İstiqlal - bir millətin namusu və ən böyük sərvəti Hadisə

İstiqlal - bir millətin namusu və ən böyük sərvəti

Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı

5-ci yazı

Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... və bütöv bir ömür" memuarı bir istiqlal aşiqinin gündəliyidir, çoxşaxəli, çoxplanlı, ilk baxışda yüzlərlə temanın pərakəndə toplusu, lakin dərindən nüfuz etdikcə vahid süjeti, ideya istiqaməti, məramı olan möhtəşəm əsərdir. Memuarı oxuduqca, sanki onun qəmə, qüssəyə bürümüş sətirləri arxasından istedadlı və müdrik, zəngin həyat və qələm təcrübəsinə malik, fəqət dalğın və kədərli Ceyhun Hacıbəyli boylanır... Müəllif memuarı XX əsrin 40-cı illərinin sonundan qələmə almağa başlamış, 50-ci illərin sonunda bitirmişdir. Memuar fransız dilində yazıb. Makina ilə əlyazması S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır.(ARDƏİA) saxlanılır (fond N°649. siy.1, saxlama vahidi 11, vərəqlərin sayı 104).
Memuarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə Şamil Zaman 2015-ci ilin əvvəllərində dilimizə çevirmişdir. Əsər "Xan" nəşriyyatında çap olun (Ön sözün müəllifi akademik İsa Həbibbəyli,redaktor Nərgiz Cabbarlı, Bakı, 2016, 255 səh.). Mərhum f.e.namizədi Bayram Ağayev də vaxtı ilə bu sətirlərin müəllifinə, digər həmkarlarına əsərin tərcüməsi ilə məşğul olduğunu bildirsə də, tərcümə ortaya çıxmayıb. Ceyhun Hacıbəylinin bir neçə əsərini, o cümlədən qürbətdə fransız dilində qələmə aldığı 4 hekayəni dilimizə çevirən fransız dili mütəxəssisi Mirzəbala Əmrahov da memuarı tərcümə edib ("Bir il xəyallarda... və bütöv bir ömür", Bakı, "Təhsil" nəşriyyati, 2017, 262 səh). Əsər mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi dəyəri baxımından Azərbaycan bədii publisistikasının, mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir. C.Hacıbəylinin yaddaşı ilə xəyallarının birgə məhsulu olan memuar:
- Vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir;
- çar və sovet imperiyasının milli siyasətinin əsl mahiyyətini, eybəcərliklərini göstərən və ifşa edən sənəddir;
- 1905-ci və 1918-ci illərdə ermənilərin Azərbaycanda, xüsusilə Bakıda törətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir;
- milli adət-ənənələri, xalqımıza mənsub ailə-məişət münasibətlərini, dini mərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir;
- inqilabdan əvvəlki Bakı həyatı, xüsusi ilə qoçuların şəhərdəki fəaliyyəti, əhali arasındakı nüfuzu barədə müəllifin özünəməxsus görüşləridir;
- Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni həyatındakı yerinə, roluna işıq salan əsərdir;
- bir mühacirin qürbət - Paris macəralarıdır;
- nəhayət, böyük Hacıbəylilər nəslinin zəngin və maraqlı həyat hekayəsindən bir parçadır.
Ceyhun Hacıbəyli bu memuarında yaşadığı və mübarizə apardığı dövrün obyektiv mənzərəsini yaratdığından, geniş bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini, insanlararası münasibətləri, mühacir həyatının yaşantılarını, Vətən, ata-ana, bacı- qardaş, qohum həsrətini, övlad niskilini, yad məmləkətdə və mühitdə milli kökə, adət- ənənələrə bağlılığı özünəməxsus ustalıqla qələmə aldığından, nəsillərə nümunə ola biləcək fədakar ömrünü təcəssüm etdirdiyindən əsər böyük elmi, bədii-publisistik və tarixi əhəmiyyət kəsb edir.
Səriştəli tərcüməçi Oktaedr Qəbələli Ceyhun Hacıbəylinin ötən əsrin 50-ci illərində qələmə aldığı "İlk Azərbaycan operası necə yarandı" adlı xatirəsini rus dilindən dilimizə çevirmişdir ( Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri. Bakı, "Elm", 2017, 368 səh.). Əsərdə bir sıra mübahisəli məqamlar olsa da ( nəzərə almaq lazımdır ki, xatirə məlum hadisədən 40-50 il sonra qürbətdə, heç bir mənbəyə , tarixi sənədə yox, yalnız yaddaşın gücünə istinad edilərək qələmə alınmışdır), bir sıra ədəbi, tarixi və mədəni hadisələrin tədqiqi və dəyərləndirilməsi baxımından aktual və faydalıdır.
Diqqətçəkicidir ki, Ceyhun Hacıbəylinin publisistikasına zəngin faktlarla yanaşı uğurlu bədii təsvir vasitələri hakimdir. Onun dilinə xas kinayə, istehza, , qanadlı ifadələr, atmacalar mətni ağırlaşmaqdan qoruyur, eyni zamanda müəllif istəyini oxucuya daha canlı, daha təsirli formada çatdırır. Ceyhun bəyin qələmə aldığı və Parisdə nəşr olunan " Revue de deux Mondes " ( yanvar, 1934) irihəcmli " SSRİ-də ziyalılar " adlı məqaləsində rejimin elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərini kölə vəziyyətinə salmasından, senzuranın yaradıcı insanlara qarşı amansız münasibətindən bəhs olunur. Müəllif ədəbiyyata, sənətə sinfi, partiyalı münasibətin, marksizm-leninizm ideologiyasının mahiyyətini məharətlə açır və ədəbiyyatın milli, ənənəvi dəyərlərdən məhrum edildiyini də vurğulayır.
Çoxşaxəli, çoxsahəli fəaliyyəti ilə xalqımızın istiqlal mücadiləsi tarixində olduğu kimi, ədəbi-mədəni, mətbu həyatında da xidmətlər göstərən Ceyhun Hacıbəylinin folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünaslıq, tarix və politologiya istiqamətlərində araşdırmaları bu gün də aktuallığını və əhəmiyyətini itirməyib. Fikrimizcə, C.Hacıbəylinin araşdırmaları barədə dolğun, sistemli elmi -nəzəri nəticələr əldə etmək üçün ayrı-ayrı tədqiqat sahələrinə müvafiq olaraq onun qələmə aldığı əsərlərin təsnifatını verməklə təhlil etmək və dəyərləndirmək məqsədəuyğundur. Onun ədəbiyyarşünaslığa, tariximizə, mətbuat, mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığına dair əsərləri bu gün də böyük maraq doğurur. Hələ ilk yaradıcılığı dövründə ədəbiyyat tarixi və ədəbiyyatşünaslıq məsələlərinə maraq göstərən C. Hacıbəyli sahə ilə bağlı bir sıra dəyərli məqalələr yazmış və dövrün mətbu orqanlarında dərc etdirib.
Onun Mirzə Hüseyn Əfəndi Qayıbov, Abbasqulu Ağa Bakıxanov, İsmayıl Qaspiralı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir, Abdulla bəy Divanbəyoğlu, Haşım bəy Vəzirov, Hüseyn Ərəblinski, Ağabəyim Ağa, Aşıq Pəri, Gövhər Ağa, Fatma xanım Kəminə, Xurşud Banu Natəvan, Fatma Bikə, Qubalı Bikə xanım, tatar şairi Abdulla Tukay, görkəmli macar türkoloqu Yuli Remet, gürcü şairi, yazıçı, ictimai xadimi Akaki Sereteli, klassik Şərq poeziyasını parlaq simaları Hafiz Şirazi, Əbülqasım Firdovsi kimi ədəbiyyat, mədəniyyət xadimlərinə həsr etdiyi yazıları Ceyhun bəyin maraq dairəsinin zənginliyinə, eyni zaman da peşəkar, səriştəli tədqiqatçı olduğuna dəlalət edir.
Ceyhun Hacıbəyli tərəfindən mətbuat tariximizlə bağlı müəyyən araşdırmalar aparılmış, xatirələr, icmallar yazılıb. Ceyhun bəy ilk dəfə Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə alıb. Firidun bəy Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli mətbuat tariximizin bünövrəsini, təməlini qoyublar.
C.Hacıbəylinin təxminən 100 il əvvəl topladığı, 80 il əvvəl Parisdə fransız dilində nəşr etdirdiyi "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)" kitabı ilə Azərbaycan oxucusu, elmi ictimaiyyəti yalnız 1999-cu ildə tanış olub: AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Bayram Ağayev həmin əsəri "Asiya" jurnalındakı variantına əsasən tərcümə və Kirill əlifbası ilə nəşr etdirib (Bakı, "Ozan", redaktoru prof. Məhərrəm Qasımlı, 1999, 48 səh.). Əsər bu gün də aktuallığını saxlamaqdadır və Qarabağ etnoqrafiyasını, dialekt və folklorunu öyrənmək üçün mötəbər məxəzdir. Əsər Ceyhun Hacıbəylinini 2017-ci ildə buraxılmış "Seçilmiş əsərləri"nə də daxil edilib ( Bakı, "Elm", 2017, 368 səh.)
Ceyhun Hacıbəyilinin yaradıcılığında və fəaliyyətində folklor nümunələri, izləri və elementləri bu bu qənaətə gəlməyə əsas verir ki, yazıçı-publisist həm mühairətəqədərki dövrdə maarifçilik missiyası ilə qələmə sarılanda, həm də mühacirət dövründə istiqlal mücahidi kimi sovet rejimi və kommunist ideologiyasına qarşı mübarizə aparanda bədii və publisistik əsərlərində şifahi ədəbi nümunələrdən məharətlə bəhrələnmiş, bunun sayəsində ideya və istəklərini, milli duyğu və düşüncələrini daha canlı, daha obrazlı, daha təsirli çatdırmağa müvəffəq olmuşdur; tükənməyən sevgi və qayğı ilə folklor nümunələrini toplamaqla, tədqiq və təbliğ etməklə Azərbaycan mədəni irsinin qorunmasına və tanıdılmasına böyük töhfə vermişdir; bu gün də aktuallığını itirməyən irsi ilə, eyni zamanda folklor toplayıcısı və folklorşünas kimi də tariximizdə qalmaq haqqını qazanıb.
Mühacirət illərində Münhendəki SSRİ-ni Öyrənən İnstitututla sıx əlaqə saxlayan və əməkdaşlıq edən Ceyhun Hacıbəylinin "Bərpa quruculuq işinin ümumi problemində Azərbaycanda iqtisadi vəziyyət", "İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları", "Rus demokratları bolşeviklərlə harada birləşir", "Söz və əməl","SSRİ-də ziyalılar" və digər irihəcmli məqalələri onun səriştəli, sanballı sovetoloq və politoloq olduğunu təsdiqləyir.
C.Hacıbəylinin arxivindəki sənədlər onun tarixlə bağlı araşdırmalar apardığını da söyləməyə əsas verir. Onun fondunda tarixi şəxslərə, qədim Arran dövlətinin, Bakı, Bərdə və Dərbənd şəhərlərinin, Türkiyənin, İranın, Gürcüstanın, Dağıstanın tarixinə, Rusiyanın Qafqaz siyasətinə, eləcə də Türkmənçay və Gülüstan müqavilələrinə dair əlyazmaları, qeydləri, makina yazıları Ceyhun bəyin tarixi mövzularda tədqiqatlarından xəbər verir. Fransız dilində olan həmin materiallar öz araşdırmaçılarını gözləyir.
Doğma dildən başqa rus və fransız dillərini də mükkəməl bilməsi Ceyhun Hacıbəyliyə həm hər üç dildə yazmağa, həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olmağa imkan verib. İvan Turgenevin "Pulsuzluq" komediyası (1909-cu il) ilə Azərbaycan oxucusu ilk dəfə məhz C.Hacıbəylinin tərcüməsindən tanış olmuşdur. Mühacirət dövründə Ceyhun bəyin tərcüməçilklə fəal çəşğul olduğu məlumdur. Hələ 1925-ci ildə C.Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə Parisin "Femina" teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası tamaşaya qoyulub. Bunlardan əlavə o, öz əsərlərindən bəzilərini də fransız dilinə çevirib.
Ceyhun Hacıbəylinin müxtəlif sahələrdəki araşdırmaları bu gün də aktuallığını saxlamışdır və onların dərindən öyrənilməsinə, dəyərləndirilməsinə ehtiyac var.

Abid Tahirli