Nanotexnologiyalara dair müzakirələr aparılıb Hadisə

Nanotexnologiyalara dair müzakirələr aparılıb

Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib. İnstitutdan bildirilib ki, iclasda nanotexnologiyalara dair müzakirələr aparılıb. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, FRTEB-in akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, büro üzvləri və aidiyyəti əməkdaşlar iştirak ediblər.
İclası akademik N.Məmmədov açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. Bildirib ki, tədbir "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər" proqramına dair AMEA Rəyasət Heyətinin 2018-ci il 3 oktyabr tarixli qərarının FRTEB-ə aid bəndlərinin icrası ilə əlaqədar görülən işlərin müzakirəsinə həsr olunub. Fizika İnstitutunun innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, aparıcı elmi işçiləri, fizika-riyaziyyat elmləri doktorları - Rasim Cabbarov və Elçin Cəfərov, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bu sahədə aparılan işlər barədə məruzə ediblər.
Müzakirələrdə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Şixəmir Eminov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra qərarın FRTEB-ə aid bəndlərinə müvafiq dəyişikliklər edilib.