Korrupsiyanın kökünün kəsilməsi... Hadisə

Korrupsiyanın kökünün kəsilməsi...

Almaz

Ötən həftə "Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın inkişafına həsr olunmuş konfrans keçirildi. Konfransda çıxış edən prezident İlham Əliyev bildirdi:"2009-2013-cü illəri əhatə edən 2-ci proqramın regionların inkişafında, ümumiyyətlə ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir".
Həmin konfransda prezident bir çox məsələlərdən danışdı və hələ də ölkədə korrupsiyanın olduğuna diqqət çəkərək, rüşvət və korrupsiyaya qarşı barışmaz olacağını növbəti dəfə bəyan elədi...
...2011-ci ildən bu yana Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb. İşində ciddi nöqsanlara yol verən xeyli sayda dövlət məmuru vəzifəsindən azad edilib, bəziləri həbs olunub. Bu proses indi də davam edir. Bundan sonra mütəxəssislər, siyasilər, ictimaiyyət nümayəndələri atılan addımları müsbət dəyərləndirdilər, eyni zamanda, belə bir fikir də səsləndirdilər ki, korrupsiyaya qarşı effektli mübarizə üçün daha ciddi addımlar atmağa və köklü islahatlar aparmağa ehtiyac var. Ancaq islahatlar aparılmadı. Bəlkə də bundan arxayınlaşan bəzi dövlət məmurları və onların ərköyün övladları özbaşınalıqlara, xalqı aşağılamağa və təhqir etməyə başladılar. Onların bu cür davranışlarından isə bütövlükdə dövlət ziyan çəkir. Bu gün korrupsiyaya qarşı yenidən mübarizə başladılıb. Və artıq bunun effektli olacağına inam yaranıb. Çünki dövlət başçısı bununla bağlı öz sözünü deyib və tapşırığını verib. Mübarizəni aparmaq, korrupsiyanın kökünü kəsmək üçün məmurların üzərinə böyük məsuliyyət düşür ki, bunun da müsbət nəticəsini qarşıdakı aylarda görə biləcəyik...
Yeri gəlmişkən, Dmitri Medvedyevin dönəmində Rusiyada rüşvətxorluğun və korrupsiyanın qarşısının alınması üçün çox ciddi addımlar atıldı. Belə ki, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev ölkədə baş qaldıran rüşvətxorluq və korrupsiyanın qarşısını almaq üçün sərt təklif irəli sürdü. Və bildirdi ki, vəzifə səlahiyyətindən istifadə etməklə insanlardan rüşvət alan dövlət məmurları aldıqları rüşvətin 100 mislində cərimələnməlidir. Rusiya mətbuatı yazdı ki, bundan sonra Kreml rüşvət alan, verən və buna şərait yardan insanları da Rusiya cəza qanunu ilə sərt cəzalandıracaq.
Mətbuat yazdı ki, Medvedyevin bu addımı hakimiyyətə gəldiyi gündən bu zamana kimi atdığı ən sərt addımdır.
Qeyd edək ki, rüşvət faktıyla bağlı həmin vaxt statistik göstəricilər də mətbuatda yer almışdı. Və vurğulanırdı ki, təkcə 2010-cu ildə Rusiyada rüşvət faktı 25 faiz artıb. Eyni zamanda, göstərilirdi ki, Moskvada bir məmur orta hesabla 20 min dollar rüşvət alır. Bu göstərici isə ölkənin digər əyalət və şəhərlərində təxminən 20 qat çoxdur.
Bu gün artıq Rusiyada başqa bir abu-hava yaşanır. Vladimir Putin hakimiyyətdədir və yenə də ölkədə korrupsiyaya meydan açılıb...
...Zaman-zaman belə bir sual səslənib və bu gün həmin sual aktuallığını saxlayır-ölkəmizdə korrupsiyaya qarşı daha effektli mübarizə aparmaq üçün nələri etmək lazımdır?
Yenə də zaman-zaman belə sual səslənəndə verilən cavablar, irəli sürülən təkliflər də müxtəlif olub. Məsələn, təklif olunub ki, Korrupsiya ilə Mübarizə üzrə Dövlət Komissiyası ictimaiyyət nümayəndələri hesabına genişləndirilməlidir. Çünki ictimai nəzarəti təmin etmək üçün komissiyanın tərkibinin yenidən formalaşdırılması daha effektiv olardı.
Digər bir təklifdə deyilib ki, Korrupsiya ilə Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində parlamentdəki müxalifət partiya nümayəndələri də yer almalıdır. Eyni zamanda, həmin komissiyanın tərkibinə parlamentdən kənarda qalan müxalifət partiyalarının təmsilçiləri, mətbuat və QHT nümayəndələri daxil edilməlidir.
Başqa bir təklif isə ondan ibarət olub ki, bu günə kimi hökumətin atdığı addımlar rəğbət doğursa da, müəyyən narahatlıqlar da var. Çünki ölkədə korrupsiyanın və rüşvətxorluğun kökünün kəsilməsi üçün sistemin özündə müəyyən dəyişikliklərin aparılmasına ehtiyac yaranıb və əgər bu dəyişikliklər baş verməyəcəksə, korrupsiyaya qarşı effektli mübarizədən danışmaq faydasız olacaq.
Ölkədə rüşvətxorluğun və korrupsiyanın baş alıb getməsində vətəndaşları günahkar bilənlər də tapılıb. Onların fikrincə,
bu istiqamətdə uğur qazanmaq üçün ilk növbədə insanlar arasında maarifləndirmə işləri aparılmalıdır. İnsanlar öz hüquqlarını bilməlidirlər ki, rüşvət verməsinlər. Adətən məlumatlı, öz hüquqlarını bilən şəxslər rüşvət verməkdən qəti şəkildə imtina edirlər.
Korrupsiya və rüşvətxorluğun ölkəni bataqlığa çəkdiyini düşünənlər həm də deyirlər ki, korrupsiya bütün hallarda siyasi idarəetmə prosesinə həddindən artıq mənfi təsir göstərir, iqtisadi mühitdə arzuolunmaz vəziyyət yaradır, rəqabət mühitini zəiflədir. Bu təhlükənin qarşısını almaq üçün hər bir nazirlikdə məmurların fəaliyyətinə nəzarət daha da gücləndirilməli, vətəndaşların ərizə və şikayətlərinə baxılması məsələsinə xüsusi diqqət yetirilməli, qaynar xəttlərin daha yaxşı fəaliyyət göstərməsi üçün səy göstərilməlidir. Bütövlükdə dövlət orqanlarının şəffaflığı, ictimai nəzarət məsələsi xüsusi diqqətdə saxlanılmalıdır. Hesabatların verilməsi məsələsi də əhəmiyyətlidir, təəssüf ki, ayrı-ayrı dövlət qurumları öz fəaliyyətlərilə bağlı vaxtlı-vaxtında hesabat vermirlər.
Azərbaycan vətəndaşı isə əmin olmaq istəyir ki, son vaxtlar atılan addımlar ölkədə təməli qoyulan və aparılması üçün səy göstərilən islahatların tərkib hissəsi olsun və bu gələcəkdə də davam etdirilsin. Yəni bu, kampaniya xatirinə deyil, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına qatılması üçün həyata keçirilsin.
Bir sözlə, korrupsiyanın kökünün kəsilməsi siyasi islahatlardan keçir.