Haqqa ümid edənlər… Hadisə

Haqqa ümid edənlər…

Azərbaycanda məhkəmə qərarları cəmiyyətdə kifayət qədər müzakirə olunan mövzulardandır.
İnsanlar daha çox ciddi məhkəmə araşdırmaları olmadan tələsik və nəticədə ədalətsiz qərarlar verildiyi qənaətindədirlər. Həmin şikayətlərin necə yarandığını isə nümunələrdən birində- redaksiyamıza üz tutan Rza Yusibovun şəxsində əyani görmək olar.
Ömür boyu nəinki məhkəmənin iclas salonlarını, heç yerli polis sahə müvəkkilini belə tanımayan Rza Yusibov iki ildən artıqdır ki, Azərbaycanın hüquq-mühafizə, ədliyyə orqanları və məhkəmə instansiyaları ilə təmasdadır.
Buna zorən təmas da demək olar.
Hər şey 2000-ci illərin əvvəllərində başlayıb: Azərbaycan Respublikasında yaradılmış münbit biznes mühiti Rza Yusifovu da cəlb edir və o özü öz taleyinin yiyəsi olmaq qərarına gəlir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq fikrinə düşən Yusibov, necə deyərlər, "günəş altında yer" axtarışına başlayır və nəhayətdə imkanlarına uyğun bir ünvan müəyyənləşdirərək Binəqədi rayonu Xocasən bələdiyyəsinə üz tutur. Bələdiyyəyə uzunmüddətli müraciətlərindən və get-gəllərdən sonra tale Yusibovun üzünə gülür. Nəticə olaraq Xocasən bələdiyyəsinin 29 mart 2006-cı il tarixli, 07/29 nömrəli qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 kv. metr torpaq sahəsi ayrılır. Bələdiyyə ilə alqı-satqı müqaviləsi, torpağın xüsusi mülkiyyətə keçməsini təsdiq edən sənədləşmə işləri başa çatandan sonra Yusibov tikintini təkbaşına həyata keçirə bilməyəcəyini hiss edir və qardaşı Rafail Məmmədova üz tutur. Beləliklə də iki qardaş tikinti ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə əsasında tikinti işlərini başlayar. İşlərin yekunlaşmasına xeyli qalmış məlum olur ki, maddi imkanları nəzərdə tutulan məqsədin başa çatdırılmasına imkan verməyəcək və buna görə də onlar şərtlərin ağırlığına baxmayaraq banka üz tuturlar. Bankdan alınan vəsait imdada yetir, işlər başa çatır və qardaşlar, nəhayət ki, arzusunda olduqları obyektlərini başa gətirirlər. İşlədikləri müddətdə bankdan alınan kreditlərin ödənilməsi başa çatar-çatmaz bəd xəbər onları
haqlayır: Abşeron Rayon İcra Hakimiyyəti baş yolu genişləndirmək qərarına gəlib və genişləndirməyə mane olacaq tikililər söküləcək.
Və 2014-cü il may ayının 4-də qardaşların obyekti sökülür.
Maraqlıdır ki, nə xüsusi mülkiyyətin sökülməsi ilə bağlı tapşırıq verən Abşeron RİH, nə də söküntünü həyata keçirən "Birlik-7" MTK-sı sahibkarlara heç bir məhkəmə qərarı vermədən (onlar belə bir qərarı almağı da lazım bilməyiblər) avdanlıqları və mebelləri çıxarılmayan obyekti bulduzerin ağzına veriblər.
Beləliklə də içində 50 min manatlıq avadanlıq və qurğular olan, ancaq dizayn-rəngsaz işlərinə 30 min manat xərclənmiş üçmərtəbəli bina üç günün içində,sözün birbaşa mənasında, yerlə yeksan edilir.
Qardaşların müxtəlif instansiyalara ardıcıl müraciətləri nəticəsində "Birlik-7" MTK guya ki, "rəhmə gəlir" və kompensasiya kimi onlara 135 min manat ödəyir. Ödənilən məbləğin ancaq torpaq üçün olduğu sənədlərdə də əks olunur.
Bəs üçmərtəbəli bina və onun içindəki qurğu-avadanlılar, mebel necə? MTK adından danışan adamlar bu, bizlik deyil- deyirlər. Halbuki söküntüdən bir-neçə ay əvvəl yenə bankdan kredit götürmək istəyən qardaşlar "Daşınmaz Əmlakın İnventarlaşdırılması Xidməti" MMC-yə müraciət edərək onlara məxsus obyektin qiymətləndirilməsini sifariş etmişlər. Bu sahə üzrə ölkəmizdə xüsusi nüfuzu olan qurum Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən obyektin qiymətləndirilməsini apararaq onun qiymətinin 1 milyon manat olması ilə bağlı hesabat cədvəli təqdim etmişlər.
"Centlmen sövdələşməsinin" nəticəsizliyini görəndən sonra qardaşlar öz haqlarını məhkəmə müstəvisində müdafiə etmək istəyərək Xəzər Rayon Məhkəməsinə üz tuturlar. Maraqlıdır ki, rayon məhkəməsi iddiaçının təqdim etdiyi yazılı və video materiallar əsasında dəyən zərərin 1 milyon manat olduğunu görsə də qərarı cavabdehin xeyrinə çıxarır. Hakim Əkrəm Qəhrəmanovun imzaladığı qətnamə belə əsaslanır: " … qarşı zərərin ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin."
Qətnamə sübutların ortada olduğu halda belə verilir.
İddiaçı və onun müdafiəsini təşkil edən hüquqşünaslar isə hesab edirlər ki, məhkəmə instansiyasının çıxardığı qətnamə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217-ci maddəsinin tələblərinə zidd olub. Bununla da həmin məcəllənin 385, 386 və 387.1.-ci maddələrinin tələbləri nəzərə alınmayaraq olunmayaraq iddiaçının Azərbaycan Respublikası və Beynəlxalq Qanunlarla müdafiə olunan hüquqları kobud şəkildə pozulub.
Zərərçəkənlər Azərbaycan Respublikası adından qərar verən insanların heç də Azərbaycan Respublikası Qanunlarının ruhuna hörmət etdiklərinə inanmır və buna görə də sonacan öz haqları uğrunda getməklə o haqqa qovuşacaqlarına əmindirlər.

P.S. Yeri gəlmişkən, zərərçəkənin qardaşı, elə özü də artıq zərər çəkmiş şəxsə çevrilən Rafail Məmmədov ömrü boyu hesab etmişdi ki, o, siyasətdən uzaq adamdır . Lakin 22 il əvvəl, 1994-cü ilin oktyabrına o vaxtkı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə öz beşinci kalonu ilə təzyiq etməkdə qərarlı olan xarici qüvvələrin iradəsi ilə hərəkətə keçən qüvvələrin dövlət çevrilişinə növbəti cəhdi zamanı o, kənarda qala bilməyib. Prezident Heydər Əliyevin çağırışı ilə Prezident Adminstrasiyasında canlı sədd yaradan insanların içində o,birincilərdən olub. Həmin məqamlar akademik Ramiz Mehdiyevin məsul olduğu "Qəsd" kitabında anbaan diqqət çəkir.

Firuz Kazımoğlu