“Mifin tarixə müdaxiləsi” əbədi prosesdir Hadisə

“Mifin tarixə müdaxiləsi” əbədi prosesdir

Gənc və istedadlı folklorşünas Səfa Pənah oğlu Qarayevin "Mifin tarixə müdaxiləsi: 21 dekabr 2012-ci il" ("Sabah", 2018) monoqrafiyası folklorşünaslığımız üçün mühüm əhəmiyyət kəsb edən bir sıra mövzulara orijinal elmi yanaşmanın bəhrəsi olaraq ortaya çıxıb. O mövzulardan biri də elə kitabın adında öz ifadəsini tapıb. Bu ad, hər şeydən əvvəl, özlüyündə Sovet zamanında elmi-texniki tərəqqinin inkişafı nəticəsində meydana çıxmış olan miflərin öz tarixi taleyini yaşayıb başa vurmasına dair səsləndirilən fikirlərin yanlış olduğunu deyir. "Mifin tarixə müdaxiləsi" ifadəsilə müəllif hətta açıq-aşkar şəkildə bəri başdan demək istəyib ki, mif öz dövrünü nəinki yaşayıb qurtarıb, hətta mif tarixə-müasir sivil dünyamıza, yaşam tərzimizə sadəcə nüfuz etməyib, həm də göz-görəti olaraq həyatımıza müdaxilə də etməyə qadirdir. "Mifin tarixə müdaxiləsi" ifadəsi ilə hələ tam kifayətlənməyən gənc folklorşünas bundan sonra qoşa nöqtə işarəsi qoyub, konkret bir tarixə-tarixi bir günə işarə edib. O "qoşa nöqtə" işarəsi aydınlaşdırma, birbaşa göstərmə mənasını daşıyır və bununla Səfa Qarayev öz fikirlərini mifik şəkildə, yəni uydurma bir şey kimi - göydəndüşmə abstrakt mühakimələr halında yox, birbaşa konkret olaraq bütün bəşəriyyət üçün məlum olan tarixi bir gün – 21 dekabr 2012-ci il tarixinin üzərində konkret şəkildə əsaslandırdığını diqqətə çatdırmaq istəyir.
Tədqiqatçı Maya mifologiyasındakı 21 dekabr 2012-ci ildə dünyanın sonunun çatması fikrinin bütün dünyanı rəxnəyə salmasını bir tarixi fakt kimi götürür, dünyanın sonu ilə bağlı esxafoloji mifin elmi-texniki tərəqqinin ən yüksək həddinə çatdığı bir zamanda belə bütün bəşəriyyəti narahat etdiyinə dair maraqlı fikirlər sərgiləyir.
Haqlı olaraq dünya və zaman anlayışlarını eyni paralellikdə götürən S.Qarayev problemə açar sala bilməkdən ötrü məhz dünya-zaman münasibətlərinə nəzər salır və bu məsələdə "zaman" anlayışının hansı məna vahidlərində özünü realizə etdiyinə sistemli yanaşaraq yazır: ""Dünyanın sonu" və "Zamanın sonu" arasında çox ciddi əlaqə var. Əslində, bu məsələnin düzgün izahı "son" təsəvvürünü də anlamağa imkan verəcək. Burada hər şeydən öncə, tarixi və mifoloji zaman arasında münasibətləri qısa olaraq şərh etmək məqsədəuyğundur. Zaman anlayışının izahında aşağıdakı məsələləri nəzərə almaq lazımdır:
1) Zaman anlayışı təbii ritmin bir hissəsi kimi (mifoloji, təkrarlanan zaman);
2. Zaman özünüifadənin məntiqi qəlibi kimi (tarixi zaman);
3) Zaman anlayışı daxili psixoreallıq kimi (hibrid zaman).
Zaman anlayışı təbii ritmin bir hissəsi kimi təkrarlanan zaman qəlibini formalaşdırır.
Təkrarlanan kiçik gündönümləri (səhər və axşam) və böyük gündönümləri (fəsil dəyişiklikləri) daxilində reallaşan insanın dünyaduyumu da bu qəlibə uyğun şəkil alıb. Bu zaman təkrarlanan ritm dövrəvi zaman qəlibi formalaşdırır ki, bu da mifoloji zaman qəlibinə uyğundur. Bu modeldə zaman bir nöqtədən başlayır və yenidən həmin nöqtəyə dönür. Məsələn, Növruz bayramında mart ayının 21-dən 22-nə keçən gecə köhnə zaman qurtarır və elə həmin vaxt yeni zaman başlayır. Zamanın sonu mövcud olan bütün varlığın ölümü, zamanın başlaması isə mövcud olan bütün varlığın dirilməsi kimi xarakterizə olunur".
Elə bilirəm ki, müəllifin zaman amilinə aydın düşüncə işığında yanaşıb, bu cür analitik şərh verə bilməsi qarşıya qoyulan problemin uğurlu çözülməsinə əsl ipucu verib. Çünki tədqiqatçının əsas obyekti miflə tarixin (tarixi zamanın) qarşılıqlı əlaqəsini üzə çıxarmaqdır və bununçün də məlum miflə məlum tarixin-zamanın bir-birlərinə təsir dairəsinin konturlarını görmədən məsələnin mahiyyətinə dərindən nüfuz etmək mümkün deyildir. Mif nəyi təlqin edib və həmin mifin gerçəkləşmə zamanı hansı səviyyələrdə təzahür edir sualının izahı məhz mif-tarix çevrəsini aydınlığı ilə görə bilməkdən çox asılıdır.
Daha sonra mifoloji zamana və tarixi zamana xas olan səciyyəvi keyfiyyətlərdən danışan Səfa Qarayev diqqəti Maya mədəniyyətinin üstünə gətirir. "Maya mədəniyyəti Orta Amerikada meydana gəlib. Bugünkü Meksikanın Honduras, Salvador, Qvatemala və Belizyəyə qədər olan əraziləri əhatə edir. Bu mədəniyyət miladan öncə 1500-cü ildən miladın 900-cü illərinə qədər davam edib. Miladdan sonra III yüzillikdə özünün ən yüksək qızıl dövrünə yüksəlib. Miladdan sonra 900-cü illərdən etibarən çox sürətlə tənəzzülə uğrayıb və İspaniyanın işğalından sonra isə bu mədəniyyət tamamilə məhv olub.
Astek-maya əfsanəsinə görə, bundan əvvəl dörd dünya və yaxud da Günəş mövcud olub. Bu dünyalar ardıcıllıqla yaquarlar, qasırğa, alovlarla və ən sonda qorxunc bir sellə yox edilib. İnsanlar indi beşinci Günəşi yaşayırlar və bu Günəş dəhşətli zəlzələ ilə sona çatacaq. Mifologiyalarında sadəcə olaraq beş Günəşdən söhbət getdiyi üçün yeni bir yaradılış gözlənilmirdi. Bu Günəşlərin hər biri 5125 illik dövrü əhatə edirdi. Maya yazılarına görə, beşinci Günəş m.ö. 12 avqust 3114-cü ildə başlayıb və 21 dekabr 2012-ci ildə başa çatacaq.
Maya mifologiyasına görə, beşinci günəş 21 dekabr 2012-ci ildə sona çatdıqdan sonra yeni bir zaman dövrünə və yeni bir zaman çağına girmiş olacağıq. Burada əsas olan təqvimin dəyişməsindən daha çox dünyanın sonuna səbəb olacaq fəlakətlərin baş verməsidir. Mayalıların qaya üzərində çəkilmiş rəsm əsərlərinin izahı zamanı alimlər burada dünyanın sonu motivindən bəhs olunduğunu düşünürlər. Bu öncəgörmələrə görə, 21 dekabr tarixində bir planet Günəş sisteminə girəcək və bu planetin kütləsi və cazibəsi Günəş sistemindəki tarazlığı pozaraq kosmik nizami məhv edəcək. Bu planetin adı Niburidir. NASA bütün bu deyilənlər üçün verdiyi açıqlamasında Niburi deyə bir planet olmadığını bildirməklə yanaşı, 2012-ci ildə Yer kürəsi ilə toqquşacaq və ya onun yaxınlığından keçəcək hər hansı bir obyektin olmadığını da bildirmişdi. Lakin 21 dekabr 2012-ci il tarixində "mifoloji çevrə"nin bitməsi ilə üst-üstə düşən bəzi təbii hadisələr bu real zamanı təkrar mifləşdirib".
Beləcə, Maya mədəniyyəti və mifi ilə bağlı ümumi məlumatı diqqətimizə çatdıran alim bu göstərilən tarixin mifləşməsi üçün zərurət yaradan məqamlara da toxunaraq fikirlərinə davam edir ki, "Planetlərin qeyri-adi formada düzüləcəyi, eləcə də həmin günü qış gecə-gündüz bərabərliyinin yaşanacağı və günəşin çox nadir görünən bir vəziyyət alıb Samanyolunun (Kəhkəşan) mərkəzi ilə eyni sırada duracağı barədə astronomik proqnozların 21 dekabra təsadüf etməsi bu günə emosional dəyər qazandırıb. Mifik dünyanın "öncəgörmələri" və elmi-astronomik proqnozların üst-üstə düşməsi mifləşmə üçün lazım olan bütün şərtləri tamamlayır. Mifikləşmə bu kontekstdə baş verir: Real şərait mistik mahiyyətin təzahürü, mistik mahiyyət isə real şəraitin səbəbi kimi dəyərləndirilir. Sözsüz ki, "bu zaman" artıq emosional münasibətlər kontekstinə keçir. Bizim məqsədimiz nə Maya mifologiyasını öyrənmək, nə də 21 dekabrda baş verə biləcək təbii hadisələrin təsvirini verməkdir. Məqsədimiz bunların ikisinin qovuşması nəticəsində "mifikləşən zamana" emosional münasibətləri araşdırmaqdır. Bu münasibət, hər şeydən öncə, insanlığın esxatoloji arxetipinin dilə gəlməsidir ki, bu motivlər ayrı-ayrı xalqlarda dünyanın sonu barədə mövcud olan mifoloji təsəvvürlərlə oxşardır və ya üst-üstə düşür".
Səfa Qarayevin göstərilən tarixdən – 21 dekabr 2012-ci il tarixindən bir xeyli əvvəl qələmə almış olduğu bu yazısında bu problemə bir folklorşünas gözü ilə yanaşması - bu barədə gəzən söz-söhbətlərin məcmusunu "insanlığın esxatoloji arxetipinin dilə gəlməsi" ilə izah etməsi onun bir folklorşünas alim kimi hadisələri qabaqlayaraq obyektiv və doğru fikir yürütmək bacarığının göstəricisidir. Problemə müxtəlif yönlərdən yanaşan Səfa müəllim eyni zamanda mövzu ilə bağlı Stanislav Qrofun da mülahizələrini gözdən keçirir: "İnsan şüurunun qeyri-normal vəziyyətinin araşdırıcılarından olan Stanislav Qrof "2012 və insanlığın taleyi: Dünyanın sonu, ya şüurun çevrilişi?" məqaləsində irəli sürdüyü bəzi fikirlər bizə sözügedən məsələni daha dərindən anlamağa imkan verir: "Maya öncəgörmələri maddi dünyanın fiziki məhvindən daha çox ölüm və yenidən doğulmaya, insanlığın daxili transformasiyalarına əsaslana bilər...
...Modern şüur tədqiqatçılarının araşdırmaları maya öncəgörmələri ilə əlaqədar şərhlərin apokalipsisdən daha çox holotrofik hallarla, yəni psixospiritual ölüm və yenidən doğum cəhdləri ilə əlaqədar olduğunu göstərməkdədir. Bu cəhdlərə insanlığın ritual və ruhsal tarixində; şamanizmdə keçid ayinləri, antik dünyanın ölüm və yenidən doğulma sirlərində və dünyanın böyük dinlərində (xristianlığın "yenidən doğuş" və hinduların "dvija" anlayışında) rast gəlmək olar". Göründüyü kimi, Qrof, Maya mifologiyası və onun təsiri ilə meydana gələn şərhləri ruhi-psixoloji baxımdan ölüb-dirilmə kontekstində izah edir ki, bu izahı məsələyə yanaşmada ən optimal variant hesab edirik".
Səfa Qarayev gənc olsa da, "21 dekabr 2012-ci il" tarixi ilə bağlı astek-mayya əfsanələrindən irəli gələn mifoloji öncəgörmələrə esxatoloji motivləri tutuşdurmaq yolu ilə tutarlı və əsaslandırılmış elmi dəyərləndirmələr verməyə nail olub. Türk, german, hind və başqa xalqların dünyanın sonu barədəki mifik görüşlərini ətraflı nəzərdən keçirən folklorşünas sonda belə bir qənaətə gəlib ki, "Bu izahların fonunda deyə bilərik ki, 21 dekabrdan sonra dünya ritualdan keçmiş qəhrəman kimi bir qədər sərbəst nəfəs alacaq. Bunun səbəbi gərginliklə gözləmə psixologiyasından sonra yaranacaq rahatlıqdan başqa bir şey olmayacaq".
O ki qaldı "mifin tarixə müdaxiləsi" məsələsinə, 21 dekabr 2012-ci ilin esxatoloji motiv kimi götürülməsi və dünyanı lərzəyə salması amili də heç də müstəsna hal kimi götürülməməlidir. Əslində mif hər an tarixin içində oturub, bəlkə də, "gizlənib" desək daha düz səslənər. Miflə tarix iç-içə yaşayır, sadəcə olaraq bunların fərqinə varmamız gərəkdir. Mif tarixə daim müdaxilədədir. Elə əsl poeziya özü metaforik bir deyim forması olaraq miflə paralel olan bir dünya duyumu hadisəsi deyilmi?
"Mifin tarixə müdaxiləsi" əbədi və sonsuz, qarşısıalınmaz bir prosesdir. "21 dekabr 2012-ci il" isə bizim məntiqi zamanımızla mifik zamanın bir nöqtədə kəsişməsi, üst-üstə düşməsi və eyni zamanda bir-birilərini inkar yox, təsdiq edən zamanlar olduğunu göstərən konkret zaman-tarix nöqtəsidir. Və bir daha mifik təfəkkürdə mövcud olanın müasir dövrdəki şüuri baxışda da eyni olduğunun inikasıdır. Mifik düşüncənin dediklərini məntiqi şüurumuz təsdiqləyir.

Şakir Albalıyev
filologiya üzrə fəlsəfə doktoru