“Bu atəşkəs növbəti danışıqlar üçün “pəncərə” rolunu oynayır” Dünya

“Bu atəşkəs növbəti danışıqlar üçün “pəncərə” rolunu oynayır”

“İsrail ilə Livan arasında əldə olunan 10 günlük atəşkəs razılaşması qısa müddətli gərginliyin azaldılması baxımından mühüm addım kimi görünür, lakin onun davamlılığı bir neçə ciddi amildən asılıdır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

O qeyd edib ki, əsas məsələ odur ki, bu razılaşma yalnız iki dövlət arasında deyil, faktiki olaraq İsrail ilə Livanda fəaliyyət göstərən Hizbullah arasında balansın qorunmasına yönəlib: “Əgər atəşkəs mexanizmləri konkret nəzarət və monitorinq mexanizmləri ilə müşayiət olunmazsa, xüsusilə sərhəd bölgələrində lokal toqquşmaların yenidən alovlanması ehtimalı yüksək qalır. Bundan əlavə, tərəflərin strateji məqsədləri dəyişmədiyi üçün bu cür razılaşmalar adətən taktiki fasilə xarakteri daşıyır”.

Politolqun sözlərinə görə, digər tərəfdən, atəşkəsin davamlı olub-olmaması regional və beynəlxalq aktorların davranışından da ciddi şəkildə asılıdır: “ABŞ, Fransa və digər vasitəçilərin təzyiqi davam edərsə və Livan daxilində siyasi qüvvələr Hizbullah üzərində müəyyən nəzarət yarada bilsə, bu müddət uzadıla bilər. Lakin İsrailin təhlükəsizlik narahatlıqları, xüsusilə raket hücumları riski, eləcə də Livanın daxili zəif institusional vəziyyəti bu prosesi kövrək edir. Nəticə etibarilə, bu atəşkəs daha çox növbəti danışıqlar üçün “pəncərə” rolunu oynayır, uzunmüddətli sabitlik isə yalnız daha geniş siyasi razılaşma və təhlükəsizlik arxitekturası qurulduğu halda mümkün görünür”.

Röya İsrafilova