Cəzaların son həddi 20 ilə qaldırılır Hadisə

Cəzaların son həddi 20 ilə qaldırılır

Rafael Cəbrayılov: "Cəzaların arifmetik qaydada hesablanması Azərbaycan cinayət qanunvericiliyinə gətirmək lazımdır"

Azərbaycanda bir sıra cinayətlərlə bağlı cəzalar ağırlaşdırılır. Bununla bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi üçün parlamentə təkliflər göndərilib.
Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 100.2 və 117.2-ci maddələrinə dəyişiklik təklif edilib. Maddə 100.2-yə təklif olunan dəyişikliyə əsasən, təcavüzkar müharibəni aparma əməlinə görə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.
Eyni cəza maddənin 117.2-yə də (döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə tabeliyində olan şəxsə və ya bu məcəllənin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə) şamil edilməsi təklif olunur.
Qeyd edək ki, hazırda hər iki maddənin qüvvədə olan cəzaları 10 ildən 15 ilə qədərdir.
Cinayət Məcəlləsinə ediləcək daha bir dəyişikliyə əsasən, qəsdən adam öldürmənin bütün halları üzrə cəzanın müddəti isə son həddə qədər artırılır. Cinayət Məcəlləsinin 120.1 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda bu cəza 7 ildən 10 ilə qədərdir.
120.2 maddəyə daxil olan hallar üzrə isə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Bu maddəyə qəsdən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə, başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;-
İki və ya daha çox şəxsi öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə, təkrar adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə cinayətləri daxildir.
Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə üzrə isə 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Hazırda sadalanan bu maddələr üzrə cəza 12 ildən 15 ilə qədərdir.
Cəzaların sərtləşdirilməsi ilə bağlı millət vəkili Rafael Cəbrayılov Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişiklikləri şərh edərkən bildirib ki, burada söhbət əsasən dövlət, cəmiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərə görə sanksiyaların sərtləşdirilməsindən gedir: "Ümumiyyətlə, bu yöndə fikirlər, təkliflər uzun illərdi vardı. Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən sonra bütün hüquq sistemi yenidən dəyişildi. Çünki bu da təbii bir hal idi. Azərbaycan daban-dabana zidd bir ictimai-iqtisadi formasiyadan digərinə keçirdi. Əgər cinayət qanunvericiliyinə də fikir versək, görərik ki, maddələrin hüquq normalarına dispozisiya hissələri dəyişildi, amma sanksiya hissələrində elə bir ciddi dəyişiklik olmadı. Yalnız 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından başqa".
Millət vəkilinin fikrincə, adam öldürməyə görə cəza 15 ilə qədər azadlıqdan məhrumetmə ilə yekunlaşa bilməz: "Daha doğrusu, ömürlük azadlıqdan məhrumetmənin alternativi 15 il ola bilməz. 15 il çox azdır. Bu da ona görədir ki, bizdə cinayətlərin məcmusu qaydasında yekun cəzanın hesablanmasının iki üsulu var - ağır cəzanın daha yüngül cəzanı özündə ehtiva etməsi yolu ilə, bir də cəzaların tamamilə və ya qismən toplanması yolu ilə. Yəni, bizdə arifmetik qayda da hesablama yoxdur. Məsələn, bir insanın üzərində 7 dənə maddəsi də olsa, arifmetik qaydada o cəzalar hər bir cinayət üzrə cəza bir-birinin üstünə gəlməyəcək. Çünki bu qayda bizdə yoxdur və mən həmişə tərəfdarı olmuşam ki, cəzaların arifmetik qaydada hesablanması Azərbaycan cinayət qanunvericiliyinə gətirmək lazımdır".
Rafael Cəbrayılov hesab edir ki, qəsdən adam öldürməyə görə sanksiyaları artırmaq lazımdır: "Söhbət adam öldürməkdən gedir. Bəzi ölkələr var ki, bir dənə sadə adam öldürməyə görə ömürlük həbs cəzası verirlər. 9 il nədir ki? Humanizm deyəndə yalnız həbs yerlərində azadlıqdan məhrumetmə qismində cəza çəkən insanlar gözümüzün qabağına gəlir, amma zərərçəkən deyilən bir insan gözümüzün qabağına gəlmir. Halbuki, dövlət üçün daha qiymətli vətəndaş odur. Ona böyük bir yara vurulub, həm maddi, həm mənəvi baxımından. O, bir əzizini itirib, ona elə bir ziyan vurulub ki, onun bərpası heç vaxt mümkün deyil. Amma biz onun hüquqlarını düşünmürük. Bəli, biz qanunu tapdalayan, qanunu heçə sayan, başqasına bax o cür formada - həm maddi, həm mənəvi ziyan vuran insanı humanizm hissinə tuş gətiririk. Bu, nə dərəcədə düzdür? Bu baxımdan düşünürəm ki, ümumiyyətlə, insanlarda bəzi məsələlərə münasibət dəyişdiyi kimi, toplumda bu cür insani dəyərlərə də artıq münasibət dəyişib. Yenə deyirəm, söhbət cinayətkardan, adam öldürəndən gedir, qəsdən adam öldürəndən gedir, həmçinin, sadə adam öldürmədən başqa ağırlaşdırıcı hallarda adam öldürmə var".