“Bizim pilotlar türk pilotları ilə birgə uçuşlar aparırlar” Hadisə

“Bizim pilotlar türk pilotları ilə birgə uçuşlar aparırlar”

Şair Ramaldanov: "Bu əməkdaşlıq bütün aspektləri əhatə edir"

"Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O həmçinin diqqətə çatdırıb ki, Türkiyə ilə hər hansı istiqamətdə, əsasən də ordu quruculuğu sahəsində əməkdaşlıq olduqca vacibdir: "Azərbaycan işğala məruz qalan dövlətdir. Azərbaycanın hər zaman aktiv döyüşlərə başlayacağı istisna edilmir. Bu gün ölkəmizin qarşısında duran ən vacib məsələ ərazi bütövlüyün bərpa etməkdir. Bugünkü danışıqlar və siyasi vəziyyət göstərir ki, Azərbaycanı güc variantı seçməyə məcbur edirlər. Hələ ki, sülh danışıqları öz nəticəsini vermir. Bizə güc variantdan başqa seçim qoymurlar. Belə bir vəziyyətdə isə Türkiyə kimi güclü hərbi potensialı olan qardaş dövlətlə hərbi əməkdaşlıq ölkəmiz üçün önəmlidir.
Türkiyə NATO-nin aparıcı dövlətlərindən biridir. Ona görə də Türkiyənin yüksək rütbəli nümayəndəsinin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan parkında ancaq Rusiya istehsalı olan uçan aparatlar yoxdur. Bununla yanaşı, NATO istehsalı olan aparatlar da mövcuddur. Bizim pilotlar türk pilotları ilə birgə uçuşlar aparırlar. Bu əməkdaşlıq bütün aspektləri əhatə edir. Həm kadr hazırlığı, həm təcrübə mübadiləsi, həm də birgə döyüş tapşırıqlarının yerinə yetirilməsi həyata keçirilir. Bu baxımdan məlum səfərin əhəmiyyəti böyükdür və bu əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur".