15:00
399
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri Hörmüz boğazından keçərkən bir tankerdən geri dönməyi tələb edib və imtina edəcəyi təqdirdə hücumla hədələyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti (UKMTO) məlumat yayıb.
UKMTO-nun 152-26 nömrəli xəbərdarlığına əsasən, insident oktyabrın 5-də UTC vaxtı ilə saat 08:27-də (Bakı vaxtı ilə 12:27) Omanın Xəsab şəhərindən 11 dəniz mili şimalda baş verib.
Xidmətin məlumatına görə, Hörmüz boğazı ilə Fars körfəzi istiqamətində hərəkət edən tanker SEPAH qüvvələrindən kursunu dəyişmək tələbi ilə zəng alıb. İran tərəfi xəbərdarlıq edib ki, əks halda gəmi hücum hədəfinə çevriləcək.
Tankerin kapitanı tələbin yerinə yetirildiyini və kursun dəyişdirildiyini təsdiqləyib. Hadisənin təfərrüatları araşdırılır. UKMTO ticarət gəmilərinə artırılmış təhlükəsizlik tədbirlərinə riayət etməyi və hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat verməyi tövsiyə edib.
Məryəm Quliyeva