Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi Hadisə

Azərbaycan Səfəvilər dövlətində idarəetmə sistemi

3-cü yazı

Vilayət daxilində bəylərbəyilərə geniş maliyyə hüquqları da verilmişdi. Ancaq bəylərbəyilərin maliyyə məsələlərində hüquqları müxtəlif dövrlərdə azalıb-artmış və bütün vilayətlərdə eyni olmamışdı. Vilayətlərdən alınan dövlət vergiləri bir qayda olaraq divan dəftərində qeydə alınırdı. Ancaq bəzi hallarda vilayət vergiləri divan dəftərində qeyd olunmur və şah bəylərbəyiyə vergiləri toplamaqda tam sərbəstlik də verirdi. Qazi Əhməd Quminin yazdığına görə h.953 (1546)-cü ildə Şirvan bəylərbəyi Əlqas Mirzə şaha yüz tümən verməyi öhdəsinə götürmüşdü ki, bu da Şahlıq qızılı (zəri şahlıq) adlanırdı. H.954 (1547)-ci ildə Şah divan dəftərindən bu pulu sildirib həmin vilayətin yoxsullarına bağışlayır.
Həmin ildə Şah Şirvanın bütün vergilərini (darai-ye təmam an vilayət-ra) Əlqas Mirzəni əvəz edən İsmayıl Mirzəyə verir. Yəni Şahlıq qızılı da daxil olmaqla divan dəftərində qeydə alınan vergilərin hamısı onun nəzarəti altında yığılmalı idi. Göstərmək lazımdır ki, vilayətlərdən vergilər Səfəvilər hakimiyyətinin ilk illərində Uzun Həsən "Qanunnamə"si əsasında toplanırdı. H.963-cü (1555-56) ildən isə Sədr Mir Zeynəddin sədrlik işinə başlarkən məmləkətin idarə olunması və vergilərin toplanılması, miqdarı və qaydası haqqında "Dəstur-ül-əməl" tərtib etmişdi. Artıq 1556-cı ildən vergilər ölkə miqyasında qeyd olunan bu təlimat əsasında alınırdı.
I Şah Təhmasib və I Şah Abbasın dövründə vilayətlərdə maliyyə məsələləri ilə məşğul olan vəzirlərin də hüquqları genişləndirilmişdi. Lakin bu vəzirlər yenə də bəylərbəyinin yaxın qohumlarından olmaqla, onun məsləhəti ilə işə qəbul olunur və işdən götürülürdü. Məsələn, 1693-1694-cü il hadisələri barədə məlumat verən C.Kareri yazır ki, Azərbaycan vəziri Mirzə İbrahim buranın bəylərbəyi Mirzə Tahirin atası idi.
Dövlətin bəylərbəyilərin hüquqlarını məhdudlaşdırmağa cəhd etməsinə baxmayaraq onlar vilayət daxilində maliyyə məsələləri ilə əslində sərbəst məşğul olurdular. Belə ki, əhalinin siyahıya alınması, vergilərin toplanması və digər işlərdə hətta I Şah Abbasın islahatlarından sonra da onların səlahiyyəti faktiki olaraq əvvəllərdə olduğu kimi qalırdı.
K.Zəkəriyyənin əsərində bu barədə ətraflı məlumat verilir. O yazır ki, Çuxur-Səd bəylərbəyi Əmirgunə xan Qacar (1605-1625) Aslan ağa adlı bir nəfəri amil təyin etmişdi. Vergi toplamaq üzrə məsul məmur olan amil xanın göstərişi ilə kişiləri siyahıya almalı və əmlaklarının həcmini müəyyənləşdirməli idi. Şahqulu bəyi isə vergi üzrə nəzarətçi və hesabdar təyin etmişdi. E.Kempfer isə yazır ki, xanın hökmdar olduğu ərazilərdən əldə edilən gəlir onun şəxsi malı kimidir və onun özünün ixtiyarındadır.
Xan Şahın müəyyən sayda qoşununu öz məntəqəsində saxlamalı və ya onun hökmranlıq etdiyi ərazidən kənarda olan əsgərlərin xərcini verməlidir. Eyni zamanda, hökmranlıq etdiyi ərazi kiçikdirsə, oranın məhsullarının müəyyən miqdarını Şahın aşbazxanasına göndərməlidir. Lakin ərazisi genişdirsə bir ay ərzində qoyun, göyərti, meyvə ehtiyatı toplayır və ona növbə çatanda saraya göndərir. Bundan əlavə, yeni ilin birinci günü o, Şaha peşkəş də göndərməyə borclu idi. Peşkəşin miqdarı qabaqcadan müəyyən olunurdu. Peşkəşin bir hissəsi nəqd pul, digər hissəsi isə xalça, xalı, pərdə, çini qablar, ipək, pambıq, yun, at, dəvə, qatır, quş formasında göndərilirdi. Şah bunun qarşılığında xana mehribanlıq əlaməti olaraq 12 tümən miqdarında xalat verirdi.
Göründüyü kimi, vilayətin maliyyə məsələlərində bəylərbəyi sərbəst olsa da, Şaha, baş vəzirə peşkəşlər göndərməli, saray xərclərinin müəyyən hissəsini ödəməli, qoşunun bir qismini təmin etməli idi. Ancaq bunun müqabilində XVII yüzilliyin 80-ci illərində Engelbert Kempferin və Tavernyenin yazdıqlarına görə xanın özünün şəxsi gəliri 7-8 min tüməndən az olmurdu.
Dövrün Avropa ədəbiyyatı ilə müqayisədə "Təzkirət əlmüluk " da vilayət bəylərbəyi, mahal və ölkə hakimlərinin illik gəliri haqqında aşağıdakı ətraflı məlumatlar verilmişdi. Bəylərbəyilər bir qayda olaraq hərbi xərcləri vilayət ərazisindəki dövlət əmlakı hesabına ödəyirdilər. Bastani Parizi bununla əlaqədar olaraq yazır ki, vilayətdə olan dövlət əmlakı yerli hakimlərin ixtiyarında olub, onlar bu əmlakı ya öz qulluqçularının tiyuluna həvalə edir və ya onlardan əldə edilən gəliri toplayıb öz idarə xərclərini, xüsusilə vilayətdə olan qoşunun xərcini ödəyirdilər.
Vilayət ərazisində Şah tərəfindən fərmanla verilən tiyul və soyurqalların, vəqf əmlakının maliyyə işlərinə bəylərbəyi birbaşa qarışa bilməzdi. H. 947 (1540-41)-ci ildə Salyan və Mahmudabad Qazi xan Təkəliyə tiyul verilmiş və bu zaman hər iki mahal inzibati ərazi bölgüsünə görə Şirvanın tərkibində idi. Qazi xan Təkəli həm də həmin mahalların hakimi təyin edildiyindən tiyulun maliyyə işləri də elə ona tapşırılmışdı. Tiyulun maliyyə işlərində onun müstəqilliyinə baxmayaraq, Salyan və Mahmudabad Şirvana daxil olduğuna görə o, Şirvan hakimi Əlqas Mirzəyə tabe idi. Vilayət daxilindəki soyurqalların sahibləri isə tiyuldardan fərqli olaraq daha geniş hüquqlara malik olurdular. Məsələn, 1647-ci il fərmanı ilə II Şah Abbas Arandakı gəliri 45350 dinar olan Xaçın mahalını qorçubaşı Göycə bəyə soryurqal verərək göstərir ki, həmin əyalətin kətxuda və rəiyyəti vücuhat və malcəhəti ona versinlər və hakim, darğa onun işlərinə qarışmasınlar. Vilayət daxilində mahal tiyul və ya soyurqal şəklində kiçik hakimə verildikdə belə burada xüsusi qayda hökm sürürdü.
Mahallarda torpaq və vergi işləri ilə əlaqədar mübahisəli məsələləri Şahın göstərişi ilə bəylərbəyi həll edirdi. Məsələn, Şəki haqqında I Şah Səfinin 1633-cü il oktyabr tarixli fərmanından aydın olur ki, Şəki hakimi Aslan Sultan rəiyyətin torpağını tutub, özü əkdirdiyinə və eyni zamanda onlardan malcəhət də aldığına görə onlar Şaha şikayət etmişlər. Şahın göstərişi ilə Şirvan bəylərbəyinin vəkilləri bu işi yoxlamalı, şikayət düz olarsa, rəiyyətin torpaqları geri qaytarılmalı və onlardan ancaq malcəhət alınmalı idi. 1650-ci ildə Şah tərəfindən verilən fərmanda isə Qax, Şeşpara, Qaraca sakinləri vergi vermədiyinə görə, Şirvan bəylərbəyi Xosrov xandan Şəki hakimi Səfiquluya vergini toplamaqda kömək etmək tələb olunurdu. Bu fərmanlar mahal hakimlərinin iqtisadi baxımdan bilavasitə bəylərbəyiyə tabe olduqlarını təsdiq edir.
Vilayətlərə təyin olunan bəylərbəyilərə Şah tərəfindən tiyul da verilirdi. Həmin tiyulun maliyyə işləri ilə bilavasitə bəylərbəyi özü məşğul olurdu. Lakin onlar vəzifədən azad edildikdə tiyul əllərindən alınırdı. Sanson bu barədə yazır ki, bütün məmləkətin torpağı Şaha məxsusdur. Ancaq torpaq və əmlak əmirlər və ölkənin yüksək rütbəli şəxsiyyətlərinin ixtiyarındadır. Onlara bunu Şah bağışlamışdır. İstədiyi vaxt həmin torpaq və əmlakı onların əlindən ala da bilər. Sansonun bu qeydindən məlum olur ki, bir halda ki, hərbi xidmət müqaibilində verilən torpaqları Şah istədiyi vaxt geri ala bilir, deməli, Səfəvilər dövründə irsən verilən tiyul üzərində də tiyuldarın sahibkarlıq hüququ faktiki olaraq formal xarakter daşıyırdı.
Vilayətin xarici hücumlardan qorunması, burada sakitliyin gözlənilməsi bilavasitə bəylərbəyinin xidməti fəaliyyəti və bacarığından asılı olduğuna görə, onların maliyyə işlərində hüquqlarına ciddi şəkildə toxunulmurdu. Bəylərbəyi vilayətdə dünyəvi və şəri idarələrinə başçılıq və nəzarət edirdi. E.Kempfer yazır ki, xan özünün idarə etdiyi vilayətdə ən yüksək hüquqi bir şəxsiyyətdir. Çox nadir hallarda onun çıxardığı qərar və hökm dəyişdirilir.
Vilayətlərdə ürfi və şəri hüquqa aid məsələlərin həllində hakim böyük rola malik olub, ruhanilərin ixtiyarında olan şəri hüquqi məsələlərin həllində də özü şəxsən iştirak edirdi. Bu halda şəri məsələlər ya hakimin hüzurunda həll olunur və ya məsələ şəri məhkəmədə müzakirə olunduqdan sonra hakim o məsələyə baxıb qərarını bildirirdi. Bir sözlə, vilayətdə işləyən dini məhkəmə işçiləri vilayət hakimindən asılı olub, şəri məsələlər barədə qərar çıxararkən onunla razılaşırdılar. Ümumiyyətlə, hakim bütün şəri mübahisəli məsələlərə şəxsən qarışırdı. Ancaq şəri məhkəmədə xırda məsələlərə baxıldıqda, o, bura darğanı öz tərəfindən nümayəndə göndərirdi. Darğa məhkəmədə hakimi icra məmuru kimi təmsil edirdi. Vilayətlərdə ürfi hüquqa (cinayət) aid olan məsələlərin həllinə də bəylərbəyi səlahiyyətli şəxs kimi qarışırdı. Sanson yazır ki, vilayətləri idarə edən xanlar burada həm də cinayət məhkəməsinin sədri hesab olunurdu. Xanın məhkəməsində çıxarılan hökmə ancaq divanbəyi məhkəməsində yenidən baxıla və dəyişdirilə bilərdi. Xacəki İsfahanının qeydləri bunu bir daha təsdiq edir. O yazır ki, Qarabağ vilayətində "ehdase ərbəə" (ürfi hüquqa aid dörd cinayət işi - gözü kor etmə, adam öldürmə, namusa təcavüz, diş sındırma) işlərini Şah Təhmasib oranın bəylərbəyi Şahverdi Sultan Ziyad oğluna tapşırmışdı.
Bəylərbəyi hakimi olduğu vilayətin ərazisindən keçən karvan yollarının qorunmasına da nəzarət edir və bu sahədə dövlət qarşısında çox ciddi məsuliyyət daşıyırdı. Qazi Əhməd Qumi yazırdı ki, I Şah İsmayılın hakimiyyəti illərindən 1578-ci ilə qədər və I Şah Abbasın dövründə vilayətlərin ərazisindən keçən yollar ciddi qorunduğuna görə tacirlər, səyyahlar rahat, əziyyətsiz, təhlükəsiz səfərə çıxardılar. Lakin Sultan Məhəmmədin hakimiyyəti dövründə (1578-1587) yollar olduqca qorxulu və təhlükəli olmuşdu. Yollarda tez-tez ticarət karvanları soyulurdu. Yalnız I Şah Abbasın islahatı nəticəsində yolların təhlükəsizliyi yenidən təmin olundu. Şahın əmri ilə yollarda oğurlanmış mallar müəyyən olunmuş vaxt ərzində tapılıb sahibinə çatdırılmalı idi. Bu məsələdə məsuliyyət daşıyan bəylərbəyi oğurlanmış malı vaxtında tapmadıqda, onun dəyərini sahibinə özü ödəməli idi. Artıq vilayətdə oğurluqla əlaqədar cinayət məsələləri ilə bəylərbəyi şəxsən özü məşğul olurdu.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor