Binəqədidə əmək yarmarkası keçirilib Hadisə

Binəqədidə əmək yarmarkası keçirilib

Binəqədi rayon Məşğulluq Mərkəzi işsiz və iş axtaran kimi qeydiyyatda olan ali təhsilli gənclər üçün əmək yarmarkası keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, "İşçi axtarıram" adı altında keçirilən yarmarkada rayon ərazisində fəaliyyət göstərən 10 müəssisədən 80-dən çox vakant iş yeri təklif olunub. İş yeri təklif edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib.
Tədbirdə 44 gəncə vakant iş yerlərinə göndəriş verilib, 5 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. İşəgötürənlər tərəfindən 60-a yaxın gəncdən CV qəbul edilib. Yarmarkada 7-si məcburi köçkün ailələrindən olan 14 gənc istəklərinə uyğun olaraq və potensialları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıb.