BQXK həbsdə olan erməni separatçılara baş çəkdi Hadisə

BQXK həbsdə olan erməni separatçılara baş çəkdi

Aprel ayında Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş cəkiblər.

Bunu Trend-in sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Qeyd olunub ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Qeyd edək ki, ötən il Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejimə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.