Alim-general Əli ağa Şıxlinski Hadisə

Alim-general Əli ağa Şıxlinski

1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində onun müstəsna rolu olub

2-ci yazı

"Dekabrın otuz birində mən öz qərargahımın ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin təşkilində böyük əngəllərə rast gəlirdik". "Açıq söz" qəzeti 1918-ci il 7 yanvar tarixli nömrəsində nizami müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymışdı:
"Yanvarın üçündə Mərkəzi Müsəlman Zaqafqaziya Komitəsinin üzvü, Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri təşkilatı haqqında məruzədə bulunub. Məruzədən anlaşıldığına görə 1917-ci il dekabrın on birində Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami ordu təşkil etməsi qətnaməsini çıxarıb. Nizami ordu üçün lazımi qədər könüllü cəm edilməsi Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinə həvalə edilib. Nizami ordu təşkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri verginin ləğv edilməsi haqqında Zaqafqaziya Komissarlığı tərəfindən dekret veriləcək. Zaqafqaziya Komissarlığının qətnaməsinə əsasən dekabrın on doqquzunda beşinci və yeddinci Qafqaziya nişançı firqələrindən ibarət olan altıncı ordu korpusunun Müsəlman Ni¬zami ordusu ilə əvəz edilməsi haqqında Qafqaziya cəbhəsi qo¬şunlarının baş komandanı tərəfindən "Əmrnamə" verilib. Həmin əsgər dəstələrini milliləşdirmək işlərinin nəzarəti general Əli ağa Şıxlinskiyə həvalə edilib. General Şıxlinski öz vəzifəsinin ifasına başlayıb".
1918-ci il fevralın iyirmisində general Əli ağa Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdi: "Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyil və ondan ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. O, Vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır. Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu təəssüf etmədən onlarla vidalaşır. Özlərini düşünən mənasız adamlar ordunun işini artırmasınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmayacaq".
General Əli ağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söyləmişdi. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsil naziri Nəsib bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general İbrahim ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.
Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də "Azərbaycan" qəzetində (rus dilində) yazır ki, ertəsi gün Bakıdan gəlmiş qonaqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yol-landılar. Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün Milli bayramına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa etməyə gəlmişdi. Ətrafda bayram əhvali-ruhiyyəsi var idi.
Əlahiddə Azərbaycan korpusunun komandanı general Əli ağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə yaxınlaşıb salamlaşdı. General Əli ağa Paşanın mehriban "salamına" birdən-birə səkkiz yüz gəncin ağzından gurultulu "salam" cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə başlandı. 1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində Əli ağa Şıxlinskinin müstəsna rolu olmuşdu.
Doğma xalqın nizami ordusunu yaratmaq istəyən general uzun illik hərbi təcrübəsindən gecə-gündüz istifadə edirdi. Yetmiş ildən çox Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində "tamamilə məxfidir" qrifi ilə saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq edir. Milli Azərbaycan korpusunun komandiri general Əli ağa Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi "Məlumat"ında yeni Azərbaycan Ordusunun layihəsini hazırlamışdı. General yazırdı: "Azərbaycanın müstəqil respublika elan edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini artıq hazırlamışdım; layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə edilb".
Vəziyyətlə əlaqədar Əli ağa Şıxlinski layihəsində təklif edir ki, vaxtilə türk zabitlərinin köməyi ilə yaradılmış hərbi korpus ləğv edilsin. Müharibə şəraitində bu azlıq təşkil edir. "Əvəzində divi-ziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və onun köməkçisinə tabe olunsun".
Gözəl təlim və tərbiyə almış, Mancuriyada uğurla döyüşən, yüksək döyüş qabiliyyətli Yapon ordusunun korpus təşkilatı haqqında təsəvvürü belə yox idi. Şıxlinski layihədə incə bir mətləbə də toxunmuşdu. May ayında ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy Sultanov təyin edilmişdi. O da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin köməyi ilə ordunun təşkilində bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti yüngülləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qon-şuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət elan olunmuşdu. Belə şəraitdə mülki şəxsin hərb naziri olmasını peşəkar hərbiçi olan Əli ağa Şıxlinski məsləhət bilmirdi. Ona görə də haqlı olaraq yazırdı ki, hərb naziri – əgər o, mülki şəxsdirsə – onda o özünün yanında səlahiyyətli şəxslərin çox ki¬çik sayından hərbi şura yaratmaq və qoşunların təlim və tərbiyəsinə bilavasitə nəzarət etmək üçün köməkçi təyin etməlidir.
Mətndən o da məlum olur ki, general Əli ağa Şıxlinski layihəni artıq ikinci, bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndərib. "Hökumət Gəncə şəhərinə köçən kimi (iyun ayının əvvəlində) mənim layihəm hərb nazirliyi müəssisələrinin müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə təqdim edilmişdi. Ehtimal edilirdi ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər Sovetinin müvafiq iclasına dəvət ediləcək korpus komandiri şəxsən özü təqdim edəcək. Lakin mən heç bir yerə dəvət edilməmişəm və layihə haqqında heç bir xəbərdarlıq almamışam. Güman edirəm ki, layihə heç müzakirə edilməyib. Çünki Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi və bunun üçün lazım olan xarici kömək ilə əlaqədar olaraq yaranmış xüsusi şəraitə görə hökumət hərb naziri təyin etməkdən imtina edib".
Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da isə general-leytenant Əli ağa Şıxlinski hərb nazirinin müavini təyin edildi.
* * *
"…Əli ağa Şıxlinski Cümhuriyyət dövründə Səməd bəyin müavini olmaqla bərabər həm də onun sağ əli idi. Səməd bəy Ə.Şıxlinskinin işıqlı zəkasını, hərbçilik istedadını və nəhayət, insani keyfiyyətlərini yüksək qiymətləndirirdi. Səməd bəy Ə.Şıxlinskinin bilik və təcrübəsindən özü bəhrələndiyi kimi, ordu quruculuğunda da ondan geniş istifadə edilirdi. Ordu quruculuğu prosesinin elmi-praktik biliklər tələb edən məsələlərinin həlli əsasən Ə.Şıxlinskiyə həvalə edilirdi və həmin məsələlərin keyfiyyətlə həll ediləcəyinə də Səməd bəydə heç vaxt şübhə olmazdı. Səməd bəy insani qısqanclıqdan həmişə uzaq olmuşdu və vaxtilə rastlaşdığı bir çox hərbiçilərdən fərqli olaraq o, Ə.Şıxlinski kimi bir hərbiçi ilə birgə xidmət etməyi nəinki karyerasına təhlükə saymamış, əksinə, onun nazir müavini olmasını təkidlə Cümhuriyyət hökuməti qarşısında qaldırmışdı. Səməd bəy bilir¬di ki, Ə.Şıxlinski bütünlükdə Nazirliyin yükünü öz üzərinə götürməyə qadir olan bir şəxsdir və onun xidmət başında olması xalqına yalnız fayda verə bilər. Nazirlikdə olmadığı vaxtlarda da Səməd bəy nazir vəzifəsinin icrasını Ə.Şıxlinskiyə həvalə edərdi. Cümhuriyyət dövründə hərbi nazirin vəzifəsini digər generallar da icra ediblər. Ancaq bu o zaman olurdu ki, həm Mehmandarov, həm də Ə.Şıxlinski xidməti ezamiyyətdə olurdular.
General Ə.Şıxlinskinin Cümhuriyyət ordusunun təşkilində çox böyük xidmətləri var. Onun komandanlığı altında yaradılmış Müsəlman korpusunun və Azərbaycan korpusunun tarixinə toxunmadan qeyd etmək lazımdır ki, ilk milli peşəkar milli hərbi məktəbin təşkili də əslində Ə.Şıxlinskinin adı ilə bağlanmalıdır. Gəncədə açılan bu məktəbin – Milli hərbiyyə məktəbinin işə başlaması çox vaxt tarixi ədəbiyyatda türk hərbiçilərinin fəaliyyəti ilə bağlanılır. Sözsüz ki, Milli hərbiyyə məktəbinin fəaliyyətə başlamasında, ilk milli hərbi kadrların hazırlanmasında türk hərbiçilərinin böyük zəhmətini qiymətləndirməmək olmaz. Ancaq ədalət naminə o da bildirilməlidir ki, Milli hərbiyyə məktəbinin əsası Ə.Şıxlinski tərəfindən qoyulub. Bu məktəbin təşkili üçün Ə.Şıxlinski Müsəlman korpusunun komandiri kimi 1918-ci ilin əvvəllərində əmr vermişdi. Məktəb Bakıda açıl¬malı idi. Sonradan Bakıda hərbi şəraitin mürəkkəbləşməsi üzündən onun Gəncədə təşkili qərara alındı". (M.Süleymanov. "Mehmandarov" kitabı, Bakı, 2000, səh.167)

Şəmistan Nəzirli
araşdırmaçı