Naxçıvana hücum olmayıb Hadisə

Naxçıvana hücum olmayıb

Müdafiə Nazirliyi: "Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur"

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır: "Hazırda bu istiqamətdə vəziyyət sabitdir və stabildir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır".
Qeyd edək ki, ötən gün bəzi KİV-də Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər getməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirdiyi qeyd olunur.
Lakin bəlli olub ki, Culfanın Ləkətağ kəndi: kənd də, sakinlər də, postlar da yerindədir. Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan "Şərq qapısı" qəzetinin əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Elnur Kəlbizadə həmin kənddə olub. Onun ölkə mətbuatına göndərdiyi məlumatda qeyd olunur: "Günlərdir mediamıza bir dezinformasiya daxil olub. Artıq bu gün bəzi saytlarımız ermənilərin Culfanın Ləkətağ kəndini tutması, kəndin boşaldılması ilə bağlı heç bir əsası olmayan, əsassız həyəcan yaradan fikirlər yayır. Mən bu gün Ləkətağda idim. Kənd də, sakinlər də, postlarımız da yerindədir. Kənddə olduğum 4 saatdan artıq müddət ərzində bircə güllə səsi də eşitmədim. İnsanlara "Kəndə hücum olubmu" sualını verdikdə "hansı kəndə" cavabını eşitdim.
O, fikirlərinin sübutu olaraq şəxsən çəkdiyi fotoları da təqdim edib.
Məlumat üçün bildirək ki, Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan da yayılan məlumatlarla bağlı açıqlama ilə çıxış edib: "Culfa rayonu Ləkətağ istiqamətində Ermənistan ordusunun hücumu haqqında yayılan məlumatlar dezinformasiyadır".
Qeyd edək ki, Haxçıvana hücumla bağlı dezinformasiyalar erməni mətbuatından qaynaqlanıb. Təsdiqini tapmayan məlumatda qeyd olunurdu ki, Ləkətağ hücumu bölgədə vəziyyəti misilsiz dərəcədə təhlükəli xarakter alması ilə bağlıdır. Erməni mətbuatı xatırladır ki, bir neçə gün bundan öncə Naxçıvanla sərhəddə iki erməni əsgərinin ölümü ilə nəticələnən insident baş vermişdi.