Bakının azad olunmasına aparan yol... Hadisə

Bakının azad olunmasına aparan yol...

1918-ci ilin 15 sentyabrı ərəfəsində Azərbaycanda durum

1-ci yazı

1918-ci ilin iyul ayında Kazım Qarabəkir Paşanın qoşunları Naxçıvanı, Culfanı və Ordubadı tutaraq, Andranikin erməni silahlı dəstəsinin qırğınlarına son vermişdi. Gəncəyə doğru hücum edən erməni – rus bolşevik hərbi hissələri türk ordusunun güclü hücumları qarşısında davam gətirə bilməmişdilər. Onlar çox vaxt qorxularından öz döyüş səngərlərini qoyub qaçmışdılar. Bunu o dövrdə Sovet tarixçiləri də etiraf etmişdilər. Sovet tarixçisi T.Miralayev qeyd etmişdi ki, Sovet qoşunları sıralarına soxulan, özünü qızıl qvardiyaçı və qırmızı partizan adlandıran daşnaklar və menşeviklər ordu içərisinə pozğunluq salmışdılar. Ayrı-ayrı bölmələrə soxulmuş daşnak zabitlərinin xəyanətkarlığı nəticəsində inqilabi ordu geri çəkilmışdi.
Müzəffər türk ordusu ilə birlikdə yeni yaradılmış Azərbaycan Cümhuriyyət ordusu hissələrinin əks hücumları erməni qoşunlarının cəbhə bölgəsindən geri qaçmalarına səbəb olmuşdu. Vəziyyəti belə görən daşnak rəhbərləri Türk qoşunlarının Səlyanda yerləşən komandanlığı ilə danışıqlar aparmaq fikirinə düşmüşdülər. Bakı daşnaklarının başçıları Avetisov, Hamazasp, Gülxəndanyan, Kazarov və digərləri Bakı Xalq Komissarları Sovetinə hərbi əməliyyatları dayandırmaq və ləngimədən Türkiyə komandanlığı ilə sülh danışıqlarına girmək tələblərini irəli sürmüşdülər.
İslam ordusunun sürətlə Bakıya yaxınlaşması Alman-Sovet sövdələşməsini sınaq qarşısında qoymuşdu. Avqustun 4-də general Rudendorf Ənvər Paşanı hədələmişdi ki, əməliyyatlar dayandırılmasa, alman zabitləri Osmanlı baş komandanlığından geri çağırılacaqlar. Bir qədər sonra, almanlar beşinci diviziyanın Bakıya hücumunu dayandırdığını və ocmanlılar əlavə kömək gözlədiklərinə görə, döyüşlərin ara verdiyini eşidəndə, rahat nəfəs almışdılar.
Alman – Sovet danışıqları davam etdirilərək, avqustun 27-də Brest- Litovsk müqaviləsinə əlavə müqavilə imzalanmışdı. Həmin müqavilənin Qafqazla əlaqədar IV hissəsində aşağıdakı şərtlər irəli sürülmüşdü:
1) Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşacaqlar;
2) Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin Brest – Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş sərhədlərində üçüncü bir dövlətə hərbi yardım etməyəcəkdi;
3) Almaniya hər hansı bir üçüncü dövlətin Şamaxı və Bakı qəzalarının sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi;
4) Rusiya Almaniyaya ya Bakıdan çıxarılan neftin dörddə bir hissəsini, ya da xüsusi aylıq faiz göndərəcəkdi.
Əgər Sovet – alman sazişi real qüvvə ilə təzyiq göstərmək imkanına malik olsaydı, Azərbaycanın varlığını təhlükə altına ala bilərdi. İstanbulda olan Rəsulzadə sentyabrın 12-də Mərkəzi dövlətlərin səfirliklərinə memorandum vermişdi və Azərbaycanın təbii paytaxtı, onun siyasi, mədəni və iqtisadi mərkəzi üzərində Rusiyanın suverenliyini tanıyan alman hökumətinə öz etirazını bildirmişdi. Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə yazmışdı: "Bakısız Azərbaycan – başsız bədəndir".
St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti öz hakimiyyətini qoruyub saxlamaq və Bakını türklərə təslim etməmək üçün hər vasitəyə əl atmışdı. Onlar erməni hərbi hissələrinin Azərbaycan – türk ordusunun hücumları qarşısında duruş gətirə bilmədiklərini görüb, bu dəfə İranda ingilislərə öz ordusu ilə xidmət edən Lazer Biçeraxova kömək üçün müraciət etmişdilər. Biçeraxova inam bəsləməyən, lakin silahlı qüvvələrə bərk ehtiyacı olan Bakı Xalq Komissarları Soveti uzun tərəddüddən sonra, Biçeraxovun dəstəsindən türklərlə mübarizə üçün istifadə etmək qərarına gəlmişdi.
L.Biçeraxov kazax hərbi hissəsinin komandiri idi və birinci dünya müharibəsinin gedişində, İran ərazisində fəaliyyət göstərən Rusiya hərbi hissələrinin tərkibində Türk ordusuna qarşı vuruşmuşdu. Rusiyada oktyabr silahlı çevrilişindən sonra ingilislərin xidmətinə keçmişdi. İngilislər Bakının türklər tərəfindən tutulmasına heç cür razı ola bilməzdilər, baxmayaraq ki, onların bolşeviklərdən xoşları gəlmirdi. Lakin türklərə qarşı mübarizədə ingilis komandanlığı Bakı Kommunasına kömək etmək qərarına gəlmişdir. 1918-ci ilin may-iyun aylarında Türk-azərbaycan qoşunlarının Bakı üzərinə hücumu general Denstervili daha da aktivləşdirmişdi. O, 1918-ci il iyunun 1-də öz qərargah – mənzilini Qəzvinə köçürmüşdü. İranda yerləşən ingilis qoşunlarının komandanı Denstervil Biçeraxovun xidmətinə bir neçə zirehli hərbi maşın verərək onun dəstəsini Bakı Sovetinin köməyinə göndərmişdi.
1918-ci il iyunun 11-də Biçeraxovun dəstəsi qırmızı ordunun tərkibinə daxil edilmiş, iyulun əvvəlində o, öz dəstəsini Ələt stansiyasına çıxarmışdı. Elə həmin vaxt o, artıq Bakıya gəlmişdi. Buradan Biçeraxovun hərbi hissəsi Bakı istiqamətini qoruyan Qırmızı Ordunun tərkibinə qatılmışdı. Denstervilin etibar etdiyi Biçeraxovun qoşunu Qafqazda elə bir real gücə malik olmasa da, Bakı Kommunasının qırmızı ordusuna kömək etməli idi. Onun qüvvələri Ələt – Yevlax istiqamətində türk ordusunun hücumunun qarşısını almaq istəyən qırmızı orduya yardım etməsi nəzərdə tutulmuşdu. Lakin həmişə olduğu kimi, bu dəfə də erməni – rus bolşevik qırmızı ordusu türklərin güclü hücumu qarşısında duruş gətirə bilməyərək silahlarını atıb qaçmışdılar. Biçeraxovun dəstəsi cəbhə bölgəsinə gələndə artıq türk ordusu Kürün üstündə olan körpünü tutmuşdu. Həmin dövrdə nəşr olunan "Borba" qəzeti (rus dlində) yazırdı ki, ermənilərdən ibarət silahlı dəstə, Biçeraxovun hərbi hissələri ilə birgə, cəmi 6000 min nəfərlik ordu, pulemyot, top və 8 sirehli maşınla Kürdəmir istiqamətində hücuma keçmişdi.
Bu ordu Kürdəmiri ələ keçirmiş və Yelizavetpol istiqamətində xeyli irəliləyə bilmişdi. Lakin sonradan Biçeraxov başa düşmüşdü ki, onunla birgə fəaliyyətdə olan Qırmızı Ordunun bu cür tərkibi ilə bolşevik hücumu lazımi nəticə verməyəcək. Ona görə də Biçeraxov erməni-bolşevik ordusunun sonrakı hücumlarında iştirak etməkdən imtina etmişdi. 1918-ci il iyulun sonunda Biçeraxov öz dəstəsini cəbhə bölgəsindən çıxararaq Dərbənd və Petrovskiyə tərəf aparmışdı. Biçeraxovdan nümunə götürən, daşnak hərbi hissələrinin komandirləri Avetisov, Hamazasp və başqaları döyüş bölgələrini tərk etmişdilər.
Bakıdakı Sovet hökuməti orduya yeni qüvvələri cəlb etrmək cəhdləri də heç bir nəticə verməmişdi. Orduda olanlara hər cür güzəşt edildiyinə baxmayaraq, döyüşmək istəyən çox az idi. Əhalinin zorla türklərə qarşı döyüşməyə cəlb edilməsi isə əhali arasında bolşeviklərə olan nifrəti bir daha artırmışdı.
Erməni – rus bolşevik hökuməti Bakının bütün sənaye müəssisələrini öz əllərinə keçirməklə Azərbaycanın istehsalına da ağır zərbə vurmuşdu. Sovet hakimiyyəti özünün 4 aylıq mövcudluğu dövründə yalnız neft sənayesinin milliləşdirilməsindən başqa, heç bir sosial - iqtisadi tədbirlər həyata keçirməmişdi. Bunun nəticəsi idi ki, bolşeviklər milyon tonlarla nefti Sovet Rusiyasına göndərmişdi. Məsələn, 1918-ci il iyunun birinci yarısında Bakıdan hər gün 1,4 milyon puda yaxın neft məhsulları göndərildiyi halda, iyulun əvvəllərində Bakıdan Sovet Rusiyasına hər gün 2 milyon pud neft məhsulları yola salınmışdı. Bakı nefti Sovet Rusiyasına başlıca olaraq Xəzər dənizi, sonra isə Volqa çayı vasitəsi ilə göndərilmişdi. Aprel ayında Bakıdan 94 min ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı.
Görkəmli sənayeçilərdən olan Tağıyev və Nağıyev həbs edilmiş, qalanları isə sürgün olunmuşdu. Silah, çörək və digər ərzaq çatışmamazlığı əsgərlər və əhali arasında ciddi narazılığa səbəb olmuşdu. 1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti pisləşməkdə davam etmişdi. Hakimiyyət boşeviklərdə olmasına baxmayaraq, yenə də günahı menşevik, eser və daşnaklarda görmüşdülər. Ancaq günahı başqasında axtarmaq bolşeviklərin xasiyyəti idi. Bolşeviklər ərzaq komissarı sol eser Tsibulskini P.Çaparidze ilə əvəzləsələr də, yenə də şəhərdə ərzağın vəziyyəti düzəlməmişdi.
Hadisələr özünün ən gərgin səviyyəsinə çatdıqda, erməni döyüşçüləri mövcud vəziyyəti müzakirə etmək üçün mitinq keçirmək qərarına gəlmişdilər. Mitinq iyulun 21-də Azadlıq meydanında çağırılmışdı. Mitinqdə bütün çıxış edənlər Sovet hakimiyyətinə qarşı çıxmışdılar. St.Şaumyanın əmri ilə mitinqçilərə qarşı silah işlədilmiş, nəticədə, üç nəfər menşevik həlak olmuşdu. Başda Biçeraxov olmaqla kazaklar, Kaspi donanmasının matrosları və fəhlələr cəbhəçilərin tərəfinə keçmişdilər. 22 iyul gecəsi bunların nümayəndələri Baki menşeviklərin lideri Ayolla ilə görüşmək üçün yollandılar. Həmin müşavirədə Sadovski və Baqaturov da iştirak etmişdi.
Erməni liderlərinin bir qrupu Bakıya yaxınlaşmaqda olan Türklərlə danışıqlar aparmaq və Bakını dinc yolla təslim etmək fikrində idilər. Digər bir qrupu isə ingilisləri Bakıya dəvət edərək türklərə qarşı axıra kimi müqavimət göstərmək və şəhərdə öz hakimiyyətlərini qoruyub saxlamaq istəyirdilər. Ermənilərin Bakıda nəşr edilən "Vperyod" qəzeti (rus dilində) Türkiyə –Azərbaycan qoşunları ilə mübarizədə ingilis – erməni ittifaqının yaradılması haqqında yazmışdı. "İslam Ordusu"nun irəliləməyə başladığı vaxtda, zəngin Bakı neftinin türklərin əlinə keçməsindən ehtiyatlanan İngiltərənin İrandakı birlikləri Bakını işğal etmək üçün hərəkətə keçmişdilər.
Belə bir şəraitdə Bakı Sovetinin 25 iyul 1918-ci il tarixli iclasında daşnakların təmsilcisi Arakelyan ingilislərin Bakıya dəvət olunmasına haqq qazandırır, daşnakların başqa bir qrupundan olan Ter-Ohanesyan, Məlik-Yolçiyants isə bolşeviklərlə yaxınlaşmaq üçün razılaşdırma komissiyanın yaradılmasını təklif etmişdilər. Onların fikincə, hər iki patriya cəbhə ilə bağlı eyni xətti müdafiə etmişdi.
1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında Şaumyanın qətnaməsi 236 səs, sosialist – inqilabçıların (eser, menşevik və daşnaklar-müəl.) qətnaməsi 259 səs almışdı. Menşevik, eser və daşnakların satqınlığı cəbhəni zəiflətmiş və bu hadisə Bakı Kommunasının süqutunda əhəmiyyətli rol oynamışdı. Başqa bir məlumatda isə Bakı Kommunasının süqutunu belə xarakterizə edilmişdi: Sovet hakimiyyətinin süqutunun mühüm səbəblərindən biri də, o zaman Bakı proletariatı ilə Azərbaycanın zəhmətkeş kəndliləri arasında möhkəm ittifaqın olmaması idi.
1917-1918-ci illərdə Azərbaycanda kəndlilərinin başına gətirilən müsibətlərin nəticəsi olaraq, kəndlilər Bakı Sovetin hakimiyyətini heç vaxt qəlbən qəbul etməmişdi.

Vaqif Abışov
Tarix üzrə fəlsəfə doktoru