Bərdədə avtomobil kanala aşıb - FOTO - YENİLƏNİB Hadisə

Bərdədə avtomobil kanala aşıb - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonu, Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" minik avtomobilinin idarəetməni itirərək dərinliyi 5 metr olan dərəyə aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Mustafazadə Elgün İntiqam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

15.48

Bərdədə avtomobil su kanalına düşüb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonu Bala Ərəblər kəndi ərazisindən keçən kanalda baş verib.

2000-ci il təvəllüdlü Elgün Mustafazadənin idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq su kanalına aşıb. Sürücü xəsarət alıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.