Fransadakı azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət edib Hadisə

Fransadakı azərbaycanlılar beynəlxalq təşkilatlara müraciət edib

Fransanın Nant şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi növbəti təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə "Xalq Cəbhəsi"nə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Nant şəhərində yerləşən Türk Mədəniyyət Mərkəzində erməni təxribatına etiraz əlaməti olaraq keçirilən toplantıda Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndinə hücumu nəticəsində mülki şəxslərin həlak olmasının Fransada yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu vurğulanıb. Bildirilib ki, bu hadisə işğalçı Ermənistanın beynəlxalq hüququ, insan haqlarını kobud şəkildə pozmasını bir daha nümayiş etdirir.
Tədbirin sonunda baş vermiş hadisə ilə əlaqədar Fransada yaşayan azərbaycanlılar adından müraciət qəbul edilib. Müraciət BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk qrupunun həmsədrlərinə və Avropa Parlamentinə göndərilib.
Müraciətdə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilib.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.