8 rayon polis şöbəsində monitorinq keçirilib Hadisə

8 rayon polis şöbəsində monitorinq keçirilib

"İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi ölkədə fəaliyyət göstərən polis şöbələrinin müvəqqəti saxlama məntəqələrində növbəti monitorinq keçirib".
Bu barədə açıqlamasında komitə sədri Tural Hüseynov bildirib.
Onun sözlərinə görə, monitorinq bu dəfə 8 rayonda keçirilib: "Monitorinqi mən, komitənin hüquqşünası Anar Cavadov və ekspert Qartal Hüseynov keçirmişik. Monitorinq zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərində olduq. Monitorinq zamanı müvəqqəti saxlama yerlərində olan şəxslərin saxlanma şəraiti, qidalanması, rəftar, saxlanma yerinin vəziyyəti, işıqlanma, havalanma və digər zəruri məsələlərlə maraqlandıq. Saxlama məntəqələrində neqativ hala rast gəlmədik. Ümumi vəziyyət qənaətbəxşdir. Məsələn, müvəqqəti saxlama məntəqələrində istilik sistemləri normaldır, kameralar isti və təmizdir. Saxlanılan şəxslərlə fərdi söhbətlər apardıq, onların saxlanma şəraitlərindən şikayətləri olmadı".