

“Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Zirvə toplantısında 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edir. Plenar iclaslarda və sonrakı dəyirmi masalarda Avropadakı ümumitəhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrit təhlükələr kimi mövzular müzakirə olunur”.
Bu sözləri millət vəkili Vüqar Rəhimzadə xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Onun fikirlərinə gorə, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə sahələrində əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq edən hökumətlərarası platformadır: “Zirvə zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmer panel müzakirəsində Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyin davam etdirilməsinin zəruri olduğunu bəyan edib. Onun sözlərinə görə, bu, təkcə Ukraynanın suverenliyi üçün deyil, həm də bütün Avropanın dəyərləri və azadlığı uğrunda mübarizədir. Təhlükəsizlik zəmanətləri və uzunmüddətli sülh sazişinin təmin edilməsi prioritet olsa da, Ukraynaya dəstək bundan sonra da davam etməlidir. Hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, uzaq mənzilli və pilotsuz təyyarələrə qarşı tədbirlər və NATO-nun gücləndirilməsi bu istiqamətdə önəmli addımlardır.
Avropa İttifaqı və NATO Rusiya-Ukrayna müharibəsinin başlanğıcından etibarən Ukraynaya dəstək verib. ABŞ-ın mövqeyi həlledici əhəmiyyət daşıyır. Tramp administrasiyası Avropa İttifaqı qarşısında müəyyən şərtlər irəli sürüb, NATO ölkələrini müdafiə xərclərini artırmağa və Rusiyadan enerji resursları almamağa çağırıb. ABŞ eyni zamanda Avropaya Rusiya qazını və neftini əvəz etməyə hazır olduğunu bildirib. ABŞ-ın Rusiyaya qarşı münasibətdə Britaniya və Avropa İttifaqına dəstəyi isə geosiyasi şərtlərdən asılı olacaq”.
Millət vəkili yekun olaraq bildirib ki, bütün bunlar göstərir ki, Avropa və ABŞ Ukraynaya dəstəyini davam etdirəcək və bu, Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.
Günel Elxan