Pərviz Şahbazov: Azərbaycanın regional enerji keçidinin növbəti mərhələsi yaşıl enerji dəhlizlərinin yaradılmasına əsaslanır İqtisadiyyat

Pərviz Şahbazov: Azərbaycanın regional enerji keçidinin növbəti mərhələsi yaşıl enerji dəhlizlərinin yaradılmasına əsaslanır

Azərbaycanın regional enerji keçidinin növbəti mərhələsi Xəzər dənizinin nəhəng potensialından istifadəyə və ölkəmiz vasitəsilə Cənubi Qafqazı, Mərkəzi Asiyanı, Türkiyəni və Avropanı birləşdirən yaşıl enerji dəhlizlərinin yaradılmasına əsaslanır.

"APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizində külək enerjisi təsərrüfatlarının inkişafının qiymətləndirilməsi məqsədilə ölçmə və monitorinq tədbirləri həyata keçirilir və bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq aparılır.

"2032-ci ilə qədər biz 6 GVt quruda və dənizdə bərpa olunan enerji gücünü istismara verməyi planlaşdırırıq. Bunun 4 GVt-i mərhələli plan çərçivəsində “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə ixrac olunacaq. Bu isə təxminən 4,5 milyon ton istixana qazı emissiyasının azaldılmasına bərabərdir", - nazir qeyd edib.

Pərviz Şahbazov onu da əlavə edib ki, hazırda Transxəzər Yaşıl Enerji Dəhlizinin, eləcə də Azərbaycanın Naxçıvan bölgəsindən və Ermənistandan keçən “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizinin və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” dəhlizinin reallaşdırılması əsas prioritetlərimiz sırasında qalır. Bu irimiqyaslı layihələr regional şəbəkələri tarazlaşdıracaq, bərpa olunan enerjinin payını artıracaq, enerji təhlükəsizliyini gücləndirəcək, emissiyaları azaldacaq və Azərbaycanın geniş regionda iqlim fəaliyyətinə töhfə verən ölkə kimi mövqeyini gücləndirəcək.