Xankəndi aeroportuna uçuşlar varmı? Hadisə

Xankəndi aeroportuna uçuşlar varmı?

"Xankəndi aeroportuna uçuşlarla bağlı xəbərlər bir qədər çaşdırıcıdır. Başlıqlarında təyyarə yazırlar, mətni oxuyanda isə görürsən ki helikopterdən söhbət gedir. Helikopterlərin uçuşu üçün xüsusi icazə tələb olunmur. Bu mənada ermənilərin Xankəndinə helikopterlərlə uçuşları xüsusi bir məsələ deyil".
Bu sözləri BayMedia-ya "Qorqud" Araşdırmalar Mərkəzinin sədri, ehtiyatda olan zabit Tərlan Eyvazov ABŞ-dan gələn təyyarənin Xankəndi aeroportuna enməsi ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib.
Hərbi ekspert qeyd edib ki, Ermənistan cidd-cəhdlə Xankəndi aeroportunu açmağa çalışır: "Amma 3 ildən çoxdur ki, buna nail ola bilmirlər. Hələ o vaxt Serj Sərkisyan 9 mayda özünün İrəvan-Xankəndi təyyarəsinə bilet alan birinci sərnişin olacağını söyləmişdi. Amma Azərbaycan tərəfinin sərt xəbərdarlığı bu avantüraya imkan vermədi. Çünki təyyarələrin uçuşu üçün üçün müvafiq beynəlxalq institutların icazəsi və kodu olmalıdır. Bunu isə yalnız Azərbycanın müraciəti əsasında vermək olar. Çünki həm ərazi, həm də ərazi üstündəki hava məkanı Azərbaycana məxsusdur. Məsələn, bu gün Luqnsk və Donbas aeroportları da Ukrayna xüsusi təyinatlılarının əlindədir. Separatçılar o obyekləri almağa o qədər səy etmirlər. Çünki istənilən halda Ukraynanın icazəsi olmadan ora beynəlxalq uçuşlar olmayacaq. Amma qeyd etdiyim kimi xüsusi uçuş üçün icazə alınmayan helikopterlərin və alçaqdan uçan kiçik həcmli idman aeroplanlarının uçuşu mümkündür. İndi görünür, ermənilər də bunu təbliğ etməklə nəyəsə nail olduqlarını sübut etmək istəyirlər".

Elnur Eltürk