“26 Bakı Komissarı“ haqqında həqiqətlər və bilmədiklərimiz... Hadisə

“26 Bakı Komissarı“ haqqında həqiqətlər və bilmədiklərimiz...

3-cü yazı

Mikoyanın göstəricisinə görə isə 25 nəfər güllələnməyə aparılmışdı. Yəni həbsxanadakı 18 nəfər və həbs evindən aparılan (Mikoyana görə 16 nəfərdən) 7 nəfər. Göründüyü kimi, Krasnovodskda həbs evindəki "bakılı məhbusların" sayı 17, 16, 15 rəqəmləri arasında fərqlənir. Rəqəmlər üzərinə bu qədər diqqət çəkməkdə məqsəd güllələnənlərin həqiqətənmi 26 nəfər olmasını və onların sırasında St.Şaumyanın güllələnməməsi haqqında mülahizələri aydınlaşdırmaqdır. Rəsmi məlumata görə, sağ qalanlar - A.Mikoyan, S.Kandelaki, St.Şaumyanın 2 oğlu və 5 məhbus qadınla 9 nəfər təşkil edir. Suren Şaumyan və A.Mikoyan rəqəmləri konkret göstərdiklərinə görə fərqli nəticələrin hasil olmasını onların hafizə yanlışlıqları da hesab etmək olar. Bütün hallarda həbs evindən 1918-ci il sentyabrın 20-də gecə aparılanların sayı 6, 7, 8 olmaqla dəyişilir. Diqqət çəkən bir məqam A.Mikoyanın 1922-ci il sentyabrın 20-də "Bakinski raboçi"də dərc olunmuş yazısındakı xatırlamalardır: "Kameramıza... 16 nəfər salınmışdı... Sentyabrın 20-nə keçən gecə idi... Kameradakıları üç dəstəyə böldülər. Birinci iki dəstəni kameradan çıxardılar, bizdən ayırıb apardılar". Həbs evindən aparılanların ən çoxunun 8 nəfər olduğu qənaətilə (6, yaxud 7 nəfər mümkünlüyü ilə) onların 2 dəstəyə ayrılması da sual doğurur. Suren Şaumyanın göstərdiyi 15 nəfərdən 5 məhbus qadın, A.Mikoyan, Suren və Leon Şaumyanlardan savayı digərləri 7 nəfər təşkil edir. St.Şaumyan, P.Caparidze, V.Fioletov, 2 Əmirovlar, Nikolaşvili və Zevindən ibarət 7 nəfəri 2 dəstəyə bölüb aparmağın bir anlamı olmalıdır. Bu iki dəstə hansı prinsiplə ayrılmışdı və kimlərdən ibarət idi? Məhbuslar həbs evindən aparılarkən siyahıda adlarının qarşısındakı işarələrə görə təsnif ediliblər. Suren Şaumyan bu barədə yazırdı: "İndiyədək mənasını başa düşə bilmədiyim rəngli karandaşlarla edilən nişanları da hökumət üzvləri Krasnovodskda qoymuşdular".
Amma Mikoyanın göstərdiyi kimi, məhbuslar 20 sentyabr gecəsi 2 dəstəyə ayrılmışdılarsa, dəstə üzvlərinə görə Suren Şaumyanın rəngli işarələri izah edə biləcək mülahizəsi olmalı idi. 7-8 nəfər üçün "onları hissə-hissə kameradan həyətə çıxartdılar" müşahidəsi ilk nəzərdə əhəmiyyətsiz görünsə də, "rəngli işarələr" hələ ki, tarixin şərh verə bilmədiyi mübhəminə çevrilib. Komissar olması seçimi ilə yanaşılsa "26-lar"ın içərisində Bakı Soveti İcraiyyə komitəsinin cəmi 6 komissarı var idi: Şaumyan, Caparidze, Korqanov, Fioletov, Vəzirov, Zevin. Krasnovodskdakı həbs evində isə bunlardan 4-ü yerləşdirilmişdi: Şaumyan, Caparidze, Fioletov, Zevin. Bu 4 nəfərin 2 Əmirovlar və Nikolaşvili ilə birlikdə 2 dəstəyə ayrılması qeydi A.Mikoyanın xatırlamasında yer almış və dəstə üzvlərinin adı ayrılıqda göstərilməmişdi. Hər halda öldürülməyə apararkən 7 nəfəri 2 dəstəyə bölmək açıqlaması tələb olunan anlam kəsb edir. Nəzərə alsaq ki, "bakılı məhbuslar", o cümlədən həbs evindəki 4 komissar arasından adları ingilis əks-kəşfiyyatının yazışmalarında hallananları da olmuşdu.
1918-ci il sentyabrın 20-dən başlayaraq "bakılı məhbuslar"ın Aşqabada, İrana, Hindistana aparılması haqqında xəbərlər eşidilirdi. İran və Hindistanla bağlı versiyalar artıq "26-lar"ın aqibətini ingilis hərbçilərinə bağlayır, onların güllələnməsinə görə məsuliyyəti Böyük Britaniyanın üzərinə qoyurdu. Bu versiyalara rəvac verən Zakaspi hökumət üzvlərinin, eserlərin məhkəmə zamanı "komissarların Hindistana aparılması" haqqında qətiyyətli ifadələri olsa da, bu müddəalara yol açan faktiki materiallar, sənədlər olub. Məşhəddəki ingilis generalı Malleson 1918-ci il sentyabrın 18-də Hindistana, Simla şəhərinə, qərargah rəisinə teleqram vuraraq Bakıdan Krasnovodska gəlmiş "bolşevik liderlər" Petrovun, Şaumyanın, Arvekyanın (Avakyanın), Caparidze və Korqanovun həbs edildiyini və "adı çəkilən liderləri Hindistana göndərmək üçün" Aşqabad hökumətinin ondan xahiş etdiyini bildirmişdi. Teleqramda adları çəkilən bolşeviklər Krasnovodskda həbsdə bir yerdə saxlanılmırdılar. Bu siyahıdakıların bir qismi həbsxanada, bir qismi isə həbs evində olmuşdu. Mallesonun 18 sentyabr tarixli teleqramına Simladan, Hindistandakı ingilis qoşunlarının ali baş komandanlığının ştab rəisindən aşağıdakı məzmunda cavab gəldi: "Caparidze general de Qandolla yaxından tanışdır və həmin tanışlıqdan o, öz məqsədləri üçün istifadə edə bilər. General bolşevik əhvali - ruhiyyəli adamdır, lakin sağlam düşüncəyə və dövlət xadiminə xas olan keyfiyyətlərə malikdir.
Sizin üçün daha ləyaqətli olardı ki, hələlik (hələlik başqalarını Hindistana göndərə qədər) onları Məşhəddə saxlayasınız". Brayn Pirs 1978-ci ildə "Morninq star" qəzetinə məktubunda yazırdı ki, "General de Qandoll bolşevik rəhbəri Caparidze ilə 1918-ci ilin aprelində Bakıda görüşmüşdü və bilirdi ki, o, Sovet Rusiyasının Almaniya ilə separat sülh bağlamasının tərəfdarı deyil. Bakının türklərdən müdafiə olunmasına kömək üçün ingilis qoşunlarının çağırılmasına razıdır. Bədbəxtlikdən Caparidze və onun yoldaşları üçün qurulan ingilis-hind planını Transkaspidəki rus əks-inqilabçıları dərhal komissarları başqa yerə aparmaq planı ilə əvəz etdilər və hələ Suaridən teleqram yola salınmamış öz dustaqlarını öldürdülər. Bu hadisə Britaniya hakim dairələrini həddindən artıq əsəbiləşdirdi; Caparidzeyə olan xüsusi maraqlarından əlavə onlar komissarları girov kimi saxlamaq və bu yolla Sovet Rusiyasında həbsdə olan bir çox ingilis təbəələrinin sağ qalacağına təminat almaq istəyirdilər".
"26-lar"la bağlı 70 il siyasi, ideoloji, elmi müstəvidə müzakirəyə çıxarılan, dartışılan məsələ onların ingilislər tərəfindən qətlə yetirilməsi ittihamına dair olduğundan bir qisminin, yaxud Şaumyanın sağ qalması ehtimalı geniş müzakirə mövzusu olmayıb. Hindistanla hərbi yazışmalarda Şaumyanın adı çəkilən son teleqram (dövriyyədə olan) 1918-ci il sentyabrın 23-nə aiddir. General Malleson Simlaya, baş ştabın rəisinə teleqramında yazırdı: "26 keçmiş Bakı rəhbəri güllələnib, nisbətən az tanınan (adları əlavə olunur) 5-6 nəfərə rəhm edilib... Aşqabaddakı siyasi sazişçilər Şaumyana, Petrova və başqalarına öz canlarını xilas etmək imkanı kimi baxırdılar". Bu teleqramda general öz dövlətinin maraqları adına bolşeviklərin qətlinə münasibətini açıq ifadə edib: "Həmin siyasilərin edamı bizə sərfəlidir, çünki bu edam Aşqabad hökumətinin bolşeviklərə qarşı münasibətdə bütün körpüləri dağıtması deməkdir".
Sentyabrın 25-də Malleson konkret ad göstərmədən edamı bir daha təsdiqləmişdi: "Adı çəkilmiş şəxslər artıq güllələnib... mən əminəm ki, daha çox maraq doğuranlar güllələnib". Simladan, daha gec tarixdə, sentyabrın 30-da Mallesona göndərilən teleqramda Hindistandakı Britaniya hərbi komandanlığının "bolşevik liderlərinin qətli"ni təqdir etmədiyi ifadə olunur. Zakaspi hökuməti isə bolşeviklərin güllələnmədiyini, Hindistana göndərildiklərini söyləməklə, məsuliyyəti ingilislərin üzərinə atmaqda davam edirdilər. Bir sıra tədqiqatçılar "Hindistan haqqında əfsanə"nin daxili istifadə üçün də yaradıldığını bildirir, Böyük Britaniyanın siyasi cəhətdən şüurlu əhalisinin, fəhlələrinin çıxışlarından ehtiyat edərək və beynəlxalq ictimaiyyət üçün yaradılmış bu "əfsanə"nin yaşama qabiliyyətini uzun ömürlü hesab etmişdilər.
Hadisənin içərisində, iştirakçısı olmuş şəxslərin fərqli rəqəmlər göstərməsi, qətlin şahidlərinin ifadələrindəki ziddiyyətlər, "26-lar" rəqəmini cidd-cəhdlə təsdiqə yetirmək cəhdləri, 26 cəsəd qutusunun təntənəli dəfni və nəhayət, "26" məzarın sökülməsi zamanı cəsəd saylarının əskikliyi barədə rəylər 1918-ci il sentyabrın 20-də Türküstan səhrasında bolşeviklərin qətlini sirli, müəmmalı hadisəyə çevirib.
Hələ gülləbaranın izləri yeni ikən belə "26-lar"ın aqibəti naməlum qalmaqda idi. Onların müqəddəratını öyrənmək məqsədi ilə 1919-cu il yanvarın 19-da Bakı fəhlə konfransı 3 nəfər nümayəndəsini Zakaspi ölkəsinə göndərmişdi. Amma "26-lar"ın izini tapmaq üçün həmin ilin sonunadək gözləmək lazım gəldi. Türküstan cəbhəsinin Hərbi İnqilab Şurasının üzvü V.Kuybışev 1919-cu il dekabrın 20-də "26-lar"ın "basdırıldığı yer tapılıb" xəbəri ilə RK(b)P MK-sına və ÜRMİK Rəyasət Heyətinə teleqram göndərmişdi. Krasnovodsk bolşeviklər tərəfindən alındıqdan sonra cəsədlərin təntənəli surətdə çıxarılması nəzərdə tutulurdu. Azərbaycan sovet ordusu tərəfindən işğal olunduqdan sonra, iyunun 13-də Bakı Soveti "komissarların cəsədlərinin" "Aşqabaddan Bakıya gətirilməsi, onlar üçün Bakı və Aşqabadda abidə qoyulması"nı qərara almışdı. Bu barədə V.Leninə teleqramla müraciət edilmişdi. "Cəsədlərin Bakıya köçürülməsi və orada dəfn edilməsi" haqqında ÜRMİK qərar çıxarmış və bu məqsədlə xüsusi komissiya yaradılmışdı. 8 iyulda verilmiş bu qərardan düz 2 ay sonra 1920-ci il sentyabrın 8-də "bakılı məhbuslar" təntənəli şəkildə Bakıda dəfn edildilər. "26-lar"ın qətli "imperialist dünyasına", "ingilis müstəmləkəçilərinə" qarşı bir ideoloji silaha çevrildiyindən, onların dəfn mərasimini dünya sosialist hərəkatının ünlü simalarının Bakıya toplaşacaqları zamana təyin etdilər. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi "həlak olmuş bakılı yoldaşların cəsədlərinin gətirilməsini Şərq xalqları qurultayı zamanına salmağı məsləhət gördü".
Xüsusi ssenari ilə həyata keçirilən dəfn mərasimi kapitalizm dünyasına meydan oxumaq mesajı idi. Birinci olaraq çıxış edən N.Nərimanovun "qocaman Şərqi xəbərdar etmək" istədiyi nitqinə başlamazdan əvvəl tərəddüd etdiyi barədə şifahi tarixin yaşatdığı məlumat da maraq doğurur. Gətirilmiş 26 tabutun içərisində nələr olduğunu bilmədiyini söyləmiş Nərimanovun şübhəli narahatçılığı da diqqət çəkir.
Sovet ideologiyasının "müqəddəslik" simvoluna çevrilmiş "26-lar" həm toxunulmazlıq statusu qazandı, dəfn meydanı isə ziyarətgaha çevrildi. Zakaspi qumluğundan tapılmış sümüklərin, cəsədlərin kimə məxsus olmasından asılı olmayaraq, onları öz hakimiyyətlərinin təməl sütunları kimi bütləşdirən bir dövlət illərlə "komissarların" isimləri ilə ideoloji və siyasi möhtəkirlik etdi. Adlarını əbədiləşdirdilər, ildönümlərini siyasi ayinə çevirdilər. Həmin dövlət süqut etdi. Amma yaratdığı rəvayətlərdən biri kimi "26 Bakı komissarı" əfsanəsi fərqli prizmadan təftişə məruz qaldı. Adları bir siyahıya düşmüş 26 nəfərin hər biri öz əməlinə görə eyniləşdirilə bilməz. Amma bütün ehtimallara baxmayaraq, ən azından əksəriyyəti eyni aqibəti paylaşdı. Minlərlə məsum müsəlman kütləsinin qətliamı məsuliyyətini daşıyan şəxslər müvafiq əməllərinə görə olmasa da cəzasız qalmadılar. Azərbaycan Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasında adı ittiham olunanlar Bakı həbsxanasında qalsaydılar, hüququn gücü ilə mühakimə olunacaqdılar, amma ən ağır cəzanı "sosialist" yoldaşlarından aldılar. Minlərlə azərbaycanlının qətlinə cavabdeh olan Bakı komissarlarının adları Azərbaycan tarixində dönə-dönə çəkiləcək. Onlara hüquqi cəza vermək imkanı mümkün olmasa da, tarixi ittihamı xətm olunmayacaq müqəddəratı yaşamağa məhkumdurlar.
Firdovsiyyə ƏHMƏDOVA
tarixçi