Qadınlar üçün sığınacaq yardım mərkəzləri yaradılacaq Hadisə

Qadınlar üçün sığınacaq yardım mərkəzləri yaradılacaq

Məişət zorakılığının qarşısının alınması məqsədilə dövlət tərəfindən qadınlar üçün sığınacaq yardım mərkəzlərinin yaradılması müzakirə edilir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Mərkəzlərdə zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt", ailə psixoloqu və digər lazımi xidmətlər göstəriləcək. Hazırda Azərbaycanda 10 QHT-nin xətti ilə yaradılmış sığınacaq var. Lakin dövlət tərəfindən sığınacaqların yaradılmasına ehtiyac olduqca çoxdur.
Qeyd edək ki, ölkənin 11 regionunda Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Onlar icmada risk qrupuna aid olan ailə, qadın və uşaqlara dəstək göstərir, vətəndaşların müraciəti əsasında onları müxtəlif xidmətlərə yönəldirlər. Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi olaraq qadınlar və uşaqlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda "dəyirmi masa"lar, seminar- treninqlər təşkil edilir. Təcili preventiv tədbirlərin keçirilməsi məqsədilə regionlarda monitorinq komissiyaları yaradılıb. Hər rayonda yerlərdə məişət zorakılığının qurbanlarına reabilitasiyanın və hüquqi psixoloji yardımın edilməsi məqsədilə dövlət qulluqçularının təlimləndirilməsi carı ildə də davam edəcək. Təlimlərə QHT-lərin nümayəndələri də cəlb ediləcək.