Təhsil Nazirliyi də ABŞ səfirinə etiraz etdi Hadisə

Təhsil Nazirliyi də ABŞ səfirinə etiraz etdi

"Diplomatın sübutlar təqdim etmədən ümumi xarakterli mülahizələr səsləndirməsi dərin təəssüf hissi doğurur"

Təhsil Nazirliyi ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanın təhsil sahəsində korrupsiya problemlərinin olması ilə bağlı fikrini şərh edib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, səfir Riçard Morninqstarın bu sözləri Təhsil Nazirliyində böyük təəccüb və təəssüf hissi yaradıb: "Təhsil naziri Mikayıl Cabbarov bu vəzifəyə təyin olunduqdan sonra ABŞ-ın səfiri ilə 3 işçi görüş keçirib, onların 3-ü də səfirin xahişi ilə baş tutub və bu görüşlərdə təhsil islahatları, xaricdə təhsil, şagird və tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq kimi müxtəlif mövzular ətraflı şəkildə müzakirə olunub. Bu görüşlər zamanı R. Morninqstarın hər hansı məsələni qaldırması üçün maneələr olmayıb. Lakin bu görüşlərin heç birində səfir Azərbaycanın təhsil sistemində korrupsiya probleminə toxunmayıb. Təhsil Nazirliyi dost və tərəfdaşlarının ölkəmizin təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı rəy, təklif və bu sahədə mümkün problemlər barədə konkret faktlara əsaslanan müraciətlərinin ictimailəşdirilmədən öncə nazirliklə müzakirə olunması və mövcud problemlərin həlli perspektivlərinin konstruktiv əməkdaşlıq mühitində birgə dəyərləndirilməsinin tərəfdarıdır. Ətraflı faktlar və sübutlar təqdim etmədən bu kimi ümumi xarakterli mülahizələrin təcrübəli diplomat tərəfindən səsləndirilməsi dərin təəssüf hissi doğurur".