müsadirə edir. Nazir-i Büyutat Xələf bəyin oğlu Süfrəçibaşı Maqsud sultan təyin edilir.
"Təzkirət əl-müluk" da göstərilir ki, divanbəyi də "üməra-ye əzəm", (böyük əmirlər) sırasına daxil olub, daşıdığı vəzifə səlahiyyətinə görə həftədə dörd gün, sədrlərlə birlikdə divanbəyilərə məxsus keşikxanada, sədrlərin hökmü ilə, adam öldürmək, namusa təcavüz, göz çıxarmaq və diş sındırmaqdan ibarət olan dörd cinayət barədə günahkarların işinə baxırdı. Divanbəyi məmalik-i məhrusədə zülmkarlıqla bağlı müraciətləri, şəhər və kənd əhalisinin bir-birindən dörd-beş tüməndən artıq olan pul iddialarına aid şikayətlərini də təhqiq edirdi. Şəriət hökmlərinin icrası, şəhərlərdə nizam-intizamın qorunması, güclülərin zəiflərə zülm etməsinin qarşısının alınması da divanbəylərin səlahiyyətinə daxil idi. Divanbəyi mülkü və cinayət məhkəmələrinin rəisi olub, ölkədəki həbsxanalara da o nəzarət edirdi. Tavernye yazırdı ki, divanbəyi ədliyyə məsələləri üzrə əsas dövlət məmuru olub, ölkədə qanunların icrası və günahkarların cəzalandırılması məsələlərinə baxırdı. Ölkədə bütün şikayətçilər ona müraciət edir və Şah da onun divanında iştirak edirdi.
Zülm, təcavüz və dörd cinayət hadisəsi barədə divanbəyinə şikayət edildikdə və bu hadisə şəhərdən on- on iki ağacdan uzaq məsafədə baş verməmişsə, divanbəyi xidmətçilərindən birinə təliqə yazıb, təhqiqatı ona həvalə edərdi. Hadisə qeyd olunan məsafədən uzaqda baş verdikdə və mövcud qaydaya görə bu qətl məsələsi ilə bağlı olduqda ərizə verən şəxs beş tümənə də verməli idi. Bundan sonra divanbəyi və divanxana katibi hər biri ayrıca təliqə yazır və işə baxmaq üçün hökm verilirdi. Hökm xüsusi dəftərə qeyd olunduqdan sonra iltizam (öhdəlik) pulu mühəssilin hesabına köçürülür və ondan da başqa vəsaitlər kimi istifadə olunurdu. Həftənin iki gününü isə divanbəyi öz evində adi haqq-hesab şikayətlərinə baxırdı. Divanbəyinin hökmləri məmləkətin bütün böyükləri, əyalət xanları, hakimləri tərəfindən qəbul olunaraq icra edilirdi.
Divanbəyiyə dövlət vergiləri, baş vəzirə tabe məmurlar və qələm əhlinə aid mübahisəli məsələlərlə bağlı şikayətlər daxil olduqda o bunları baş vəzirə göndərməli idi. Eləcə də şikayət edən tərəflərdən biri qorçu, qulam və başqa ordu qulluqçusu, yaxud büyutat xidmətçisi olduqda, o zaman divanbəyi hər idarənin öz ağsaqqalına müraciət edərdi. Şəhər və kənd əhalisi ilə bağlı olan başqa mübahisəli məsələləri divanbəyi özü səbəst həll edirdi. Vilayətlərdən bir qrup adam bəylərbəyi, sultanlardan şikayət məqsədilə şah sarayına gəlib, baş vəzirə deyil, divanbəyiyə müraciət etdikdə, divanbəyi onların hər birini dinlədikdən sonra bütün bunları Şaha ərz edib, məsələni hökumətin məsləhəti, məmləkətin qanununa uyğun yolla həll edirdi.
Dövrün qaynaqlarında divanbəyi vəzifəsinə dövləti quran və onu yaşadan Türk əyanlarının təyin olunmasına dair məlumatlar verilmişdi. Hələ I Şah İsmayıl zamanında dövlətin qurulmasında fəal iştirak etmiş Hüseyn bəy Lələ Şamlı bir müddət divanbəyi vəzifəsində olmuşdu. Sultan Məhəmməd Xudabəndə dövründə bu vəzifə Ustaclı əmirlərinin əlində olmuşdu.
I Şah Abbas hakimiyyətə keçdikdən sonra haqqında danışılan orqanda türk əyanları yenə aparıcı mövqeyə malik olmuşdu. 1615-ci ildə Şamlı elinin Bəydili obasından Əliqulu bəy (xan) divanbəyi idi. 1619-cu ildə isə Şamlı eli əyanlarından Kəlbəli xan divanbəyi təyin edilir. I Şah Abbasdan etibarən bu vəzifəni uzun müddət Şamlı əmirləri öz əllərində saxlamışdılar. 1642-ci ildə Ali məclis çağrılmış, eşikağasıbaşı Murtəzaqulu xan Biçərli Şamlı divanbəyi təyin edilmişdi.
1645-ci ildə saray dəftərxanasının naziri Şamlı Uğurlu xan divanbəyi olur. Səfəvi dövlətinin idarə quruluşunda məsul məmurlar arasında V.F.Minorskinin qeyd etdiyi kimi vaqiyənəvis adlanan məclisnevisin də önəmli rolu vardı. Onun hüquq və səlahiyyətləri haqqında Tavernye yazır ki, vaqiyənəvis dövlətin ən böyük münşisi, yəni katibidir. Bu vəzifəyə Şaha çox yaxın olan adam təyin olunurdu. O, Ali məclisdə bütün ərizə və dövlət sənədlərini Şahın hüzurunda oxuyurdu. Şahın şəxsi katibi olan vaqiyənəvis məşvərətçi orqan olan ali məclisin iclaslarını sənədləşdirir, vilayət başçılarına, xarici dövlətlərə Şahın adından məktubları yazır və arxivə nəzarət edirdi. Ancaq Ali məclisdə vaqiyənəvslərlə yanaşı başqa mirzələr də vardı ki, onlara münşi əl-məmalik başçılıq edirdi. Əslində bu məclisdə vaqiyənəvislə birlikdə yazı işlərinə baxan münşi əl-məmalik arasında səlahiyyət bölgüsü baxımından ciddi fərq yox idi.
Mirzə Səmianın canqi əmiri adlandırdığı vaqiyənəvis haqqında Holşteynli Adam Olearinin də gündəliyində maraqlı məlumatlar var. O, yazır ki, sarayın, yaxud şahın müşavir və katibi olan vaqiyənəvis şahın məktublarını, hökmlərini, fərmanlarını yazır, həmçinin dövlətin mədaxili və məxaricinin hesablarını aparırdı.
Vaqiyənəvis Mirzə Məsum adlı şəxsin rəhbərliyi altında 40 nəfər mirzə fəaliyyət göstərirdi. O, Qəzvin şəhəri yaxınlığında Əlvənd dağının ətəyindəki Dərmən adlı kənddən olub, adi kəndli oğlu idi. Bu bölgədə Dərmən və Saru adlı iki kənd yerləşir ki, ən yaxşı mirzələr də buradan çıxırlar. Mirzələr gözəl xətlə yazmağı bacarmalıdırlar ki, elə bu səbəbə görə də bu kəndlərin tarlalarında, çoban komalarında addımbaşı yazı yazmaqla məşğul olan gəncləri görmək olur.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor