İranlı nümayəndələr media orqanlarında görüşlər keçiriblər Hadisə

İranlı nümayəndələr media orqanlarında görüşlər keçiriblər

Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasındakı Əməkdaşlıq Memorandumu çərçivəsində İranın ölkəmizdə səfərdə olan media fəaliyyətinə məsul qurumlarının nümayəndələri paytaxtda bir sıra görüşlər keçiriblər.
Nümayəndə heyəti üzvlərinin ilk görüşü iyulun 10-da Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) olub. Görüşdə Azərbaycanda medianın inkişafı, son illər bu sahədə əldə olunan nailiyyətlər, jurnalist peşəkarlığı və bu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov nümayəndə heyətinə Azərbaycanda media sahəsindəki vəziyyət, əldə edilən nailiyyətlər barədə məlumat verib. O, ölkədə azad sözə, müstəqil fikrə böyük önəm verildiyini vurğulayıb. Əflatun Amaşov deyib ki, 1998-ci ildə Azərbaycanda MDB-də ilk dəfə olaraq senzura aradan qaldırılıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvindən sonra ölkə mediası müstəqil fəaliyyətə başlayıb. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradılıb. Şura mediada etik prinsiplərin qorunmasına ictimai nəzarəti həyata keçirir.
Trend BİA-nın baş direktoru İlqar Hüseynov qonaqlara rəhbərlik etdiyi agentlik və onun fəaliyyəti barədə geniş məlumat verib.
İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami Trend BİA-nın İranın İRNA Dövlət İnformasiya Agentliyi və "Mehr" Agentliyi ilə əməkdaşlığı barədə söz açıb. Bu münasibətlərin ümumən İran və Azərbaycan arasındakı dostluğun möhkəmlənməsinə xidmət missiyasından məmnunluğunu ifadə edib.
Nümayəndə heyətinin növbəti görüşü də iyulun 10-da reallaşıb. Qonaqları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qəbul edib. Onları salamlayan nazir diqqəti iyul ayının 3-dən 8-dək İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinə çəkib. Tədbirin qarşılıqlı əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəyinə əminliyini vurğulayan nazir son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatların yer aldığını bildirib. Nazir onu da qeyd edib ki, bir neçə gün öncə cəbhə xəttində Ermənistan ordusunun mülki vətəndaşı qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək nümayişi müsbət dəyərləndirilir.
İran nümayəndə heyətinin rəhbəri İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezami dini və mədəni bağlılığı olan iki ölkənin mədəniyyət və turizm sahələrində əməkdaşlığının hər zaman vacib olduğunu qeyd edib. O bildirib ki, bu prosesdə mətbuat nümayəndələri yaxından iştirak etməlidirlər.
İranlı qonaqların iyulun 10-dakı növbəti görüşü Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) gerçəkləşib. İnformasiya agentliyinin baş direktoru Aslan Aslanov Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, qlobal problemlərin müzakirə olunduğu məkana çevrildiyini vurğulayıb. Bu tendensiyanın media fəaliyyətində də əksini tapdığını deyən Aslan Aslanov ölkəmizdə jurnalistikanın inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb. Baş direktor mövcud xüsusdakı fikirlərini əsaslandırarkən bildirib ki, ölkəmiz müstəqilliyinin ilk illərində informasiya blokadasında olub. Bu vəziyyət ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra aradan qalxıb, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha intensiv çatdırılmasına başlanılıb. Hazırda Prezident İlham Əliyev tərəfindən mediaya sistemli dövlət qayğısının nəticəsində proses daha geniş vüsət alıb, habelə mətbuat özü də tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Aslan Aslanov eyni zamanda rəhbərlik etdiyi informasiya agentliyinin beynəlxalq layihələrindən söz açıb, qurumun konkret əməkdaşlıq istiqamətlərini sadalayıb.
Nazir müavini Hüseyn Entezami ümumi mədəni və tarixi köklərə malik İran və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. O, informasiya sahəsində əlaqələrin də daha da genişləndirilməsinin vacibliyini əsaslandırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İyulun 11-də iranlı nümayəndə heyətinin üzvləri "APA Holdinq" MMC-də olublar. Holdinqin prezidenti Vüsalə Mahirqızı qonaqlara şirkət haqqında ətraflı məlumat verib. O, İranla Azərbaycan arasında münasibətlərin önəmini qeyd edərək qarşılıqlı əməkdaşlığın daha da güclənməsində mətbuatın rolunu qabardıb. Rəhbərlik etdiyi holdinqə daxil olan Azəri Press Agentliyinin İranda bürosunun yaradıldığına diqqət çəkən Vüsalə Mahirqızı birgə fəaliyyətin gücləndirilməsi üçün yeni layihələrə ehtiyacın duyulduğunu əsaslandırıb.
APA-nın fəaliyyəti barədə məlumatlı olduğunu vurğulayan nazir müavini Hüseyn Entezami deyib ki, İran prezidenti Həsən Ruhaninin hökuməti KİV-lə əlaqələrin inkişafına önəm verir və buna görə də ötən 4 ildə xarici media orqanlarının Tehrandakı ofislərinin sayı 20 faiz artıb. Hüseyn Entezami həmçinin görüşdə səsləndirilən təkliflərin dəyərləndiriləcəyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılılıb.
İyulun 11-də iranlı qonaqlar İctimai Televiziya və Radio Yayımları Şirkətində də olublar. Görüşdə İran və Azərbaycanın media təşkilatları arasındakı əlaqələrin mövcud durumu, perspektiv inkişaf meylləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Mətbuat Şurası ilə İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında imzalanmış Əməkdaşlıq Memorandumunun bu baxımdan mühüm əhəmiyyət daşıdığı önə çəkilib.