Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib Hadisə

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənilib

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadəsi elan olunub.

Daha sonra cinayət işi üzrə sənədlər tədqiq edilib. Eyni zamanda, cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.

Müdafiə tərəfi videogörüntülərdəki danışıqların linqivistik ekspertizaya verilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətə etiraz edib.

Zərərçəkmiş tərəf qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını, təqsirləndirilən şəxsləri bağışladıqlarını bildiriblər.

Vəsatət təmin edilməyib.

Bununla da məhkəmə istintaqı yekunlaşıb.

Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Alzaman Mahdi Ali 4 il, Alghabr Mohammad Hussain 4 il, Alghabr Mahdi Mohammad 4 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzasını ümumi rejimli həbsxanada çəkməsini və cəzadan sonra ölkədən məcburi çıxarılmasını istəyib.

Zərərçəkən tərəf təqsirləndirilən şəxslər səhvlərini anladıqlarını, şikayətçi olmadıqlarını, bilmədən belə etdiklərini və onları bağışladıqlarını bildirib.

Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi 16 dekabrda keçiriləcək.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.