“Müəllimlərin 95 faizi diaqnostik qiymətləndirmədən keçirilib” Hadisə

“Müəllimlərin 95 faizi diaqnostik qiymətləndirmədən keçirilib”

"Təhsil sistemində yeni vasitələrdən istifadə etmək lazımdır". Bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. O bildirib ki, 2013-cü ildə təhsil sahəsində Milli Strategiya təsdiqlənib: "Bu, ilk strategiya olub. Orada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyənləşdirilib. Məktəbəqədər təhsildə irəliləyiş əldə edilib. Əvvəl bu sahədə vəziyyət qənaətbəxş deyildi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların gətirmə faizi 18 faiz idi. Üç ildə bu rəqəm 55 faizə qalxdı".
Nazir əlavə edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: "Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir".
O bildirib ki, Azərbaycanda müəllimlərin 95 faizinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Nəticədə müəllimlərin maaşı 2 dəfə artıb.
"Təhsil prosesini internetə çıxış olmadan təsəvvür edə bilmirik"-deyən nazir bildirib ki, hər kəs bu sahədə olan təhlükələr barədə məlumatlıdır: "Azərbaycan təhsil müəssisələrinə verilən internetdə filtr tətbiq olunur. Onların hansısa radikallığı təbliğ edən və qanunvericilikdən kənara çıxan saytlara çıxışı qeyri-mümkündür. Lakin uşaqların internetə çıxış imkanları yalnız məktəblərdə deyil. Bu baxımdan cəmiyyətlə birlikdə çalışmaq və uşaqların qəyyumluğunu həyata keçirən insanlarla işləmək vacibdir. Bəzi sosial şəbəkələrdə müəyyən yaşdan aşağı uşaqların qeydiyyatı mümkündür. Burada biz izahat işini aparmaqla uşaq psixikasına və şəxsiyyətinə mənfi təsirlərin qarşısını almağa üstünlük veririk".