Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirə aparılıb.
Ə. Həsənov doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də ABŞ-ın Azərbaycandakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib. Səfirlik tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini minnətdarlıqla xatırladan Dövlət Komitəsinin sədri ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
R. Morninqstar isə rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət yetirdiyini söyləyib. O, Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.