“Piyada səkiləri və dayanacaq yerləri zəbt edilib“ Hadisə

“Piyada səkiləri və dayanacaq yerləri zəbt edilib“

"Piyada təhlükəsizliyi ilə bağlı vəziyyət qənaətbəxş deyil. Dövlət başçısının tapşırığına əsasən hazırda bu sahədə vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tədbirlər görülür".
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Paytaxt rayonlarının bir-bir təhlil edildiyini qeyd edən Vüsal Kərimli piyada səkilərinin müxtəlif səbəblərdən zəbt edildiyini diqqətə çatdırıb.
"Obyektlər tikilib, obyektlərin pilləkənləri çıxarılıb, obyektə dair reklam lövhələri qoyulub. Yaxud bəzən baxırsan, işıqfor dirəyi olan yerə əlavə nişan qoyulub. Bunlar isə bir başa piyadanın hərəkətinə maneə törədir. Eyni vəziyyət dayanacaqlarla bağlıdır. Dayanacaq yerləri zəbt edilib. Piyadalar məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bakı Nəqliyyat Agentliyi bu problemlərin həlli üçün tədbirlərin görülməsinə başlayıb", - deyə Vüsal Kərimli vurğulayıb.
Vüsal Kərimli bildirib ki, sentyabrdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulması işlərinə başlanılacaq. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin sözlərinə görə, Bakının ətraf kənd və qəsəbələrində 7 ünvanda kiçik nəqliyyat mübadilə mərkəzinin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, Nəqliyyat Mübadilə Mərkəzləri eyni zamanda kimi fövqəladə hallar zamanı artan sərnişin axınının idarə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İdarə heyətinin sədri qeyd edib ki, Mübadilə Mərkəzləri daha da təkmilləşdirəcək: "Beynəlxalq təcrübəyə əsasən böyük dayanacaqlar tikiləcək. Dayanacaqların içərisində həm kitabxana, həm təcili tibbi yardım yeri, həm vətəndaşların gündəlik tələblərinə uyğun vasitələr olacaq".
Vüsal Kərimli əlavə edib ki, sentyabr ayında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində yenidənqurma işlərinə başlanılacaq: "Orada sadəcə dayanacaq yox, vətəndaşların vaxt keçirdiyi yerlərdə onların rahatlığı üçün uyğun şərait yaradılacaq. Mənim ən çox istədiyim məqam kitabxanadır. Mən həm avtobuslarda bunu istəyirəm, həmçinin dayanacaqlarda planlaşdırırıq ki, Nəqliyyat Mübadilə Mərkəzilərində kitab rəfləri olsun. İnsanlarımız artıq virtual dünyadan çıxıb bir az kitabla ünsiyyətdə olsunlar. Həm də maarifləndirici işlər bunun əsas amillərindən biridir".