Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında Hadisə

Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.
Qeyd edilib ki, Ağdam Muğam Mərkəzi konsert müəssisəsi qismində fəaliyyət göstərəcək. Muğam Mərkəzinin Ağdamda yaradılması çox böyük rəmzi məna daşıyır. Çünki Qarabağ muğam məktəbinin qədim və zəngin ənənələri var. Qarabağ torpağı Azərbaycanın ən qədim guşələrindən biri olmaqla şeir, sənət ocağı, istedadlar diyarı kimi dünyaya məşhur ustad xanəndələr bəxş edib. Ayrı-ayrı sənətkarların ifaçılıq üslubunun yaşadılmasında, muğam ənənələrinin, sənətkarlıq sirlərinin nəsillərə ötürülməsində Qarabağ muğam məktəbinin böyük rolu var. Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.