“Ana südü sağlamlığım, anam isə qəhrəmanımdır” mövzusunda tədbir Hadisə

“Ana südü sağlamlığım, anam isə qəhrəmanımdır” mövzusunda tədbir

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Azərbaycanda ana südü ilə qidalandırma həftəsinin başlanması ilə əlaqədar "Ana südü sağlamlığım, anam isə qəhrəmanımdır" mövzusunda tədbir keçirilib. Tədbirdə institutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan iştirak ediblər. Öz çıxışında professor Nəsib Quliyev ana südünün faydalarından danışıb. Professor deyib: "Biologiyanın qanunlarını pozmaq olmaz. Bu qanunlardan biri də ana südü ilə qidalanmadır. UNİCEF-in təşəbbüsü ilə hər il oktyabr ayının ilk həftəsi ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir və onların əsas məqsədi ana südünün təbliği, bundan əlavə faydaları haqqında cəmiyyəti maarifləndirməkdir. Ötən əsrin sonlarında ana südü ilə qidalanma minimal həddə çatmışdı. Bu səbəbdən UNİCEF ana südünün təbliği istiqamətində bir sıra tədbirlər keçirməyə başladı. Bu tədbirlərin əsas məqsədi cəmiyyətə ana südünün həm körpənin, həm də ananın sağlamlığına da çox faydalı olduğunu çatdırmaq və süni qidaların yayılmasının qarşısını almaq idi. Ölkəmizdə 1992-ci ildən bu günədək olan statistikaya nəzər salsaq ana südü ilə qidalanmanın iki dəfə artığını görərik. Belə ki, 1992-ci ildə əgər uşaqların 25 faizi ana südü ilə qidalanırdısa, hazırda bu rəqəm 50 faiz və daha çox təşkil edir. Bu rəqəmin 100 faizə çatdırılması istiqamətində işlər aparılır. Ümumiyyətlə hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır. Yeni doğulmuş körpəni həyatının ilk saatında ana südü ilə qidalandırmaq doğuşdan sonra döşdən ifraz edilən ağız südü (moloziva) körpənin sağlamlığı üçün çox faydalıdır".
Tədbirdə çıxış edən Min Yuan bildirib ki, təmsil etdiyi qürumun prinsiplərinə əsasən həyatın ilk min günü ana südü ilə qidalanma ömrünün sağlam keçməsinə zəmin yaradır. Belə ki, ana südü sağlamlığın əsas təminatıdır. Lakin cəmiyyət inkişaf etdikcə ana südü ilə qidalanmanın hər il azaldığı müşahidə edilir. Araşdırmalardan bunun bir neçə səbəbi olduğu müəyyənləşdirilib. Bəlli olub ki, insanlar ana südünün tam faydalarını bilmirlər. Digər səbəblər müasir həyat tərzi və süni qida reklamlarıdır. Bundan əlavə ana südünün yalnız körpəyə deyil, anaya da faydalarının cəmiyyətə çatdırılması çox vacibdir. Belə ki, digərlərinə nisbətən uşaq əmizdirən qadınlarda süd vəzi xərçənginin yaranma riski dəfələrlə aşağıdır. Sonra mövzuya aid videoçarx nümayiş etdirilib, jurnalistlərin sualları cavablandırılıb.