Sosial mediada terrorun təbliği Hadisə

Sosial mediada terrorun təbliği

Arzu Nağıyev: "Dünyanın bir sıra dövlətləri buna öz ərazilərində çoxdan qadağa qoyub"
Azər Rəşidoğlu: "Müsəlmanları vəhşi qismində göstərmək bəzi Qərb ideoloqlarına sərf edir"
Elşən Qaraçuqlu: "Bunun başlıca səbəbi islamı vəhşi bir obrazda dünya ictimaiyyətinə təqdim etməkdir"
İlqar Altay: "Burada qlobal siyasət dəst xəttindən başqa əsas tapmaq olmur"

Terrorçu təşkilatlar sosial şəbəkələrdən də tez tez istifadə edirlər. Onlar təhdideici məlumatlar, zorakılığı təbliğ edən videomateriallar yayırlar. Ümumiyyətlə, terrorçu təşkilatların youtube, fasebook, tvitter və digər sosial şəbəkələrdə yaydıqları dəhşətli foto və video materialların qarşısı nə üçün alınmır? ABŞ və digər qərb dövlətlərinin nəzarətində olan bu şəbəkələrin belə materiallara qadağa qoymamasının səbəbi nədir?
Analitik Arzu Hağıyev bildirdi ki, hər bir sosial şəbəkənin yayım qaydaları əsasən onun qeydiyyatdan keçdiyi və ya baş ofisinin yerləşdiyi ölkələrin qanunvericiliyinə uyğun şəkildə tənzimlənir: "Bu gün söhbət "YouTube"dan gedirsə, həmin sayta hər hansı bir videonun yüklənməsində təqdim edilən material və ya kontent Amerika Birləşmiş Ştatlarının müəlliflik qanununa zidd olursa və ya onu pozursa qadağa qoyulur. Əvvəlcə yüklənən materialın səsi kəsilir, sonradan isə silinir. Buna baxmayaraq çoxsaylı kontentlər qanunsuz şəkildə yüklənə bilir. Eyni zamanda yüklənən materiallar o vaxt silinir ki, hər hansı təşkilat və ya fərd tərəfindən şikayət daxil olsun. Bundan başqa 2010-cu ildən başlayaraq qoyulan bir sıra veriliş xarakterli kontentlər də qanunsuz sayılır və buna imkan verilmir. Konkret terror təşkilatlarının və digər qanunsuz birləşmələrin sosial şəbəkələrdə yaydıqları döyüş səhnələri, insanlara qarşı işgəncələr və digər foto və video materialların qarşısınıən alınmamasında heç də həmişə ABŞ və digər qərb ölkələrini günahlandırmaq düzgün olmazdı. Yəni qadağa qoymaq üçün bunu tələb etmək lazımdır, sübuta yetirmək lazımdır ki, bu səhnələr siyasətdən başqa eyni zamanda insanların, əsasən də uşaqların və gənc nəslin psixikasına təsir edir. Həmin məsələlər bir sıra seksual xarakteli, ponoqrafik və bu səpkili materiallara da aidiir. Dünyanın bir sıra dövlətləri buna öz ərazilərində çoxdan qadağa qoyub. Buna misal olaraq Türkiyədəki son twitter və youtube qadağalarını göstərmək olar. Məlumdur ki, terror təşkilatlarının əsas məqsədlərindən biri də qorxu hissi gətirmək üçün məhz onların törətdiklərinin geniş kütləyə çatdırılmasıdır, onlar əsasən birbaşa olmasa da dolayı yolla bunu KİV-in "yardımı" ilə həyata keçirilər. Yəni KİV terror aktları barədə xəbərlər yayarkən diqqətli olmalıdırlar".
Siyasi şərhçi Azər Rəşidoğlu dedi ki, internet azadlığının bəzən fəsadları olur: "Bu baxımdan, yasaq qoymaq da da qəlizdir. Digər tərəfdən, müsəlmanları vəhşi qismində göstərmək bəzi Qərb ideoloqlarına sərf edir. Əslində, islam adı ilə fəaliyyət göstərən terrorçu təşkilatların əksəriyyəti elə Qərb kəşfiyyatının yaratdığı qurumlardır".
Jurnalist İlkin Ağayev vurğuladı ki, burada bir məqsəd var: "Dünya ictimai rəyində həmin terrorçu qrupların özbaşına yox, hansısa Qərb mərkəzlərinin hazırlıqları ilə ortaya çıxması, onların iradəsi və planları ilə hərəkət etməsi barədə kifayət qədər qənətlər var. Bu qənaətləri əsassız saymaq olmaz. Necə ki, "ərəb baharı" və digər Yaxın Şərq ölkələrində baş verənlər bu cür mərkəzlərin hazırladıqları planlar əsasənda baş veriridi və bu "bahar"larda da sosial şəbəkələr böyük rol oynamışdı. İndi də biz həmin hadisəni müşahidə edirik. Yəni İŞİD kimi terrorçu təşkilatların sosial şəbəkələr vasitəsilə PR-ı aparılır. Burada əslində təəcüblənmək lazım deyil. Bu sosial şəbəkələr İŞİD-in qəddarlıqları ilə bağlı psixoloji təsir, qorxu yaratmaq üçün yararlanılır".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu vurğuladı ki, təəssüflər olsun ki, sosial şəbəkələrdə terror hörgütlərinin yaydığı videolar geniş vüsət almaqdadır: "Özündə zorakılığı, qaniçənliyi və sairə qeyri-insani hərəkətləri əks etdirən bu tip video görüntülərin yayılması əlbəttə ki, yolverilməzdir və özündə insanlığa qaşı cinayətləri əks etdirir. Bu tip videoların yerləşdirilməsinin qarşısının alınmamasının ilk və başlıca səbəbi, islamı olduğu kimi deyil, vəhşi bir obrazda dünya ictimaiyyətinə təqdim etməkdir. Təbii ki, bu videoda baş kəsərək Allahu əkbər qışqıran insana və onun dininə qarşı bir nifrət oyana bilər ki, bu da dünyada fitnə fəsad törədən qüvvələrin yürütdükləri siyasətin tərkib hissəsidir. Təbii ki, bundan digər məqsədlər üçün də istifadə edilir
Tədqiqatçı İlqar Altay bildirdi ki, bu sual milyonlarla insanı düşündürür: "Adi vaxtda sosial şəbəkələrdə, məsələn "Youtube"da heyvanlara verilən işgəncə səhnəsi dərhal cıxarılır: "Adı da qoyulur ki, insanlara, azyaşlılara mənfi təsir göstərər. İndi isə, bazaları əsasən ABŞ-da yerləşən bu şəbəkələr Suriya və İraqda sünni və şiə islam mənsubları arasında baş verən dəhşətli işgəncə və qətllərini, başkəsmə səhnələrini rahatlıqla yayırlar. Təbii ki, bu yayımların səbəbinə vardıqda burada qlobal siyasət dəst xəttindən başqa əsas tapmaq olmur. Hiss olunur ki, şiə və sünni məzhəbləri arasındakı ədavətin alovlanması bir sıra fövqəl dairələr tərəfindən coxdan gözlənilirmiş. Çünki bu, bir cox vacib qlobal maraqlara xidmət edə bilən faktordur. Bu ədavət əsasən Suriya hadisələrindən sonra alovlanıb. Əvvəla, bu yayımlar məlum İslam dini cərəyanları arasında düşmənçiliyi daha da gücləndirir. Bu zaman islam ekstremist qüvvələrinin, qruplaşmalarınin başı bir birilə savaşa qarışır. Və maraqlıdır ki, yaxın şərqdə bütün vəziyyətə nəzarət edən Qərb tərəfindən bu gün İraqda baş verən hadisələri yatırtmaq üçün lazımi addımlar atılmır. Əbəs deyil ki, Suriya hadisələrindən, oradakı güclü islamdaxili savaşdan bəri Al-Qaidə kimi ekstremist cərəyanların ABŞ və bütün xristian aləminə qarşı terroru, hücumları zəifləyib. Yaxud fələstinli ərəblərin, bütün ərəb dünyasının İsrailə qarşı basqısı dayanıb. Yəni KİV-dən, sosial şəbəkələrdən istifadə etməklə aparılan bu siyasət islam və ərəb dünyasını parçalamağa xidmət edir və nəticə də göz qabağındadır. İkincisi, bu zorakılıq, qətl, başkəsmə yayımları ilə islam dini və dünyası bütün bəşəriyyət qarşısında gözdən salınır. Bu son hadisələrin, vəhşiliklərin bütün çılpaqlığı ilə yayımından sonra çox-çox insanlar düşünür və islam dininə qarşı soyuqluq artır. Yəni bunun özü güclü bir təbliğatdır".

Əli