“Xankəndi“ sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir” Hadisə

“Xankəndi“ sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir”

Azərbaycan prezidenti: "Şahdəniz" qaz yatağının işlənməsində bu gəminin əvəzolunmaz xidməti olacaq"

"Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir".
Bu barədə prezident İlham Əliyev"Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı bildirib.
Ölkə başçısı qeyd edib ki, gəmiyə "Xankəndi" adının verilməsinin çox böyük mənası var: "Xankəndi bizim qədim şəhərimizdir, adı bizim üçün əziz və doğmadır. Təsadüfü deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə bu ad verilib. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin tikintisi və istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilən qərar düzgün idi. O zaman bu qərarı verərkən və tikintisinə sərmayə ayırarkən bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu növ gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur ki, gəmiqayırma zavodunda onu inşa edə bilməyək".
Prezident əlavə edib ki, hazırda zavodda 4 yeni gəmi tikilir. Onlardan 2-si bərə, 2-si isə tankerdir. Ölkə başçısı onu da qeyd edib ki, "Xankəndi" gəmisinin tikintisi 400 mln. dollara başa gəlib: "Bu da dövlətin gücünü göstərir. "Şahdəniz" qaz yatağının işlənməsində bu gəminin əvəzolunmaz xidməti olacaq. Mənə bu gün verilən məlumata görə, dünyada bu tip cəmi 10 gəmi var və onlardan biri də Azərbaycanda tikilib. Bu gəminin istismarında əksər heyət Azərbaycan mütəxəssisləridir, yerli kadrlardır".
""Şahdəniz" qaz yatağının işlənməsi Azərbaycan üçün strateji layihədir. Şadam ki, bu istiqamətdə işlər yaxşı gedir. Mənə məlumat verilib ki, "Şahdəniz-2" qaz yatağının hazırlıq səviyyəsi 96%-dir. Bu o deməkdir ki, artıq layihə reallaşıb. "Xankəndi" gəmisi olmadan "Şahdəniz"i böyük səmərə ilə işlətmək mümkün deyil"-deyən dövlət başçısı bildirib ki, bütün işlər ardıcıl aparılır, sərmayə qoyulur, Azərbaycanda platformalar, üzən qurğular inşa edilir.
Prezident vurğulayıb ki, Azərbaycanın neft-qaz sektoruna düşünülmüş, planlı şəkildə böyük sərmayə qoyulub və bu gün bunun nəticəsi görülür: "Burada BP və SOCAR-ın birgə fəaliyyəti və əməkdaşlığı nəticəsində Azərbaycanın neft-qaz sektorunda tarixi nailiyyətlər reallıqdır. Xəzər gəmiçiliyinin fəaliyyətini yüksək qiymətləndirirəm. Gəmiçiliyin fəaliyyəti beynəlxalq standartlara cavab verir. Gəmiçilik artıq gəlirlə işləyir, büdcəyə böyük vergi ödəyir. Nəqliyyat, energetika infrastrukturunun uğurlu inkişafı ölkəmizin ümumi inkişafına böyük töhfədir".
"Bir neçə gündən sonra "Azəri-Çıraq-Günəşli" yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var"-deyə bildirən prezident qeyd edib ki, 1994-cü ildə "Əsrin kontraktı" imzalananda Azərbaycanı istəməyən bəzi qüvvələr - həm ölkə daxilində, həm xarici qüvvələr Azərbaycanda kifayət qədər neft olmadığını, "Azəri-Çıraq-Günəşli"də neftin az olduğunu bildirib.
"Onlar deyirdilər ki, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz "Azəri-Çıraq-Günəşli"dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər "Azəri-Çıraq-Günəşli"dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var.
"Şahdəniz"ə gəldikdə isə bu yatağın minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək", - deyə dövlət başçısı vurğulayıb.