
Binəqədidə qətl törədən şəxs gömrük xidmətində işləmir
Dövlət Gömrük Komitəsi (DGK) Binəqədidə baş verən qətl hadisənin Komitənin işçisi tərəfindən törədilməsi xəbərini təkzib edib.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər bəzi KİV-də Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində ölümlə nəticələnən silahlı insident barədə xəbər yayılıb. Xəbərdə qeyd olunub ki, qətli törədən Samur Həsənov DGK-nın mühafizəçisidir.
"Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, bu informasiya həqiqətə uyğun deyil, gömrük xidməti sıralarında ümumiyyətlə Samur Həsənov adlı şəxs işləmir", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, iyulun 12-də Biləcəri qəsəbəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), 1977-ci il təvəllüdlü qardaşı Şəhriyar isə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Fərid Həsənov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.